“O gecə erməniylə tankın içində tək qaldım...” – QADIN DÖYÜŞÇÜNÜN TÜKÜRPƏDƏN XATİRƏLƏRİ

“O gecə erməniylə tankın içində tək qaldım...” – QADIN DÖYÜŞÇÜNÜN TÜKÜRPƏDƏN XATİRƏLƏRİ
17:24 25 İyun 2018
74 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Rubrika: “ZƏRİFLƏRİN SAVAŞI”

 

Lent.az “Zəriflərin savaşı” layihəsini davam etdirir. Bu silsilədə müsahiblərimiz Qarabağ müharibəsində iştirak etmiş qadınlardır. O qadınlar ki, mənsub olduqları cins üçün xarakterik olmayan, o zərifliyə xas olmayan həyat yolu keçiblər. O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər. O qadınlar ki, adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə qalmalıdır.

 

Layihəmizin növbəti qəhrəmanı – Qarabağ müharibəsi veteranı Gülpəri Sərkərovadır.

 

... 1992-ci ilin yayıdır. Ermənilər Manikli kəndi üzərində uçan vertolyotumuzu vururlar. Vertolyotun pilotu və ekipaj üzvləri həlak olur. Onların cəsədlərini həmin ərazidən çıxarmaq üçün Ağdamda 5-ci motoatıcı batalyonun bir neçə döyüşçüsünə döyüş əmri verilir. Mövqelər tutulur və döyüş başlayır. Güclü atışma olur, sonda ermənilər texnikalarını da atıb qaçırlar. Nəticədə döyüş tapşırığı uğurla yerinə yetirilir. Cəsədlər vertolyotdan çıxarılır. Üstəlik, bir erməni döyüşçü əsir, düşmən texnikası da qənimət götürülür. Ancaq texnikanı ərazidən çıxarıb aparmaq üçün əlavə kömək lazım olur. Odur ki, döyüşçülər cəsədləri aparmaqdan və yardım gətirməkdən ötrü geri qayıdırlar. Amma texnikaya və erməni əsirinə nəzarət etmək məqsədilə döyüşçülərdən biri orda qalır.

 

Həmin gecə o ərazidə, BMP-nin içində cəmi iki nəfər vardı - bir erməni əsir və bir azərbaycanlı döyüşçü – 29 yaşlı Gülpəri Sərkərova.

 

Döyüşə qızlar gedir...

 

Gülpəri Sərkərova 1963-cü il fevralın 13-də Qobustan rayonunun Nərimankənd kəndində dünyaya gəlib. Orta məktəbi orda bitirib. Sənədlərini Şamaxı pedaqoji məktəbinə versə də, daxil ola bilməyib. Döyüşə yollanarkən rayondakı Əmanət Bankında baş xəzinədar kimi çalışırdı:

  

- Kişi işlərinə maraq məndə uşaqlıqdan vardı. Atam traktorçu idi. Onunla tarladan ot, saman yığıb gətirirdim. Heç elə bil qız deyildim. Ev işləri qəti görmürdüm. Əlimə süpürgə alıb ev də süpürməmişdim. Qızlara xas işvə-naz, qəmzə, bəzək-düzək mənə yad idi. Daha çox kişilərə xas işlər məni özünə çəkirdi. Özü də qorxu-ürküm olmazdı. Meydan hərəkatı zamanı rayonumuzdan bir avtobus adam yığışıb gəlirdik Bakıya. Avtobus dolu kişinin içində bircə qadın mən olurdum. Heç nədən çəkinmədən onlara qoşulub gedirdim mitinqə. Bakıda yaşayan əmiqızılar da mənə qoşulurdu. Qarabağda döyüşlər başlayanda 29 yaşım vardı. Ailə qurmamışdım. Bankda işləyirdim, yaxşı işim, maaşım vardı. Bir gün Bakıya sənəd verməyə gəlmişdim. Rayona qayıdanda avtobusda arxamda əyləşən əsgərlərin söhbətini eşitdim. Döyüşlərdən, necə yaralanmalarından, ac qalmaqdan danışırdılar. Elə danışdılar ki, ürəyim parçalandı. Günlərlə o söhbət yadımdan çıxmadı. Hər gün əsgərləri düşünürdüm. Axırda qərar verdim ki, mən də döyüşə gedəcəm. İşdə oturub rayon icra hakimiyyətinə, hərbi komissarlığa ərizə yazdım ki, döyüş bölgəsinə getmək istəyirəm. Düzü, inanmırdım ərizəmə baxılacaq. Bir gün gördüm televizorda adımı çəkdilər: Qobustan rayonundan Sərkərova Gülpəri döyüş bölgəsinə getmək üçün ərizə ilə müraciət edib. Beləcə, söhbət rayona yayıldı. Bütün idarələr yardım toplamağa başladı. Yadımdadı, Aqrar Sənaye Bankının müdiri 3 “Tyaqaç” almışdı. Yardım toplanandan sonra rayonun rəhbər işçiləri - icra başçısı, hərbi komissar, polislər gəldilər bizə. Döyüş bölgəsinə getdiyimi evdə heç kimə deməmişdim. Anam xəstəydi deyə, qorxurdum həyəcanlanıb nəsə olar. Anam o qədər adamı həyətdə görəndə məəttəl qaldı. Əvvəl fikirləşdi ki, bəlkə bankda yeyinti olub, gəliblər Gülpərini tutmağa. Amma başladılar məni tərifləməyə. Hələ də başa düşmürdü nə məsələdi. Dedim, gedirəm müharibə bölgəsinə, yardım aparırıq. Anam 1941-45-ci illərdə arxa cəbhədə xidmət etmişdi. Böyük Vətən Müharibəsi veteranı idi.  

 

Beləcə, 1992-ci il fevralın 20-də yola düşdük. Gəldik Ağdama, topladığımız yardımları payladıq. Qayıtmaq məqamı çatanda dedim, mən getmirəm, qalıram burda. Nə qədər dedilər, gəl qayıdaq, sənə burda çətin olar. Dedim yox e, qayıtmayacam. Elə həmin gün məni göndərdilər Şirin Mirzəyevin rəhbərlik etdiyi hərbi hissəyə. Amma rabitəçi kimi.

 

6 gündən sonra Xocalı faciəsi baş verdi. Ordakı meyitləri, yaralıları, donan adamları Ağdam məscidinə gətirirdilər. Mən də onda hərbi hissədən qaçıb məscidə getmişdim ki, bəlkə hansısa köməyim dəyər. Amma elə bir dəhşətlə qarşılaşdım ki... Orda gördüyüm mənzərə ömür boyu yadımdan çıxmaz. Dillə, sözlə ifadə eləmək mümkün deyil. Yüzlərlə ölü, yaralı vardı. Bir yandan yaralıların zarıltısı, bir yandan əzizi ölmüş insanların qışqırığı, çığırtısı, ah-naləsi... Hər tərəf qan idi. Kəfənlərdən də qan axırdı. Az qalırdı adam havalansın. Bir uşaq vardı 3 yaşında, qulağından yaralanmışdı. Bütün ailəsini qırmışdılar, tək qalmışdı. Evə zəng elədim, mənə pul göndərdilər. O uşağın ailə üzvlərini dəfn etdim. Rayona zəng eləyəndə bildim ki, demə, mənim də adım itkin kimi çıxıb. Anam icra hakimiyyətinə gedib ki, qızımdan soraq yoxdu, məni Ağdama aparın. Anamı maşına oturdublar, amma Ağdama kimi gətirməmişdilər ki, orda vəziyyət pisdi. Mənimlə danışandan sonra ürəyi yerinə gəlmişdi arvadın.

 

Gülpəri Sərkərova Ağdam özünümüdafiə dəstəsində 3 ay rabitəçi kimi qulluq edir. May ayından alayın 5-ci motoatıcı batalyonunda döyüşçü, avqustdan isə kəşfiyyatçı kimi xidmətdə olur:

 

- Rabitədə işləmək heç ürəyimcə deyildi. Daim ön xətdə döyüşməyə can atırdım. Bir gün  getdim Şirin Mirzəyevin yanına. Dedim, mənim gözəl, rahat, pullu işim vardı. Mənə rahatlıq lazım olsaydı, elə orda qalardım da, bura niyə gəlirdim?! Mən döyüşə getmək istəyirəm. Dedi, bir az döz. 3 aydan sonra məni yanına çağırdı. Dedi, yenə döyüşmək istəyirsən? Dedim, əlbəttə. Göndərdi məni 5-ci batalyonun komandiri Ədalət Zeynalovun yanına. Əsasən könüllülərin döyüşdüyü bu batalyona “Dəmiryeyənlər” batalyonu deyirdilər. Ədalət Ağdamın Qiyaslı kəndində doğulub, böyümüşdü. Moskvada işləyirdi. Müharibə başlayanda vətənə qayıdıb, yerli gəncləri, qohum-əqrəbasını başına yığaraq dəstə düzəltmişdi. Əsl vətənpərvər, mərd oğuldur. Dedi, səni birbaşa döyüşə çıxarda bilmərəm, gərək təlim keçəsən. Mənə 15 gün təlim keçdilər, atıcılığı öyrətdilər. Ona da etirazımı bildirdim ki, komandir, siz gedirsiz döyüşə, mən burda qalıram, məni də döyüşə aparın. Dedi, yaxşı, hazırlaş.

 

“Vaay, ayaqlarım yoxdu”

 

Beləliklə, 1992-ci il mayın 10-dan döyüşlərə kişilərlə birgə bir xanım da getməyə başlayır. İlk döyüşü isə Ağdamın Naxçıvanik kəndində olur.

 

- Naxçıvanik, Aranzəmin, Pircamal, Ağbulaq kəndləri uğrunda qızğın döyüşlər ara vermirdi. Texnika bizdə olduğundan batalyonumuz hücum əməliyyatının önündə gedirdi. Qanlı döyüşlər nəticəsində həmin kəndləri düşmən caynağından bir-bir alırdıq. Ədalət, Rəsul, Şakir, Tofiq o döyüşdə xüsusi igidlik göstərdilər. Düşmənin bir PDM-ni, bir topunu qənimət, erməni kəşfiyyatçısını da əsir götürdük. Amma həmin kəndləri uzun müddət əldə saxlaya bilmədik. Tanklarımızdan biri minaya düşdü. Şakir Sadıqov həlak oldu. Şakirin ayaqlarının ikisi də qopmuşdu. Onu tankdan çıxarıb, söykədik işıq dirəyinə. Birdən əyilib ayaqlarının qopduğunu gördü. Əliylə dizlərinə vurdu ki, “vaay, ayaqlarım yoxdu”. Elə bunu dedi, ürəyi partladı, öldü. Şakir Rusiyada yaşayırdı, yaxşı ev-eşiyi, işi-gücü vardı. Müharibə başlayanda hər şeyi atıb, döyüşə gəlmişdi. Heyf ki, sağ qalmadı. O, bizim rotanın ilk şəhidi oldu.

 

1992-ci il mayın 15-də ermənilər Abdal, Gülablı kəndlərinə hücum edir. Hücumun dəf olunmasında Gülpəri də xüsusi hünər göstərərək, fərqlənir. Hücumun qarşısı alındıqdan sonra bir həftə həmin kəndlərin müdafiəsində dayanır. 12-16 iyunda isə Sırxavənd-Kiçan əməliyyatı keçirilir:

 

- İyunun 12-də Sırxəvənd kəndində böyük döyüş oldu. Hər yerdən döyüşçülər axışıb gəlmişdi. Kəndi ermənilərdən təmizlədik. Kiçan kəndinə kimi itkisiz irəlilədik. Kiçan kəndini də geri aldıq. Ağdərə ilə Vəng kəndi arasındakı yeganə yolu kəsib, ordakı mövqelərimizi möhkəmləndirdik. Təəssüf ki, ermənilər mövqeyimizi bombaladılar və biz mühasirəyə düşdük. Çox itkilər oldu. Lakin təslim olmadıq, döyüşməyə davam etdik. Hardasa 18 nəfər təxminən bir gün mühasirədə qaldıq. Ədalət Zeynalovun qardaşı Əli rota komandiri idi. O, bizi Qazançı kəndindən xüsusi yollarla mühasirədən çıxardı. Orda Canpolad möhkəm yaralanmışdı. Budunda böyük yara açılmışdı. Yaranın içinə 10 dənə pambıqlı bint qoyub sarımışdıq. Nə qədər dedik, gəl səni belimizdə aparaq, razılaşmadı, birtəhər özü çıxdı, mühasirədən çıxandan sonra özündən getdi. O döyüşdə yüzlərlə ölən-itən oldu. Çoxu təzə gələn əsgərlər idi. Heç təlim də keçmədən gətirib tökmüşdülər döyüş bölgəsinə. Elə yatan yerdə qırmışdılar onları. Bir yerlim vardı, 16 yaşında - Elnur. Yaşı az olduğuna görə batalyona qəbul eləmirdilər. Ona görə yalandan demişdi ki, guya Xocalıdandı, ailəsini ermənilər qırıb, o da intiqam almaq istəyir. Döyüşdə o da bizimlə idi. Mühasirədən çıxmağa çalışdığımız vaxt onunla necə olub əl-ələ tutmuşuq, bilmirəm, sonradan bizim əlimizi aça bilmirdilər. Əllərimizi xəstəxanada ayırdılar. Hamımız qan, su, tərin içindəydik. Bir tərəfdən isti, bir tərəfdən də qorxu, stress, həyəcan. Güllə yağış kimi yağırdı. Amma sağ-salamat ordan çıxdıq. Ədalət müəllim dedi, biz satqınlığın qurbanı olduq. Arxadan bizi qoruyan olmadı, müdafiə olunmadıq. Yoxsa Xankəndinə kimi gedib çıxardıq.

 

2 gün sonra, iyunun 18-də 10 kişi döyüşçü və mən həmin yerlərə kəşfiyyata getdik. Düşmənin bir sıra mühüm döyüş yerlərinin koordinasiyasını müəyyənləşdirdik. Axşam ratsiyadan eşitdik ki, Şirin Mirzəyevin də olduğu maşın minaya düşüb partlayıb. Biz kəşfiyyatdan qayıdanda maşın partlayan yerdən keçdik. Şirin Mirzəyevin silahı, əşyaları hərəsi bir tərəfdəydi, hamısını toplayıb gətirdik. Amma nəyə yarayırdı ki artıq?!

 

Sırxəvənd-Kiçan döyüşündə Şirin Mirzəyevin müavini Allahyar Şirinov itkin düşdü, ondan heç bir xəbər ala bilmədik. 5 qızı, bir oğlu vardı. Mənə deyirdi, sən də oldun mənim 6-cı qızım. Tərnöyüt kəndindən idi. Evlərinə də getmişdim neçə dəfə, məni çox istəyirdi. Onun ailəsini döyüş bölgəsindən özüm çıxardım. Gəldim rayonumuza, “Kamaz” tutdum, getdik Tərnöyüt kəndinə. Əşyalarını da yığıb, evimizə gətirdim. 1 ay bizdə qaldılar. Sonra Sumqayıtda qohumlarını tapdım. Gəldim Sumqayıta, bir erməni evində yerləşdirdim onları. Maşın tutub, əşyalarını da apardım. Təəssüf ki, sonradan onlardan xəbərim olmadı. Amma eşitdim ki, oğlu Azər rəhmətə getdi. Kim ona pul verirdisə, xərcləmirdi, yatağının başından asırdı ki, atamdan xəbər çıxanda nəzir verəcəm. Ata həsrətilə, “ata” deyə-deyə öldü o uşaq.

 

Həmin ilin avqustundan Gülpəri Sərkərova alayın kəşfiyyat rotasında həm də kəşfiyyatçı kimi xidmət edir. Canyataq, Gülyataq, Mehmanə kəndlərinin, Fərrux dağının düşməndən təmizlənməsində öndə vuruşanlardan olur. Avqustun 21-də qanlı döyüşlər bəhrəsini verir. Canyataq, Gülyataq və Mehmanə kəndləri erməni işğalçılarından tam təmizlənir:

 

- O kəndlərdə başqa batalyonların döyüşçülərinin meyitləri qalmışdı. Həftəylə axtarılan şəhidlər vardı. Meyitlərin hamısını daşıdıq, ailələrinə təhvil verdik. Dəhşətli mənzərəydi. Orda bizim də rotanın bir döyüşçüsü yaralandı. Rəsul adlı o oğlanın atası lal idi, anası yox idi. Onu Bakıya xəstəxanaya gətirəndə mən də gəldim yanında. Vəziyyəti yaxşı idi. Bir neçə gün sonra gecə əhvalı qarışdı, qəfildən keçindi. Rəsul ölənə yaxın otaqda yanındaydım. Gördü ağlayıram. Dedi, “sən axı kişisən, kişi ağlamaz, amma torpaqlarımız alınanda gəlib durarsan qəbrim üstə, deyərsən, qardaş, arzun yerinə yetdi. Onda nə qədər istəsən ağlayarsan”.

 

O vaxt uşaqların çoxunun ölümünə səbəb döyüş bölgəsində təcili yardım maşınlarının olmaması idi. Yaralını tankda, BMP-də xəstəxanaya çatdırırdılar. Yolda qan itirib ölürdülər. Döyüşlərə qatıldığım təzə vaxtlarda buraxılış vəsiqəsi alıb, getdim rayona. Şamaxı hərbi komissarlığına ərizə yazdım ki, döyüş bölgəsində tibbi yardım maşını yoxdu, uşaqlar qırılır. Müraciət elədilər Şamaxı Mərkəzi Xəstəxanasına, bir maşın aldılar. Apardıq maşını Ağdama. Amma Sırxəvənd-Kiçan əməliyyatında o maşın minaya düşdü. İçində də 16 əsgər – hamısı şəhid oldu.

 

Ümumiyyətlə, 2-3 aydan bir evə gəlirdim. Bankdan maaş, mükafat, cəbhədən də pul alırdım. O pulları özümə, ailəmə xərcləmirdim. Hər dəfə rayona gələndə qutuyla

siqaret, geyim, yemək, dərman, ehtiyacımız olan şeyləri alıb, qohumumuzun “Kamaz”ıyla aparırdım batalyona. Xatırlayanlar olar, ucuzlaşdırılmış mağazalar var idi. Ordan pal-paltar alıb, Xocalı şəhidlərinə paylayırdım. Əlimdən nə gəlirdisə, edirdim.

 

“Qara paltar tikdirib, yas saxladım”

 

Bizim hərbi hissə Şahbulaq sanatoriyasında yerləşirdi. Sanatoriyanın binası idi, hər cür rahatlığı vardı. Postdan enəndə hərəmiz öz otağımıza çəkilib dincəlirdik. Üstəlik, Ədalət var-dövlətini yolumuzda xərcləyirdi. Hər ay Rusiyadakı işindən qazandığı gəliri paylayırdı əsgərlərə, batalyonu öz puluyla saxlayırdı. 31 maşınını hədər eləmişdi döyüşdə. Yəni yemək-içmək sarıdan çətinliyimiz olmurdu. Yeməyimizi 2 şəhid anası bişirirdi. O analar hərdən məni aparırdılar yeməkxanaya, xüsusi qulluq edirdilər. Çətinliyimiz postda, səngərdə qaldığımız vaxtlarda olurdu. Bəzən həftəylə dağdan enmirdik, səngərdə qalırdıq. Qadın üçün o cür şərait xüsusilə çətindir. Həftəylə çimmirdik, paltar dəyişmirdik. Heç əlimizi də yumurduq, şehli ota sürtüb yemək yeyirdik. Yemək də ki, əsgər yeməyi idi, hazır konservlər olurdu, isidib yeyirdik. Postda çox qalanda, yeməyimiz qurtaranda tankla, BMP ilə yemək qaldırırdılar yanımıza.  

 

Ancaq o cür çətin, gərgin vəziyyətdə xoş anlarımız da olurdu. Yaz vaxtı çöldə çiçəklər bitəndə bir döyüşçü qardaşımız yığıb, dəstə bağlamışdı mənim üçün. Başqa biri həyətdə zanbaq tapıb, dərib gətirmişdi. Kimsə cibindən konfet çıxarıb verirdi. Evə gedib qayıdan döyüşçü mütləq mənə nəsə gətirirdi. Evin tək ərköyün qızı kimi saxlayırdılar məni. Sanatoriyanın gözətçisi, müdiri Həsən Qəhrəmanlı ətirli sabun vermişdi mənə. Elə yaxşı kişi idi... Hansımız xəstələnirdiksə, ballı, zoğal mürəbbəli çay hazırlayıb gətirirdi o saat. Mən o döyüşçülərin hamısını qardaş kimi sevmişəm. Qardaşı da, qonşunu da, qohumu da, iş yoldaşını da çox sevə bilərsən, amma unuda da bilərsən. Döyüş yoldaşının isə pisini belə, unuda bilmərsən. Çünki onlarla həyat yaşamısan, qan yoldaşı olmusan.

 

Amma elə bilməyin ki, kişi kimi mərd olan bu xanım qorxmurdu. Qorxduğu anlar da olub, təkliyə çəkilib ağladığı vaxtlar da, qara geyinib yas saxladığı günlər də...

 

- Müharibə, döyüş qəribə bir hissdir. Kənardan adama dəhşətli, qorxulu gəlir. Amma döyüşə atılanda o qorxunu hiss eləmirsən. Adama elə bir hiss, qüvvə gəlir ki, ölüm gözünə görünmür. Mən əsir düşməkdən qorxurdum, ölməkdən yox. O qorxunu da bir dəfə yaxından hiss elədim - mühasirədə qaldığımız gün. Ancaq ona da hazırlıqlı idik. Üstümüzdə qumbaramız vardı. Əsir düşsəydik, bir-birimizi vurmağa, partlatmağa söz vermişdik. Ağlamaq isə... Döyüş zamanı, yanındakı yoldaşın şəhid olanda belə, o anda ağlamaq mümkün deyil. Elə bir psixoloji vəziyyətdə olursan ki, ağlamaq nədi, heç nə yada düşmür. Heç dəfndə də ağlamazdıq. Mən ağlasam, şəhidin anası neyniyər bəs?! Necə nümunə olaram onlara?! Döyüş yoldaşını dəfn edib gələndən sonra, məsələn, səngərdə yeri görünəndə, yeməkxanada oturduğu stul boş qalanda başlayırdım ağlamağa. Qiyaslı kəndindən Zakir adlı döyüşçümüz vardı. 5 il idi nişanlıydı. Artıq toy eləmək istəyirdilər. Toy qisməti deyilmiş, şəhid oldu. Onun ölüm bizi yandırdı. Zakiri dəfn edəndə böyük maşına atılıb, kişilərlə birlikdə meyiti basdırmağa getdim. Həmin vaxta qədər əynimə qara paltar geyinməmişdim. Ondan sonra qara paltar tikdirdim özümə. Döyüşə getmədiyim vaxtlar qara paltar geyinib, şəhidlərimizə yas saxladım bir müddət. Komandir Yavər şəhid olanda evlərinə getdim. Onun qanlı paltarını ağacın altına basdırmışdılar. 6 yaşlı balası gedib torpağı qazıb, paltarları çıxarmışdı ki, atamın paltarlarıdı, niyə basdırmısız? Belə anları görən xanım ağlamazmı? Xanım da ağlayar, kişi də. Mən də ağlayırdım. İstirahət saatında, otağımda tək qalanda, düşüncələrə dalanda gücü verirdim göz yaşlarıma. Amma döyüş yoldaşlarım da görməmişdi göz yaşlarımı. Ağladığımı görsəydilər, elə bilərdilər aciz, gücsüz, iradəsizəm. İndi isə hər gün ağlayıram. Şəhidləri, o döyüşləri, yaşadığımız stressi xatırlayıb, ağlamadığım gün yoxdu.

 

“Deyirlər, getməyəydin, kim səni məcbur eləmişdi?”

 

Gülpəri Sərkərova 1994-cü ildə ordudan tərxis olunur. O da səhhətilə bağlı problem yarandığına görə. Ondan sonra həyatında xeyli çətinliklər olur:

 

- 1994-cü ilin fevralı idi. Buraxılış vəsiqəsi alıb, getmişdim rayona. Qardaşıma da xəbər vermişdilər. Yerdən süfrə salmışdıq. Sobanın üstündə böyük çaydan vardı. Mən sobanın bir tərəfində, qardaşım da o biri tərəfindəydi. Görüşmək istəyəndə ayağı süfrənin üstünə düşüb sürüşdü, əli dəydi sobaya, soba yerindən çıxdı və qaynar çaydan üstümüzə aşdı. Qardaşımın kürəyi, mənim də ayağım yandı. Bir müddət xəstəxanada yatdım. Amma ayağımın dərisi yığıldı, açılmadı. Özbəkistana getdim, əməliyyat olundum. Ondan sonra döyüşdən uzaqlaşdım. Amma tərxis olunandan sonra bir müddət psixoloji əziyyət çəkdim. Elə bilirdim müharibədəyəm, döyüşürəm. Hər yerdə müharibə görürdüm, adamları erməni bilirdim. Çox çətinliklə həyata alışdım. Xeyli problemlər yaşadım.

Ailədə söz-söhbət oldu, küsüb getdim xalamgilə. Xalam oğlu şəhid olmuşdu. Onun ilində bacım dedi, gəl Bakıya, yanımda qal. Köçdüm Bakıya. Məni 1 nömrəli

tikiş fabrikində işə düzəltdi. Yaxşı maaş alırdım. Bir gün işdən qayıdanda gördüm bacımla yeznəm mübahisə edir. Ondan sonra ordan da çıxdım. Bir iş yoldaşım vardı, xəstəydi, işləyə bilmirdi. Qadınlar yataqxanasında otağı vardı. Dedim, sənin evin var, mənim də işim. Gəl, əl-ələ verək yaşayaq. Müəyyən müddət birlikdə yaşadıq, ona qulluq etdim. Bir gün nəşriyyata getmişdim. Zemfira Məhərrəmli çıxdı qarşıma. Hal-əhval tutdu. Dedim, elə bir iş istəyirəm ki, hamıdan uzaq olum, tək olum. Soruşdu dənizdə işləyərsən? Dedim hə. Milli qəhrəman Rasim İbrahimov Çilov adasında anadan olmuşdu. Valideynləri də orda işləyirdi. Onun anası kömək etdi, sənədlərimi düzəltdilər, başladım işə. Yoldaşımla da elə orda tanış olduq. Bir gün mənə dedi, sizi tanıyıram. O da döyüşlərdə olubmuş. Hansısa döyüşdə yəqin ki, üz-üzə gəlmişik, görüb məni, ordan yadında qalmışam. Bir gün ailə qurmaq istədiyini dedi. Kəndə elçiliyə gəldilər. Ailəm vermək istəmirdi ki, Lənkəran hara, biz hara. Axırı razılaşdılar. 34 yaşında ailə qurdum. Amma böyük toy eləmədim. Həm yaşıma, həm şəhidlərimizə görə utandım, özümə sığışdırmadım. “Nargilə” kafesində 30-40 nəfərlik xudmani məclis elədik. Radə Abbasın  evindən gəlin çıxdım. İndi iki övladım var. Oğlum Ərzurumda ali təhsil alır. Qızım isə 11-ci sinfi bitirdi bu il. Övladlarım mənimlə qürur duyurlar. Fəxrlə deyirlər ki, anam Qarabağ müharibəsi veteranıdı.

 

Gülpəri xanım döyüşdə geyindiyi formasını illərlə evdə əziz xatirə kimi saxlayırdı. Sonra o formanı qardaşı oğluna hədiyyə edib:

 

- Qardaşım oğlu Müdafiə Nazirliyində işləyir. Formamı istədi. İlk dəfə işə gedəndə  formamı geyinib getdi. Türkiyədə Çanaqqala şəhidlərinin anım tədbirinə qatılanda isə o, mənə öz formasını gətirib verdi. Fəxr edirəm ki, o formanı daşımaq mənə nəsib olub. Düzdür, hərdən laqeydlik görürük. Adamı başa düşmürlər, ağız büzürlər. Hətta vəzifəli şəxslər də deyir, “getməyəydin müharibəyə, kim səni məcbur eləmişdi? Oturub evində şorbanı bişirəydin”. Yanımda döyüş yoldaşımı vurublar, əli, ayağı qopub düşüb bir tərəfə. Gedib yığıb gətirmişəm ki, tiksinlər yerinə. Yaxud qarnı parçalanıb, bağırsaqları tökülüb çölə, köynəyimi çıxarıb arasına yığmışam ki, tökülməsin. Belə qadına demək olar, niyə getmisən müharibəyə? Şorbanı hər qadın bişirə bilər. Amma döyüşə çoxu gedə bilməz. Heç kişilər qaçıb gizlənirdi o vaxt. Amma mən kişi kimi döyüşmüşəm, erməninin içinə kəşfiyyata getmişəm. Hünərimlə kişilərdən geri qalmamışam. Mən namusumla, qeyrətimlə, alnı açıqlığı ilə döyüşüb, vətən borcumu yerinə yetirmişəm. Bunu danmaq olmaz axı. Və mən buna görə özümlə fəxr edirəm.

 

***

 

... Heç yadımdan çıxmaz. Payızda Ağdamda gur yağışlar yağırdı. Meşələrə, yüksəkliklərə axıdılmış şəhid qanlarını yağış yuyub axıdırdı çaya, çayın rəngi olmuşdu qırmızı. Analar, bacılar suyu çəhrayı rəngə bürünmüş arxların başında saç yolur, ağı deyirdilər. Ölən, itkin düşən şəhidlərimizə ağlayırdılar. O mənzərə unudular heç? O şəhidləri unutmaq, qanlarını yerdə qoymaq olmaz. Torpaqlar alınmasa, onların qəbri də qan ağlayar, ruhları da bizi bağışlamaz...

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/304283

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR