ARB TV-nin “Rezonans” verilişində bu dəfə Bəxtiyar
Cəfərovun həbsxana hekayələrindən bəhs olunub.
Bəxtiyar Cəfərov (ömürlük həbs): “Mingəçevirdə doğulmuşam. Rusiyada
yaşayırdım. Qarabağ döyüşləri zamanı silah alıb evə qoymuşdum ki,
özümü, ailəmi qoruyum. Evimi axtarıb silahı tapdılar və mənim
azərbaycanlıları silahlandırdığım damğasıyla həbs etdilər. 2 il
həbs cəzası aldım. Ust-Kut şəhərinin rəisinin qızını oğurlamaq
böhtanı ilə məni yenidən həbsə atdılar. Bu dəfə 9 il iş verdilər. O
cəzanın il yarımını çəkib, girovla azadlığa çıxdım. Bundan sonra
vətənimə qayıtdım. Qonşuluqda ana-bala ailə yaşayır. Bunu deyən
dostum demişdi ki, orada qızıl-pul var. Mən də getməmişdən öncə
maraqlandım, dostum dedi ki, balası evdə olmayanda anasına
hədə-qorxu gəlib almaq olar. Getdim onlara və hər ikisi evdə idi.
Özüm o hadisədə şikəst qaldım. Barmaqlarımın 4-ü kəsildi, 2-si
sağaldı, 2-si şikəst qaldı. Özüm 3 bıçaq yarası aldım, onları isə
çoxsaylı bıçaq zərbələri ilə öldürdüm. Güllə qorxusunda, ölüm
anında olan insan Allaha daha yaxın olur. Mən tövbə edib ibadətə
başladım. Hiss elədim ki, o vaxtkı mən, məndən uzaqlaşdı. Ölüm
hökmünə layiq görüldüm, amma o da ömürlük həbslə əvəzləndi. 10
fevral 1998-ci ili artıq mən ad günü kimi qeyd edirəm. Ölüm
hökmünün ləğv olduğu gün mənim doğum günümdür. 3 il qorxu içində
güllələnməyimi gözlədim. 23 ildir ki, həbsxanadayam. Nə gələnim
var, nə gedənim. Bir gün azadlıqda olmaq üçün yerdə qalan ömrümü
fəda edərdim. Qohumlarım zəngimə belə cavab vermir. Ailəm
Rusiyadadır, elə bilirlər ölmüşəm. Bəlkə bu verilişə baxıb
gördülər. Onlardan səsimə səs vermələrini rica edirəm”.