Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
17:27 13 Aprel 2018
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin bütün dostlarınız və tərəfdaşlarınız bu qələbəni gözləyirdilər. Azərbaycan vətəndaşları tərəqqi, rifah və sabitlik ümidlərini bu qələbə ilə bağlayırlar. Seçiciləriniz həm qəlbin, həm də sağlam düşüncənin səsini dinləyərək seçim etdilər.

Güclü, savadlı, müasir, öz qərarlarında inamlı olan rəhbər hər zaman soydaşlarının və beynəlxalq tərəfdaşlarının ehtiramını qazanır.

Hörmətli İlham Heydər oğlu, Siz həm sadə insanların, həm siyasi elitanın, həm də işgüzar dairələrin ötən çətin illərdə ölkəyə rəhbərlik etmək sahəsində qazandığınız nailiyyətləri layiqincə dəyərləndirməsinə müvəffəq oldunuz.

Dünya siyasətinin burulğanında siyasi mətinliyi qoruyub saxlamağın, qlobal qeyri-sabitlik şəraitində milli maraqlar kursunu davam etdirməyin nə qədər çətin, maliyyə sabitliyi və iqtisadi inkişaf üçün yeni vasitələr axtarıb tapmağın nə qədər vacib olduğunu Azərbaycan xalqı yaxşı dərk edir.

İnanıram ki, ölkənizin daha parlaq gələcəyi naminə konkret planlarınız tükənməzdir. Bu planları həyata keçirmək üçün maksimum səy göstərəcəyinizə əminəm.

Həm öz adımdan, həm də Sizin MDBMİ-dən olan yoldaşlarınız adından Sizə dost Azərbaycanın Prezidenti vəzifəsində cansağlığı, tükənməz enerji və davamlı uğurlar diləyirəm".

X X X

"Russneft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Prezident seçkilərində qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə Sizin inamlı qələbəniz Azərbaycanın inkişafına, respublika vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı sosial proqramların uğurla həyata keçirilməsinə verdiyiniz böyük töhfəni təsdiq etdi.

Siz bütün enerjinizi respublikanın sosial-iqtisadi inkişafına sərf edirsiniz. Azərbaycanın inkişaf yolu Sizin adınızla bağlıdır.

Sizin həyatınız Vətənə və öz vəzifəsinə xidmət nümunəsidir.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və firavanlıq arzu edirəm".

X X X

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından ən səmimi təbriklərimi və arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyi qeyd olundu. İordaniya Haşimilər Krallığı Azərbaycanla tarixi köklərə bağlanan dostluq münasibətlərini, Sizin müdrik rəhbərliyiniz ilə bu əlaqələri xalqlarımızın ümumi maraqlarına və İslam ümmətinin ortaq dəyələrinə xidmət etmək üçün əsas amalımız olan regional və qlobal sülhə, təhlükəsizliyə və sabitliyə nail olmaq istiqamətində inkişaf etdirməyi bir daha bəyan edir.

Zati-aliləri, Sizə uğurlarınızın davamlı olmasını, dost Azərbaycan xalqına isə bundan sonra da firavanlıq və rifah şəraitində yaşamağı arzulayıram".

X X X

Macarıstanın Baş naziri Viktor Orbandan:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm.

Biz müstəqil Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada iqtisadi inkişafla bağlı əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk.

Macarıstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir. Məmnuniyyətlə demək istəyirəm ki, ötən illər ərzində ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə nail olmuşuq. Əmin ola bilərsiniz ki, Macarıstan hökuməti ölkələrimiz arasında mövcud olan hərtərəfli və qarşılılıqlı faydalı əməkdaşlığımızın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".

X X X

Belarusun "Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırovdan:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi Belarusun "Azərbaycan İcmaları Konqresi", Belarusda yaşayan bütün azərbaycanlılar adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edim.

Sizin uğurlu qələbəniz xalqımızın Sizə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasətini müvəffəqiyyətlə davam etdirməyinizə etibar və inamın bariz nümunəsidir.

Sizin rəhbərliyiniz ilə aparılan fəaliyyət nəticəsində Vətənimizin sözün əsl mənasında çiçəklənməsinin templəri təkcə Azərbaycan diasporunu deyil, bütün dünyanı valeh edir.

Fürsətdən istifadə edərək, bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm cənab Prezident, Sizi əmin etmək istəyirik ki, biz həmişə Sizin tərəfinizdə olacaq, bütün fəaliyyətinizi dəstəkləyərək, xalqımızı xaricdə layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik".

X X X

Şanxay Əməkdaşlıq Təşkilatının baş katib Rəşid Əlimovdan:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Seçkilərin nəticəsi Sizin daxili və xarici siyasətinizə Azərbaycan xalqının böyük hörmətini, etimadını və onu hərtərəfli dəstəklədiyini sübut edir. Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi yolunda durmadan və dinamik şəkildə irəliləyir, dünya arenasında fəal mövqe tutur.

İcazə verin, fürsətdən istifadə edib Sizə Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə marağınıza və diqqətinizə görə səmimi minnətdarlığımı bildirim. Əminəm ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın qarşılıqlı maraq doğuran istiqamətlərdə dialoq üzrə tərəfdaşlar kimi əlaqələri Avrasiya məkanında sülh, sabitlik və birgə inkişaf naminə səmərəli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.

Azərbaycan Respublikasının Prezidenti kimi ali dövləti vəzifənizdə quruculuq niyyətlərinizin reallaşmasında Sizə böyük uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulamaqdan, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləməkdən çox məmnunam".

X X X

Kalmık müftisi Sultanəhməd Karalayevdən:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Kalmık Respublikası Müsəlmanları Dini İdarəsi adından və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçkilərdəki qələbəniz vətəndaşların rifahının yüksəldilməsinə və beynəlxalq arenada ölkənizin nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş siyasətinizi Azərbaycan xalqının tam dəstəklədiyinə sübutdur.

Bu məsul vəzifədə nəzərdə tutduğunuz bütün planların səmərəli və müvəffəqiyyətlə həyata keçirilməsi yolunda Sizə yeni-yeni uğurlar diləyirəm.

Allah-Təala Sizə, ölkənizə və xalqınıza tərəqqi, səadət və rifah nəsib etsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/642066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR