Gəncə şəhər səhiyyə idarəsinə

Gəncə şəhər səhiyyə idarəsinə yeni rəis təyin olunub.

Bu barədə məlumatı Metbuat.az-a idarənin mətbuat xidmətindən veriblər.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev səhiyyə ictimaiyyətinə yeni rəisi təqdim edib. Bu, tibb üzrə fəlsəfə doktoru Bəxtiyar Davud oğlu Haqverdiyevdir.

Şəhərin rəhbəri bildirib ki, belə bir məsul vəzifəyə gənc kadrın təyinatı Gəncə səhiyyəsinin inkişafına yeni nəfəs gətirəcəyinə inanır:

“Gənc olmasına baxmayaraq, Bəxtiyar Haqverdiyev artıq səhiyyə sahəsində təcrübəyə malik, enerjili, müasir təfəkkürlü bir həkimdir. Mən ümidvaram ki, onun bu təyinatı günü gündən inkişaf edən Gəncənin səhiyyə sahəsinin də müasirləşməsinə, yenilənməsinə yardımçı olacaq”.

Sonra yeni təyin olunan səhiyyə idarəsinin rəisi Bəxtiyar Haqverdiyev ona göstərilən etimada görə həm səhiyyə naziri Oqtay Şirəliyevə, həm də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə dərin minnətdarlığını bildirib.

B.Haqverdiyev qeyd edib ki, fəaliyyəti dövründə Gəncə səhiyyəsinin daha da inkişaf etdirilməsinə, beynəlxalq müasir tibbi biliklərin və yeni texnologiyaların tətbiqinə, o cümlədən əhaliyə yüksəksəviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün bilik və bacarığını ortaya qoyacaq, ona göstərilən yüksək etimadı doğrultmağa calışacaq.

Millət vəkili Naqif Həmzəyev Gəncə səhiyyəsinə gənc və perspektivli, bilikli və bacarıqlı bir şəxsin rəhbər təyin olunmasını təqdirəlayiq hesab edib. O bildirib ki, yaşlı nəslin bilik və təcrübəsindən yararlanaraq gənclərin önə çəkilməsi, onların istənilən sahələrdə, o cümlədən tibb sahəsində inkişafa dəstək olması əsas prioritetlərdəndir.

Qeyd edək ki, B.Haqverdiyev 1978-ci ildə Xocalı şəhərində anadan olub. 1995-ci ildə məktəbi bitirən B.Haqverdiyev yüksək balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həkim-cərrah ixtisası üzrə 5 saylı Bakı şəhər klinikasında internatura kursunu keçib. O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Cərrahiyyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb. B.Haqverdiyev 2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində Cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb. 2014-cü ildə Yevlax Mərkəzi Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub. 2016-cı ildən bu günədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib. Tibb üzrə fəlsəfə doktorudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR