Türklər erməni oyunlarına niyə qoşulurlar?

Türklər erməni oyunlarına niyə qoşulurlar?
12:22 12 Yanvar 2015
173 Dünya
Ölkə mətbuatı
A- A+

Son vaxtlar Türkiyə ilə Ermənistan arasında əlaqələrin yaranmasına xidmət edən müəyyən tədbirlər keçirilir. Onlar, əsasən, Türkiyədə təşkil olunur. Elmi konfranslarda və simpoziumlarda xalqlar arasında dostluqdan danışılır, kənar qüvvələrin ara vurmasına imkan verməmək tövsiyə olunur. Hətta böyük dövlətlərin öz maraqları naminə nifaq toxumu səpməsinə əngəl olmağa da çağırış edilir. İlk baxışdan xoş niyyət nümunəsi kimi görünən bu hadisələrin arxasında yenə də təbliğat məqamlarının dayandığı aydın olur. Ermənilər yenə də səmimi davranmır, Azərbaycanın ərazilərinin işğal olunmasını yada salmır, Xocalı soyqırımını dilə gətirmirlər. Türkiyədə bir-birinin ardınca keçirilən həmin tədbirlərdə nə kimi məqsədlər güdülür?

Tarix və həqiqət: iki mühüm şərt

Türkiyə ilə Ermənistan arasında münasibətlərin gərgin olduğu məlumdur. Qondarma "erməni soyqırımı"nın yubileyi ilə əlaqədar həmin məsələ daha həssas məzmun almaqdadır. Maraqlıdır ki, Türkiyə tərəfi ermənilərlə bağlı olan tədbirləri tez-tez təşkil edir. Keçən ilin payızında Ankara universitetində türk-erməni münasibətlərinə həsr edilmiş beynəlxalq konfrans təşkil edildi. Buraya dünyanın müxtəlif ölkələrindən ermənilər dəvət edilmişdilər.

Yanvarın 5-7-də İstanbul universitetində "Türk-erməni münasibətləri 19-20-ci yüzildə" simpoziumu keçirilib. Burada din xadimləri, alimlər, ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdə iki xalq arasındakı münasibətlərin tarixi və bu günü haqqında fikirlər səsləndirilib. Bir neçə məqama toxunulub ki, biz onların üzərində dayanmağa ehtiyac duyuruq.

Türkiyə ermənilərinin patriarxı Aram Ateşyan bir sıra xarici ölkə parlamentlərinin "soyqırımı" məsələsinə qiymət verməsini düzgün hesab etmədiyini deyib. O, nəyə görə bunu məhz indi etdiklərini sual edib. Əgər həmin dövlətlər doğrudan da 100 il əvvəl baş verənləri "soyqırımı" hesab edirdilərsə, indiyə qədər bunu vurğulamalı idilər. Deməli, burada siyasi məqsəd vardır. Ermənilərlə türklər arasında münasibətlərin düzəlməsini istəməyənlər vardır.

İlk baxışdan humanist və sağlam düşüncəyə dayanan fikirlərdir. Həqiqətən, hazırda bir sıra ölkənin "soyqırımı" məsələsində xüsusi canfəşanlıq etməsi onların qeyri-səmimiliyini göstərir. Ancaq məsələ burasındadır ki, məhz ermənilər uzun illərdir ki, "soyqırımı" haqqında nağılları dünyaya car çəkirlər. Fürsət düşdükcə, göz yaşları axıdıb, türklərin cəzalandırılmasını istəyirlər.

Ermənistan prezidenti Serj Sarkisyan müxtəlif beynəlxalq tədbirlərdə dəfələrlə bu barədə danışıb. O, hətta türkləri ağır sözlərlə təhqir etməkdən də çəkinməyib. Erməni siyasətçiləri, ziyalıları, diplomatları imkan düşdükcə 1915-ci il hadisələrini ümumi kontekstdən çıxararaq, özlərinə sərf edən aspektdə təqdim edirlər. Yəni artıq 100 ildir ki, ermənilərin özləri bu istiqamətdə fəaliyyət göstərirlər. Bəs onda baş yepiskop kimə irad tutur? Əgər söhbət sağlam düşüncədən və tarixi ədalətin bərpa olunmasından gedirsə, o, hər şeydən əvvəl öz soydaşlarına müraciət edib, cəfəng iddialardan əl çəkməyi təklif etməməlidirmi?

Məsələnin digər tərəfi 100 ildən də əvvəl baş vermiş hadisələrə gedib çıxır. İndi A.Ateşyan deyir ki, "nifaq toxumları əkmək ayrılığı gücləndirər". Doğrudur, lakin bunun kökü 300 il bundan əvvəl Qərbin təbliğatına uyan ermənilərin Osmanlıya qarşı fəaliyyətə başlamasındadır. Tarixi faktlar sübut edir ki, Avropa imperialist qüvvələri Osmanlını dağıtmaq üçün ermənilərdən oyuncaq kimi istifadə edib. Nifaq toxumu da o andan xalqlar arasına əkilib. Sadəcə bir sıra dövlətləri qınamaqla onu bu gün aradan qaldırmaq mümkün deyil. Bunun üçün ermənilər ilk növbədə öz şüurlarını türk-müsəlman xalqlarına qarşı olan patologiyadan təmizləməlidirlər. Erməni valideyni uşağını türkə nifrət ruhunda tərbiyə edirsə, heç bir ölkənin siyasi hakimiyyəti nifaq toxumunu aradan qaldıra bilməz. Lakin təəssüf ki, heç bir erməni ziyalısı və ya din xadimi məsələni bu müstəvidə qoymur. Türk-erməni əlaqələrinə həsr edilmiş tədbirlərdə dostluqdan danışan ermənilərin biri də bunu etmədi.

Baş rahib Tatul Anuşyan sual edib: "Məsələ 1915-ci ildənmi ibarətdir? O ili təqvimdən çıxarmaq mümkündürmü?" (bax: Bülent Şanlıkan. Nifak tohumu ekmek ayrılığı körükler / "Akşam", 6 yanvar 2015). Aydın görünür ki, burada sətiraltı qarşı tərəfi suçlama var. O, həmin hadisələri ermənilərin kütləvi surətdə qırılması kimi təqdim edir. Reallıqda isə söhbət bir dünya müharibəsində yaşanan faciələrdən gedir. Onu çoxlu xalqlar, o cümlədən türklər, kürdlər, ermənilər və başqaları da yaşamışdı. Erməni məsələsini bu ümumi mənzərədən ayırıb, ritorik sualla xatırlamağın arxasında hansı məqsədlər dayanır?

Başqasını ittiham: səmimilik və ədalət olmayanda

Burada başqa bir məqam da vardır. Ermənilər həmin tədbirdə bir sıra kənar qüvvələrin iki xalqın arasını vurduğunu ayrıca qeyd ediblər. Görünür, onlar həm də Azərbaycanı nəzərdə tuturlar. Təsadüfi deyil ki, Sürix protokollarının iflasında məhz Azərbaycan rəhbərliyi günahlandırılır. Ermənilər vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya Türkiyə ilə Ermənistan Azərbaycanı nəzərə almadan dost olmalı, Ermənistan Dağlıq Qarabağı işğal altında saxlamaqda davam etməli, Ankara isə bu məsələyə qarışmamalıdır.

Əslində, bu məqam erməni təbliğatında bir qədər gizli surətdə öz əksini tapıb. Belə ki, İstanbul universitetindəki tədbirdə də ermənilər 1915-ci ildən danışıblar, lakin Dağlıq Qarabağda baş vermiş soyqırımından söhbət açan olmayıb. Niyə Xocalıda ermənilərin kütləvi surətdə insanları vəhşicəsinə qətlə yetirdikləri dilə gətirilməyib? Əgər söhbət həqiqi dostluqdan, obyektivlikdən, ədalətdən və xalqların öz arasında problemləri həll etməsindən gedirsə, bunlar deyilməli idi. Yaxud Azərbaycandan mütəxəssisləri dəvət edib, onları dinləməli idilər. Lakin tədbir iştirakçıları sanki Azərbaycan yoxmuş kimi davranıblar.

Ermənilər səmimidirlərsə, bütövlükdə kütləvi qırğınlara, qətliamlara, soyqırımı hadisələrinə mənfi münasibət bildirməlidirlər. Başqa halda müxtəlif ibarələrlə 1915-ci il hadisələrini həmin dövrün kontekstindən çıxarıb təqdim etmək mövcud vəziyyəti qətiyyən dəyişməyəcək. Çünki gec və ya tez həqiqət öz yerini tapır. Azərbaycan torpaqlarını işğal altında saxlamaqla Türkiyə ilə sərhədləri necə açmaq olar?

Belə hiss olunur ki, Türkiyədə keçirilən tədbirlərdə insanları buna hazır olmağa dəvət edirlər. Fikir bildirənlər ümumi şəkildə qədim dostluqdan, sıx əlaqələrdən danışırlar. Avtomatik olaraq sual yaranır: bu ənənə niyə pozulmalıdır? Bunun üçün isə sərhədləri açmaq lazımdır? Lakin milyonlarla azərbaycanlının həyat faciəsi, Azərbaycan dövlətinin ərazi bütövlüyünün pozulması yada düşmür. Belə çıxır ki, bu kimi tədbirlər daha çox Qərbin sifarişləri əsasında təşkil olunur.

Nüfuzlu adamları tribunalara çıxarıb humanistlikdən, əməkdaşlıqdan danışdırırlar, real vəziyyət isə nəzərə alınmır. Bu meyl getdikcə güclənir. Onun səmərəsizliyi göz önündədir. Bəs türklər bu oyunlara niyə qoşulurlar? Bəlkə hesab edirlər ki, həmin üsulla uydurma "soyqırımı"nın 100-cü ildönümündə özlərinə qarşı aqressiyanı azaldacaqlar? Bu da əbəs cəhddir, çünki tarix bu illə bitmir və erməni xisləti dəyişməyib. Ermənistan dövlət kimi xarici qüvvələrin diktəsi ilə hərəkət edir. Onlar istənilən vaxt anti-türk kampaniyası təşkil edə bilərlər.

Bunlardan belə məlum olur ki, İstanbul universitetində təşkil edilmiş həmin tədbir daha çox təbliğat xarakteri daşıyıb. Burada erməni din xadimlərinin və ziyalılarının hər iki xalqın nümayəndələrini dostluğa çağırması, qarşıdurmalardan uzaq durmağa dəvət etməsi söz xatirinə deyilənlərdir. İnanmaq çətindir ki, erməni şüurunda sürətli dəyişikliklər baş versin. Həmin səbəbdən türklərin ehtiyatlı olması, bizcə, daha doğru olardı.

Şübhə yoxdur ki, xalqlar arasında əbədi düşmənçilik ola bilməz. Hər zaman barış, mehriban qonşuluq şəraitində yaşamağa can atmaq gərəkdir. Ancaq bu, birtərəfli qaydada olmur. Ermənilər də səmimi olaraq buna çalışmalıdırlar. Məhz bu məqamı hələlik görə bilmirik.

İndiyə qədər heç bir erməni siyasətçisi və ziyalısı Dağlıq Qarabağda törədilən hadisələrdə soydaşlarının tarixi məsuliyyət daşıdığını deməyib, Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması üçün işğal edilmiş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması zərurətini vurğulamayıb. Niyə? Çünki ermənilər heç vaxt öz maraqları naminə başqalarını ittiham etməkdən çəkinməyiblər.

Bu kontekstdə A.Ateşyanın İstanbul tədbirində dediyi bir fikri onun özünə ünvanlamaq istərdik. O, çıxışının bir yerində deyib: "Yaşanmış acıların bir intiqam məsələsi olmasında fayda yoxdur". Həqiqətdə ilk növbədə ermənilər bunu qəbul etməlidirlər.

Görünür, bundan sonra da bu cür tədbirlər təşkil ediləcək, gəlişigözəl sözlərlə dolu çıxışlar olacaq, Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması üçün müxtəlif üsullara əl atılacaq. Ancaq çətin ki, bu, real vəziyyəti dəyişsin. Çünki ədalət və tarixi həqiqət öz yerini tapmayınca, qondarma yollarla konkret nəticə əldə etmək mümkün deyil.

Newtimes.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR