1960-70-cı illərin ağısı

1960-70-cı illərin ağısı
10:04 25 Aprel 2018
56 Digər
Ölkə mətbuatı
A- A+

 

Mənim illər içində yazığım ən çox 1960-70-ci illərə gəlir. Bu illəri düşünəndə üşüyürəm. Düzdü, 60-cı illərdə uşaq olmuşam, sonunda məktəbli, 70-ci ilərin axırında isə  universitet tələbəsi oldum. Gərək bu illəri mən çox sevəydim. 60-cı illərdə ümumi sovet ədəbi məkanında olduğu kimi, Azərbaycan ədəbiyyatında bir dönüş nöqtəsi yarandı və 70-ci illərdə  özünün ən yüksək inkişaf  mərhələsinə çatdı. Bu illərdə Azərbaycanda yeni zavodlar, fabriklər tikildi, yollar çəkildi. Gərək mən bu illəri sevəydim. Əslində, xoşbəxt illər idi o illər. Əvvəllər bu illərin ağrı-acısı yadıma düşməzdi. Ən çox  yuxarıda dediyim kimi, əsas xüsusiyyətlərinə görə yadımda qalırdı. Texniki tərəfdən rəqəmlərin gizli bir dili vardı və mən o dili yaxşı başa düşürdüm. Bu, gələcək 60 və 70 yaşımla bağlı arzular idi. Əsas da o illərə çata bilməməyim haqqında ürəyimdə bir xof yaşayırdı.  Elə bilirdim, o  yaşları  adlasam, daha heç bir problemim olmayacaq. Bu arzuya görə də illər mənə əziz idi. Əli Kərimin 60 yaşı, Anarın  70 yaşı... Bu yubileylər  illərə yeni bir çalar verməkdə idi. 70 ilin  bir çaları daha qabarıq görsəndi. Süleyman Rüstəmin 70 yaşı olanda yazdığı şeir hələ də yadımdadı. 7-nin yanından 0-ı pozun. Gərək bu illəri mən çox  sevəydim. Kədərlənməyəydim heç.

 

Lap uşaqlıqdan sonu 0–la bitən rəqəmləri çox sevirəm. Son vaxtlar dərk elədiyim  bir fikir məhz 60-70-ci illəri  gözümdə yazıqlaşdırdı.  0-lara yaman  ağladım.  6-nı ayaq üstə  duran  cavan bir oğlana bənzədərdim. Onun başı 0 -(sıfır) sevgilisinin yanında boynu niyə bükülüdü? Anlayırdım ki, o, sevgilisinə təzim edir. Bəs 7 rəqəmi? Niyə arxasını  “0” sevgilisinə çevirib? Deyəsən, çıxıb getmək istəyir yanından. 7 rəqəmi 60-dan 70-ə gələnə kimi nə tez yoruldu? O, 0(sıfırdan)-dan bezdimi? Görəsən o, bu tamlığı niyə pozur?

 

Rəqəmlər bədii sözə çox yaxındı. Özündə çox sirli mənaları ehtiva edir. Demək il-ilə, rəqəm-rəqəmə qənim kəsilə bilərmiş. İl-ildən elə qisas alır ki, ona tay olan ikinci bir qisas yoxdur. Əslində, illərin günahı yox. Günah  başqasınındı, amma əsas səbəb  onların üstə bərqərar olur.

 

Hansı rayona gedirəmsə, hansı kəndə üz tuturamsa, şəhid qəbirstanlığına baxıram.  O rayon, o kənd yoxdur ki, onun şəhid məzarlığı olmasın. Baş daşlarına bağlanmış qırmızı yaylıqlar elə yellənir ki, sanki adamı çağırır: “Ey gendən gedən adam,  bir an ayaq saxla, orda -  Qarabağda  bizimiz qanımız qalıb, onu yerdə qoymayın”. Baş daşlarında şəkillər adama elə  baxır, elə baxır ki, az qala  adamı  tutub saxlasın. Sanki hər biri deyir: “Mənə çox bax... mən darıxıram”. Elə bil, qəbirstanlığa sual verilib: “Kim yaşamaq istəyir?” Hamısı əlini qaldırıb. Elə ki qəbirtsanlıqdan çxırsan, başdaşları arxanca elə boylanır, az qala, yenidən qayıdasan.

 

Günlərin bir günü şəhidlərin doğum tarixlərinə baxdım. Çox təsirləndim. Həmişə baxırdım, amma  bu dəfə beynimə düşən fikir məni arxasınca çəkdi. Şəhidlərin doğum tarixlərinin əksəriyyəti 60-70-ci illər idi. 60-cı illəri birinci növbədə Əfqanistanda güllələmişdilər. Sonra isə Qarabağda.  60-70-ci illəri  Qarabağda 90-cı illər (şərti mənada) məhv eləmişdi. Utandığından  burada 6  başı aşağı düşüb (9).  Bu qırğının əvvəli 20 yanvardan başladı, sonu da ki, hələ gedir.  Ötən əsrin 20-ci illərini 1940-cı illər məhv elədi.

 

İndi mən hər dəfə kəndə gedəndə (hər yerdə belədir) baxıram ki, 60-70-ci illərdə doğulan oğlanlar çox azdı. Çoxu şəhid olub. Ona görə də  mən 60-70-ci illərin ağır taleyini kədərlə düşünürəm. Bu illərdə doğulan qızlar kənddə çoxluq təşkil edir. Ərə getmək vaxtları keçib. Mən bu illəri ağlamaq istəyirəm.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR