“Ermənistanda hakimiyyətdə kimin olmasından asılı
olmayaraq Azərbaycan öz torpaqlarını geri qaytararaq, sərhədlərini
bərpa edəcək”
Bunu “ATV Xəbər”-ə açıqlamasında Prezident Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
Ermənistanda baş verən son hadisələrə münasibət bildirən PA
rəhbərinin sözlərinə görə, ermənilərin uzaq planları var: “Bu plan
ondan ibarətdir ki, onlar böyük dövlət yaratmaq istəyirlər. Bu
dövlət dənizdən dənizə bir ideyadır. Çox səhv ideyadır. Buna heç
vaxt nail ola bilməyəcəklər. Belə bir ideya ilə yaşayırlar. Bu
ideyanın başında kilsə dayanıb. Bu gün Serj Sarkisan, sabah bir
başqasıdır. Yəni onların bu ideyası var. Əsas məqsəd ondan
ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli
olmalıdır. Möhkəm olmalı və bütün bu səylərin qarşısını
almalıdır”.
PA rəhbəri daha sonra qeyd edib: “Biz istəyirik ki, məsələni
diplomatik, danışıqlar yolu ilə həll edək. Çünki müharibə
istər-istəməz insan tələfatı ilə nəticələnir. Azərbaycan 15 ildə
çox geniş inkişaf edib, çox böyük nəaliyyətlərə çatıb. Bu, cənab
prezidentin fəaliyyəti, cənab prezidentin həyata keçirdiyi siyasət
nəticəsində mümkün olub. Azərbaycan bu gün dünyada tanınır. Bu,
cənab prezidentin səyləri nəticəsində olan məsələdir. Cənab
prezidentin də məqsədi ondan ibarətdir ki, danışıq yolu ilə,
diplomatik yolla bu məsələni həll edək. Lakin bu baş tutmasa,
istər-istəməz bizim başqa olumuz yoxdur. Biz sərhədlərimizi bərpa
etməliyik. İstər-istəməz məcburuq müharibə yolu ilə məsələlərimizi
həll edək”. (azvision.az)