Azərbaycandan ÇAĞIRIŞ - ATƏT-in seçki missiyası ictimaiyyətə cavab versin

Azərbaycandan ÇAĞIRIŞ - ATƏT-in seçki missiyası ictimaiyyətə cavab versin
14:47 14 Aprel 2018
117 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bir neçə gün öncə, 2018-cil aprelin 11-də ölkəmizdə prezident seçkisi keçirildi və Azərbaycan xalqı cənab Prezident İlham Əliyevə yenidən etimad göstərdi. Xalqımız seçkilərə bayram əhval-ruhiyyəsi ilə qatıldı, Azərbaycanın gələcəyinə, sabitliyinə  səs verdi. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqa birliyini qəbul edə bilmir, güclü Azərbaycan onları çox narahat edir".

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Fuad Muradov bildirib.


Onun sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) və digər beynəlxalq müşahidəçilərin aprelin 12-də, seçkidən bir gün sonra seçki ilə bağlı rəyləri bu qərəzli yanaşmanı bir daha ortaya qoydu: "Bu qüvvələrin belə münasibəti bizdə ancaq təəssüf hissi doğurur. Bu, ölkəmizə qarşı bir təxribatdır və heç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək. Xalq bunu yaxşı anlayır və belə qara qüvvələrə qarşı birləşib. Hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyi onlara qarşı daha sərt mövqe göstərməlidir".

F.Muradov qeyd edib ki, Azərbaycan dünyaya açıq dövlətdir və istər beynəlxalq təşkilatlar olsun, istərsə də ayrı-ayrı ölkələr, onların hər biri ilə əməkdaşlıqda maraqlıdır: "Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi. Bu missiyanın seçkiləri öyrənmək, seçki günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi. Çox təəssüf ki, onlar nəinki obyektiv mövqe nümayiş etdirdilər, əksinə imitasiya ilə məşğul oldular. Belə yanaşma ilə bütövlükdə xalqımızın seçiminə, düşüncəsinə, iradəsinə qarşı çıxdılar".

"ATƏT nümayəndələri şablonla gəlmiş, rəyi seçkidən əvvəl hazırlamışdılar"

Komitə sədri fikirlərini belə əsaslandırıb: Diqqəti onların qərəzli bəyanatlarındakı bir neçə məqama çəkmək istəyirəm. Birinci, qeyd edirlər ki, gələcəkdə Azərbaycan dövləti, Azərbaycan parlamenti ilə əməkdaşlıq edəcəklər. Özləri də bilmədən 2015-ci il parlament seçkilərində səsləndirdikləri bəyanatı təkrarladılar. Məntiqlə yanaşdıqda, prezident seçkiləri ilə parlament seçkiləri tamam fərqli məsələlərdir və bununla özlərini ifşa etdilər.

Görünür, missiyanın üzvləri seçkilərdə müşahidəçi kimi iştirak etmək əvəzinə, turistliyə üstünlük veriblər. Çünki vermiş olduqları bəyanat bu adamların seçkilərdən tam məlumatsız olduqlarını göstərdi.

İkincisi, onların başqa bir iradı digər namizədlərin hakimiyyətin namizədini müdafiə etməsi ilə bağlıdır. Axı Mərkəzi Seçki Komissiyası hansısa namizədi qeydə alarkən onlardan soruşmur ki, sənin mövqeyin necə olacaq. Bunların bu yanaşması gülməli, gülməli olduğu qədər də ağlamalıdır.

"Bunlar 25 ildir hər bir seçkimizə mız qoyurlar"

Üçüncüsü, bəyan edirlər ki, guya əsl müxalifətin namizədi seçkidə iştirak etməyib. Qanunvericiliyə uyğun olaraq, hər bir Azərbaycan vətəndaşı seçkilərdə namizədliyini irəli sürə bilər. Burada kiməsə qadağa qoyulmayıb. Onlardan kimsə xahiş etməli idi ki, seçkidə öz namizədləri ilə iştirak etsinlər?! Bu, bizim işimiz deyil. Görünür, bu bəyanatı verənlər öz missiyaları ilə bizim fəaliyyəti qarışdırırlar. Müxalifət adlandırdıqları qüvvələrə "seçkilərə qatılmayın" dedikləri kimi, "seçkilərə qatılan"ı da özləri deməlidirlər. Bu da müəyyən qara məqamlardan, sövdələşmələrdən  xəbər verir".

Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar xalqımıza qarşı təxribatdır. Ona görə də Milli Məclisin Gənclər və İdman Komitəsi adından çağırış edirik ki, ATƏT-in Seçki Müşahidə Missiyası bu qərəzli bəyanatla bağlı mətbuat konfransı keçirsin və Azərbaycan ictimaiyyətinə cavab versin".

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/642321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR