"Nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır" - Dövlət başçısı

"Nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır" - Dövlət başçısı
14:44 18 Aprel 2018
54 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 ildə bir sıra mötəbər təşkilatlar tərəfindən münaqişə ilə bağlı  bizim təklifi qəbul edilərək, önəmli qətnamələr qəbul edilib. Bu qətnamələrdə göstərilib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".
 
 
 
APA-nın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.
 
 
 
Münaqişənin həlli ilə bağlı hüquqi bazanın mövcud olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, Azərbaycan son 15 ildə Ermənistanın işğalçı siyasətini ifşa edib, Azərbaycanın səyləri nəticəsində Ermənistan bır çox regional layihədən təcrid olunub: "BMT Təhlükəsizlik Şurasının qətnamələri bu münaqişənin həlli üçün əsas hüquqi bazadır və biz haqlı olduğumuzu dünyaya bir daha sübut edə bilmişik. Erməni lobbi təşkilatları Azərbaycana qarşı kampaniyalar aparsa da, bu, beynəlxalq qərarlara təsir edə bilmədi.  Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma Dağlıq Qarabağı heç kim tanımır və tanımayacaq. Orda keçirilən referendumu qonşu ölkələr və beynəlxalq təşkilatlar pislədi. Biz dünya birliyinə onu da çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır. Bunu təsdiqləyən sübutlar var. Biz bir neçə deportasiyaya məruz qalmışıq və bunu dünyaya çatdırmalıyıq.
 
 
 
Hazırda apardığımız siyasəti davam etdirəcəyik və istəyimizə nail olacaq. Bu münaqişə yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan vermərik ki, ikinci qondarma erməni dövləti yaradılsın. Münaqişənin həlli ilə bağlı bizim prinsipal mövqeyimiz Azərbaycan xalqı tərəfindən də dəstəklənir. Gələcək illərdə gücümüz daha da artacaq".
 
 
 
İlham Əliyev qeyd edib ki, bir çox halda beynəlxalq hüquq normaları işləmir, kim güclüdürsə, o haqlı olur: "Bunu yaxşı bilirik. Artıq güc amili önəm qazanıb. Bu reallıqdır və biz reallıqla hesablaşmalıyıq. Bu, bir daha göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir".
 
***
 
İlham Əliyev onu da bildirib ki, bəzi hallarda bizi tənqid edirdilər ki, ordu quruculuğu ilə bağlı niyə bu qədər vəsait xərcləyirsiniz:
 
"Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, onu da biz təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, bizim böyük qələbəmizdir. Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi. Biz minlərlə hektar torpağa nəzarət edirik, bu torpaqlara həyat qayıdır. Bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır. Bu torpaqlarda yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.  
 
Prezident İlham Əliyev bildirib ki, Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib: “Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, ruhlandırır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR