20 Yanvar şəhidinin xatirəsinə güləş turniri keçiriləcək

20 Yanvar şəhidinin xatirəsinə güləş turniri keçiriləcək
13:23 12 Yanvar 2015
272 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

16-17 yanvar 2015-ci il tarixdə Bakıda Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 18-ci beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnir 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq-a qədər çəki dərəcələri üzrə keçiriləcək yarışlarda 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilərin iştirakı gözlənilir.

İki gün davam edəcək yarış “Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnirin rəsmi açılış mərasimi yanvarın 16-da saat 17:00-da başlayacaq.

İlk gün sərbəst, ikinci yarış günündə isə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Çəki dərəcələri üzrə I, II, III yerləri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2352116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR