Neftin qiymətinin düşməsi Azərbaycan üçün nə vəd edir?

Neftin qiymətinin düşməsi Azərbaycan üçün nə vəd edir?
12:12 12 Yanvar 2015
193 Digər
Ölkə mətbuatı
A- A+

Trend İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev Region TV-də “Həftənin qonağı” rubrikasında 2015-ci ilin sosial-iqtisadi proqnozunu açıqlayıb.

- Arzu müəllim, bu gün 2015-ci ildən gözləntilərimizi müzakirə edəcəyik. Elə başlayaq Qarabağ problemi ilə bağlı gözləntilərimizdən. Nəzərə alsaq ki, ilin ilk günlərindən cəbhədə vəziyyət gərgindir, bu barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, 2014-cü il Qarabağ məsələsi ilə bağlı ən gərgin illərdən biri olub. Eyni zamanda, Qarabağda hadisələr öz pik nöqtəsinə çatmışdır. 2015-ci ilin ilk günlərindən başlayaraq ermənilər yenə də hücum taktikası seçib, təxribatlarla məşğuldurlar və məlumdur ki, hücum taktikası seçən tərəf böyük itkilərə məruz qalır. Ümumiyyətlə, 2014-cü ildə Qarabağ məsələsinin həlli istiqamətində müəyyən addımlar atılsa da, Minsk qrupunun həmsədrləri və onların təmsil etdiyi ölkələrin rəhbərlərinin verdikləri bəyanatlarda bir daha bu məsələnin sülh yolu ilə həll olunması istiqamətində müəyyən fikirlər irəli sürülür. Yenə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların yerinə yetirilməsi, torpaqların azad olunması məsələləri haqqında heç bir söhbət getmir. Düşünürəm ki, 2015-ci il Qarabağ məsələsinin həlli istiqamətində ən çətin illərdən biri olacaqdır. Çünki ermənilər son vaxtlar etdikləri təxribatlarla bir daha sülhün bərqərar olmasını istəmirlər, sanki öz havadarları, erməni diasporu qarşısında bir daha hesabat verirlər. Bundan başqa, 2015-ci ildə Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulub. Ermənilər bu taktika ilə Cənubi Qafqazda qeyri-stabilliyin olmasını bütün dünyaya göstərmək istəyirlər. Yəni Qarabağ məsələsi 2015-ci ildə yenə də çətin həll olan bir problem kimi qalacaqdır.

- Bu ilə həm də Avrasiya İqtisadi İttifaqının fəaliyyətə başlaması ilə qədəm qoyduq. Nəzərə alaq ki, Ermənistan da bu təşkilatın üzvüdür. Bizim həmin təşkilatda olan ölkələrlə normal münasibətlərimiz var. Bəs həmin ölkələrlə Azərbaycanın münasibətləri bundan sonra hansı məcrada davam edəcək?

- Məlumdur ki, 2014-cü ildə Ermənistan Avrasiya İttifaqına qoşuldu. Buna baxmayaraq, Azərbaycanın ittifaqda təmsil olunan ölkələrlə öz ikitərəfli əlaqələri və razılaşdırılmış layihələri var. Hiss olunur ki, həmin quruma daxil olan dövlətlərin bəzilərinin pul vəsaitlərinin devalvasiyası başlamışdır. Çünki bu ölkələrin iqtisadiyyatının gəlirinin 50%-dən çoxu Rusiya iqtisadiyyatı ilə bağlıdır. Azərbaycana gəldikdə isə, bizim Rusiya ilə bu qədər bağlılığımız yoxdur. Yəni bu gün Avrasiyaya daxil olan ölkələrdə vəziyyət heç də stabil deyil. Avrasiya İttifaqına qoşulan ölkələrin bəzilərində müsbət istiqamətə heç bir perspektiv görünmür. Və yəqin ki, 2015-ci ildə də görünməyəcəkdir.

- Azərbaycanın da həmin quruma üzvlüyü təklif olunurdu və Azərbaycan bu məqamda həm Avropa, həm də Avrasiya İttifaqı ilə balanslı siyasət qurmağa çalışdı. Həmin dövlətlərin bu qurumdakı vəziyyətinə baxdıqda müqayisədə Azərbaycanın bir neçə ay öncə heç bir quruma qoşulmamaq qərarını necə dəyərləndirmək olar?

- 2015-ci ildə Azərbaycanın bu qurumlara qoşulmaması demək də düzgün deyil. Birgə layihələr, bir də razılaşdırılmış layihələr var. Azərbaycanın bütün o dövlətlərlə ikitərəfli layihələri var və bunları həyata keçirməkdədirlər. Doğrudan da, istər iqtisadi, istər siyasi həyat göstərdi ki, Azərbaycan çox dəqiq balanslı siyasət yürütməkdədir. Bizim xəttimiz məlumdur – Avropaya inteqrasiya, eyni zamanda, yaxın qonşuluq siyasətini yürütmək və bununla da öz iqtisadi və siyasi məsələlərimizi həyata keçirmək. Yəni Azərbaycan istər neftin qiymətinin aşağı düşməsi, istər dünyada iqtisadi tənəzzülün olmasına baxmayaraq, öz stabil iqtisadiyyatını saxlamaqdadır və yəqin ki, bu siyasi tendensiya davam edəcəkdir.

- 2015-ci ildə neftin qiymətinin aşağı düşməsi baxımından Azərbaycanda iqtisadi siyasəti necə dəyələndirmək olar?

- Elə dövlətlər var ki, sırf neftin qiymətinin düşməsinədən asılı olaraq öz iqtisadiyyatını qurur. Azərbaycanda neftin istehsalından, eyni zamanda, enerji resurslarının satışından əldə olunan gəlirlə qeyri-neft sektorunun yaradılmasına nail olundu. Əlbəttə ki, neftin qiymətinin aşağı düşməsi iqtisadiyyata müəyyən qədər təsir edə bilər, böyük layihələrin dayandırılmasına gətirib çıxara bilər. Lakin düşünürəm ki, istər sosial vəziyyətdə, istər məvaciblərin verilməsi və digər istiqamətlərdə neftin qiymətinin düşməsindən asılı olmayaraq Azərbaycan bunu hiss etməyəcək. Çünki neftin qiymətinin düşüb-düşməməsindən asılı olmayaraq, o gəlir, vəsait daxil olur. O vəsaiti isə sadəcə düzgün yönəltmək lazımdır və bu istiqamətdə işlər gedir.

- Bu gün Azərbaycan neft ölkəsi ilə yanaşı, həm də qaz ölkəsinə çevrilir. Avropanın Azərbaycandan tələbləri var ki, öz qaz ehtiyatlarını daha çox TANAP layihəsi vasitəsilə Avropaya nəql etsin, eyni zamanda, buna alternativ olaraq İran qazının da Avropaya nəqli tələb olunur. İran qazının Avropaya çıxarılması nə qədər realdır?

- Siz qeyd etdiniz ki, Avropa Azərbaycandan qaz tələb edir, bu gün onların bu qaza ehtiyacı var. Məlumdur ki, həm Azərbaycan, həm Rusiya qazı Avropaya getməkdədir. Türkmənistan da böyük qaz yataqlarına malikdir və o da öz qazını, əlbəttə, Azərbaycanın vasitəsilə Avropaya ixrac etmək, TANAP layihəsinə qoşulmaq istiqamətində müəyyən addımlar atır. Düşünürəm ki, İran da öz qazını bu istiqamətdə Avropaya çıxartmaq iqtidarındadır. Lakin nüvə məsələləri və atom enerjisi ilə bağlı qərbin və digər dövlətlərin İrana qarşı qoyulmuş embarqoları, eyni zamanda, müəyyən sanksiyalar mövcuddur. Bu sanksiyalar bitdikdən sonra bu barədə düşünmək olar. Mənim fikrimcə, onların bu layihəyə qoşulması Qərbin və digər ölkələrin qoyulmuş sanksiyaları yumşaltmasından sonra baş tuta bilər.

- 2015-ci il Azərbaycanda ən əsası ilk Avropa Oyunlarının keçirilməsi ilə yadda qalacaq. Bu oyunların keçirilməsi Azərbaycana iqtisadi və siyasi cəhətdən nələr verəcək?

- Bu, böyük bir layihədir, hətta analoqu olmayan bir layihədir. İndiyə kimi heç bir dövlətdə Avropa Oyunları keçirilməyib. Bu, ilk dəfə Azərbaycanda keçiriləcək. Hər bir tədbirin ilk dəfə keçirilməsi və sona çatdırılması da çətin və şərəfli prosesdir. Azərbaycanda bu Oyunların keçirilməsi həm iqtisadi, həm də siyasi cəhətdən ölkə üçün çox sərfəlidir. İqtisadi cəhətdən böyük turist axını, eyni zamanda, Azərbaycanın tanınması, Azərbaycanın iqtisadi cəhətdən hansı potensiala malik olması görünür. Siyasi cəhətdən isə bu, bir tanıtımdır. Yəni biz stabil siyasət yürüdən bir dövlət olaraq bu Oyunların keçirilməsini öhdəmizə götürürük və axıra çatdırırıq. Əlbəttə, həm iqtisadi, həm siyasi cəhətdən bu, Azərbaycana başucalığı gətirən böyük bir layihədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR