DİQQƏT! Kreditlə avtomobil alarkən bu şəxslərə aldanmayın - Yeganə sənəd - "KİŞİLİK" / VİDEO+FOTO

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumunun 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artması avtomobil bazarında qiymətlərin yüksəlməsinə səbəb oldu. Beləcə, maşın alqı-satqısında kredit üsuluna üstünlük verənlər çoxaldı. İlkin ödəniş etməklə avtomobil sahibi olmağın mümkünlüyü bəziləri üçün asan qazanc mənbəyinə çevrildi.

Bakının Badamdar qəsəbəsində yerləşən maşın bazarındakı bəzi dəllallar məhz bu üsulla yüngül qazanc əldə edir. Necə? Bax, maraqlı məqam da buradadır…

Demək, kimsə il ərzində zorla artırıb yığdığı pul 1000, yaxud 2000 manatla, Badamdardakı maşın bazarına gedir ki, istədiyi olmasa da, cibinə uyğun avtomobil üçün ilkin ödəniş edib ala bilsin və bu insanlar kütləvi şəkildə aldadılır…

Dəllallar onlara maşını əl ilə yazılmış, heç bir hüquqi əsası olmayan, qondarma bir sənədlə satır. Üstəlik, qondarma müqaviləni yazanın mütəxəssis olmadığı sənədin tərtibatından da məlumdur və avtomobil üçün etibarnamə yalnız sürməyə verilir.

Bir müddət sonra avtomobilin hüquqi sahibi, yəni maşın kimin adınadırsa, o, meydana çıxır. O, ya maşınının oğurlandığına dair məlumat verir, ya da qısamüddətli etibarnamənin müddəti bitdiyi üçün maşınını geri almaq istədiyini bildirir. Təbii ki, qanunvericiliyə əsaslanaraq maşın öz sahibinə qaytarılır.

Bu cür hadisələrin birini araşdırmaq üçün biz də Badamdardakı maşın bazarına yollandıq. Bizi olduqca iri cüssəyə malik bir nəfər qarşıladı. Ona satdığı avtomobil üçün hüquqi sənəd almaq məqsədilə gəldiyimizi dedim. Verdiyi cavabdan həm təəccübləndim, həm də təəssüfləndim.

“Biz kişiyik! Əsas kişilikdi! Ağzımızdan söz çıxıb!”- dedi. Alqı-satqı prosesində hüquqi sənədin vacibliyini izah etməyə çalışsam da, mənə fikrimi izah etməyə imkan vermədi. Elə hey bir ucdan kişilikdən dəm vurdu. Bəlliydi ki, aldatmaq istədiyi digər insanların yanında əməlinin ifşa olunmasını istəmirdi.

Videoya baxaq:


Dəllalla sözümüzün düz gəlmədiyini görüb yol aldıq “ofisimiz” dediyi ünvana: Əhmədli qəsəbəsinə. Ofisdəkilərin söhbətindən belə məlum oldu ki, “işin başqanı” Vüsal adlı bir nəfərdir. Ofisdə olmayanda ona zəng etmək qəti qadağandır. Məcbur olub Vüsalı gözlədik. Nəhayət, gəldi, məsələdən hali olanda bircə cümlə dedi: “Notariusla iş görmürük, biz kişiyik, vəssalam!”

Videoya baxaq:


Danışıqlarından mafiya ədası yağanlar yalnız jurnalist olduğumu biləndən sonra bizimlə eyni dünyanın adamları olduqlarını xatırladılar. Guya maşın satdıqları alıcıya ilkin ödəniş kimi verdiyi 900 AZN-dan 800-nü qaytardılar. Avtomobilə çəkilən əlavə 150 AZN xərci və behin 100 AZN-ni isə qaytarmadılar. Səbəb kimi də aldatdıqları adamın maşını 15 gün sürdüyünü göstərdilər.

Məsələni bir jurnalist kimi işıqlandıracağımı deyəndə mənə hədə-qorxu gəlməkdən də çəkinmədilər.

Məsələnin hüquqi tərəfləri barədə Metbuat.az saytına verdiyi açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov məlumat verdi. O, bildirdi ki:


- Nəqliyyat vasitəsini satan adam öz adına olan qeydiyyat şəhadətnaməsinə malik olmalıdır. Yaxud da, satmağa sərəncam vermək icazəsinin olduğunu təsdiqləyən digər sənəd - yəni etibarnamə olmalıdır. Alqı-satqı proseduru ya notariat kontorunda, ya da Baş Dövlət Yol Polisi İdarəsinin nəzdində yerləşən qeydiyyat idarəsində rəsmiləşdirilməlidir. Təqdim etdiyiniz kağızı tərəflər arasında bağlanmış müqavilə adlandırmaq olmaz. Ümumiyyətlə, Azərbaycanda bu cür hallar tez-tez baş verir. Təbii ki, müvafiq qurumlar bunlarla mübarizə də aparırlar. Çox zaman insanlar bu cür dələduzların qurbanları olur. Nəqliyyat vasitəsinin əsas sahibi kimdirsə, yəni, qeydiyyat şəhadətnaməsi kimin adınadırsa, dəllallar onunla qeyri-rəsmi olaraq razılığa girirlər. Mən bunu praktikaya əsaslanıb deyirəm. Gözümüzün qarşısında belə işlər olub, hazırda da var. Nəqliyyat vasitəsinin sahibi ilə gizli anlaşmaya girib, nəqliyyat vasitəsini əsassız sənədlə başqa bir şəxsə satırlar. Ondan müəyyən məbləğ alırlar. Bir neçə aydan, hətta, bir neçə gündən sonra nəqliyyat vasitəsinin sahibi verilmiş bütün etibarnamələri notariat kontorunda ləğv edir. Sonra polisə müraciət edir və nəqliyyat vasitəsinin qanunsuz olaraq qaçırıldığını, ondan götürüldüyünü və yaxud kiməsə etibar etdiyini, həmin nəqliyyat vasitəsinin həmin şəxs tərəfindən qaytarılmadığını bildirir. Polis də həmin nəqliyyat vasitəsinin saxlanılması barədə göstəriş verir. Həmin nəqliyyat vasitəsini idarə edən, hansı ki, onu rəsmi olaraq aldığını düşünən şəxs də bütün bunlardan məlumatsızdır. Polis onu saxlayır. Nəqliyyat vasitəsini qoyurlar dayanacağa. Şəxs də baxır ki, artıq aldanıb. Həmin şəxslər də yoxdur. Çox vaxt həmin şəxslər müvəqqəti bir yer götürürlər, insanlara göstərsinlər ki, onlar burada fəaliyyət göstərirlər. Əslində, onların bir nümayəndəsi də maşın bazarlarında fəaliyyət göstərir. Qurbanlar axtarırlar. Qeyd edim ki, həmin şəxslərin niyyətləri konkret olaraq dələduzluqdur. Qanunvericilikdə bu cür şəxslərin əməlləri dələduzluq hesab olunur. Nəqliyyat vasitəsi əgər kreditlə verilirsə, satan adamın kredit vasitəsilə alqı-satqı aparmağa xüsusi icazəsi olmalıdır. Ya bank, ya da bank olmayan kredit təşkilatı olmalıdır. Əgər bunlar yoxdursa, nəqliyyat vasitəsinin alqı-satqısı Baş Dövlət Yol Polisi İdarəsində həyata keçirilməlidir. Bu adamlar qanunla tanınan vasitələrin heç birindən istifadə etməyiblər. Sadəcə, öz aralarında - şəxslər arasında alqı-satqı edirlər. Çünki hansısa quruma getsələr, ortada rəsmiyyət olmalıdır. Rəsmi olaraq tərəflərin arasında münasibət yaranacaq. Rəsmiyyət olmasın deyə onlar bu yollara əl atırlar.”

Bahadur Seyidov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR