Kosmosdan gələn səsin sirri

“Yadplanetlilərin varlığına dair ən böyük sübutunuz nədir?” deyə soruşsanız, insanların əksəriyyəti piramidalar, UNO-lar və ya qeyri-müəyyən qaçırma hadisələri barədə danışacaqlar. Lakin elm adamlarına eyni sualı versəniz, cavabları “Wow!” siqnalı olacaq. Bəs bu “Wow!” siqnalı nədir?

1977-ci ilin avqust ayında Cerri Ehman Ohio Universitetinin “Big Ear” teleskopundan gələn məlumatları nəzərdən keçirirdi. Həmin dövrdə kompüterlər məlumatları yoxlaya bilmədiyi üçün bu işi könüllü şəxslər həyata keçirirdilər. Ehman avqustun 15-i saat 22:16-da təəccüblənir və kağızda yazılan 6EQUJ5 hissəsinin qarşısına qırmızı qələmlə “Wow!” yazır. Bundan sonra həmin siqnal bu ifadəylə yadda qalır.

Bəs Ehmanı bu qədər həyəcanlandıran məsələ nə idi?

1959-cu ildə iki fizik Filip Morrison və Cuzeppe Kokkoni texnologiya baxımından bizdən daha çox inkişaf etmiş uzaq yadplanetli irqinin bizimlə necə ünsiyyət quracağı haqqında düşünməyə başlayıblar. Və bu məsələ ilə bağlı məqalə yazıblar. Birincisi, onların fikrincə, az enerji lazım olduğu üçün və kainatın uzaq yerlərinə çata bildiyi üçün ən uyğun seçim radio dalğaları idi. İkincisi, sözügedən radio dalğaları atmosferdən keçə biləcək tezlikdə olmalı idi ki, planetlərdəki alıcılar tərəfindən yaxalansın. Üçüncüsü, bu radio dalğalarının tezliyi kosmosdakı səs-küydən fərqli olmalı idi. Bu cür olmasa, tezliyi yaxalayanlar onun süni olduğunu anlaya bilməzdilər.

Morrison və Kokkoninin sözlərinə görə, ən uyğun seçim kainatda çox görülən atom olan hidrogenin tezliyi 1,42 GHz idi və yadplanetlilərin dili nə olsa da, bu siqnalı ayırd edə biləcəkdilər.

Siqnalın qəribə tərəfləri

Ehmanın “Wow!” deyə işarələdiyi hissə 1,42 GHz idi və özündə Morrison və Kokkoninin yazdığı xüsusiyyətləri ehtiva edirdi. Siqnalın adi səs-küy olmaq ehtimalı yox idi, çünki kosmosdan gələn dalğalardan 30 dəfə daha güclü idi. “Big Ear” teleskopu aktiv olduğu müddətdə belə siqnal yaxalaya bilməyib. Siqnalı göndərənlər yadplanetlilərdirsə, deməli, bizdən olduqca irəlidədirlər. Çünki sözügedən siqnal Yer üzərində mövcud olmayan 2.2 qiqavattlıq ötürücü ilə göndərilib.

“Big Ear” teleskopu 1977-ci ildə sabit olduğu üçün səmanı Yerin fırlanmasına uyğun araşdırırdı. Buna görə də 24 saat ərzində bir nöqtə teleskopun mənzilində sadəcə, 72 saniyə qala bilirdi. “Wow!” siqnalı teleskop tərəfindən 72 saniyə ərzində eşidilib, lakin növbəti gün siqnaldan əsər-əlamət qalmayıb.

Bu sirli “Wow!” siqnalının mənbəyi nə idi? Əlimizdə sadəcə, bir cavab var. O da bizdən daha ağıllı canlılar. Bundan başqa ağlabatan izah verilməyib. Teleskopdan gələn məlumatlara görə, siqnalın mənbəyi sabit idi. Yəni gəmi və ya təyyarə ola bilməzdi. Hər hansı planetdən və ya meteoritdən əks olunan dalğa da deyildi. Çünki heç birinin vəziyyəti buna uyğun deyildi. Qravitasiya kimi ekzotik hadisələrə gələn şərhlər də müxtəlif texniki səbəblərə görə uğursuz adlandırıldı.

Bəs bu siqnal kosmosda başqa həyatlar olduğuna işarədirmi? Bu suala “hə” demək üçün çox tezdir. Sadəcə bu siqnal belə bir çıxış etmək üçün kifayət qədər güclü dəlil deyil.

Hər bir halda siqnalın qaynağını heç vaxt öyrənməmək ehtimalına da hazır olmaq lazımdır.

Nərgiz Nənə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR