Bayılda son sürüşmədən sonra 16 mərtəbəli binada da çatlar yarandı

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Bakının Səbael rayonunun bir necə gün əvvəl sürüşmənin baş verdiyi ərazisində - Buxta 9 küçəsində müşahidələr apararkən onunla eyni geoloji zonada yerləşən 16 mərtəbəli binada da artıq çatların yarandığını aşkarlayıb.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sitarə Tarixazər məlumat verib.

Onun sözlərinə görə, Bayıl yamacında - “Buxta 9” ünvanında yerləşən yaşayış binalarında sürüşmə-çökmə prosesləri mayın 3-də başlayıb, mayın 14-15-də isə proses artıq fəallaşıb. Nəticədə 3-4 bina tamamilə dağılıb, 20 bina isə təhlükə zonasında yerləşir:

"Monitorinq zamanı müşahidə etdik ki, artıq İbrahim Məmmədov, 2-A küçəsində yerləşən 16 mərtəbəli binada da çatlar yaranıb. Sakinlərin də bizə verdiyi məlumata görə, bu çatları son 2 gün ərzində müşahidə ediblər. Bizim fikrimizcə, binada çatların yaranmasına səbəb yuxarı hissədə yerləşən yaşayış evlərinin kanalizasiya sistemlərinin köhnəlməsi və bunun nəticəsində həmin suların sızaraq aşağı hissədə toplanması və sonda çökmə təhlükəsi yaratmasıdır. Aidiyyəti təşkilatlar bütün səbəbləri araşdıraraq kompleks tədbirlər planı hazırlamalıdırlar".

S.Tarixazər qeyd edib ki, son illər Bakıda, xüsusilə Bayıl yamacında ərazidə tikinti işləri aparılan zaman geoloji-geomorfoloji, mühəndis-geoloji, hidrogeoloji və digər xüsusiyyətlər nəzərə alınmır. Nəticədə isə bir müddətdən sonra sürüşmələr yaranır, tikililərdə çatlar və çökmə kimi hallar baş verir.

Alim qeyd edib ki, tikinti işləri aparılan zaman aktiv sürüşmə zonaları nəzərə alınmalı, monitorinq keçirilməlidir. Sürüşmələrin təbii səbəbləri - relyef, mövcud tektonik qırılmalar, süxurların litoloji tərkibi, yamacların meylliliyi, atmosfer yağıntıları, Xəzər dənizinin tərəddüdü, suffoziya və s., eyni zamanda antropogen amillər - texnogen sular (kanalizasiya və suvarma), yamacların kəsilməsi, tikinti işləri və s. kimi amillərin Bayıl zonasına təsirinin nəzərə alınmamasıdır.

Dünya birjalarında neftin - Son qiyməti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR