Qaranlıq dəhlizlər, yemək qoxusu altında dərs və ya “ölünün dalınca danışmazlar” - REPORTAJ

Qaranlıq dəhlizlər, yemək qoxusu altında dərs və ya “ölünün dalınca danışmazlar” - REPORTAJ
15:34 12 Yanvar 2015
175 Sosial
Ölkə mətbuatı
A- A+

Lent.az-ın əməkdaşı Bakının mərkəzində yerləşən məktəbdən yazır

Metropolitenin “Nərimanov” stansiyasından çıxıb kələ - kötür yolla gəlib çıxırıq bura. Müseyib Müseyibov adına Laçın rayon Bozlu kənd orta məktəbinə. Məktəb deyib də durmayın; Qarabağdan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Molla Cümə küçəsi, 26 ünvanındakı yataqxanada yerləşir. Binanın birinci mərtəbəsindəki lövhə olmasa, demərsən burda məktəb var.

 

Qaranlıq koridorda göz-gözü görmür. Sadəcə səsini eşitdiyin xanımdan məktəbi soruşuruq. İkinci mərtəbəyə qalxmağımızı deyir. Geniş və zülmət  dəhlizdən keçib yuxarı qalxırıq. Məktəbə gedən yolun daşlı, palçıqlı, uçuq, dağınıq olduğunu həm görüb, həm də eşitmişdik. Biz isə yemək qoxusunun müşayiəti ilə addımlayırdıq.

Qəribə bir səssizlik var burda. Bir-bir qapıları dinləyirəm. Görüm hansı otaq sinifdi, hansı yaşayış evi. Dəhlizin o başından kimsə gəlir. Uzaqdan düşən günəş şüasının altında qadın silueti görünür. Müəllimlər otağını soruşuruq. Sən demə, dayandığımız yerin düz yanındakı qapıymış.

 

Otaqda cəmisi 2-3 müəllimə vardı. Digərləri dərsdə idilər. Müəllimlər üçün ayrılan otağın balaca, iki gözlü pəncərəsi olsa da, otaq özü çox balacadır. Bir neçə stol sığacaq qədər. Divarları şəhidlərin xatirəsinə həsr edilmiş fotolar, xatirələrlə bəzənib. Başda balıq qulağından hazırlanmış 8 guşəli bayrağımız. Otağı bir spiralı xarab olmuş elektrik piltəsi isidir. Soyuqdan içəri girəndə isti olsa da, bir qədər oturandan sonra soyuğu hiss etməmək mümkün deyil.

 

Direktor məktəbdə olmadığından müavini Kifayət Sadıqova ilə söhbətləşirik. Deyir, məktəb, daha doğrusu siniflər binanın ikinci mərtəbəsindən başlayaraq hər mərtəbəyə paylanıb. Cəmisi də 5 sinif otağı var.

 

- 22 ildir bu binada yerləşmişik. Məktəbimizdə 47 şagirdə 22 müəllim dərs verir. Bu il məzun olan 10 şagirddən 6 nəfəri ali məktəbə qəbul olub. Biri oğlan, beşi qız. Ancaq məktəbdə öyrəndikləriylə. Əlavə hazırlıqsız. Şəbnəm adında şagirdimiz 650-dən yuxarı bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Prezident təqaüdçüsü olmaq üçün 2 balı çatmamışdı. Övladları başqa məktəbdə oxuyan müəllimlər sırf burdakı yüksək təhsil səviyyəsinə görə, balalarının sənədlərini bu məktəbə gətiriblər.

 

Yan otaqda tarix dərsidir. Qadın müəllimə Səfəvilər və Osmanlılar arasında getmiş Çaldıran döyüşünü danışır. Şah İsmayıl Xətainin, Sultan Səlimin adını çəkir. Yerdən replika gəlir: “Müəllimə, ölünün dalınca danışmazlar”. Hamı gülüşür.

 

 

Sinif otaqları az olduğundan məktəbdə dərs iki növbəli keçilir. Bu il və ötən il birinci sinif toplanmadığından siniflər 3-cü sinifdən başlayır. Birinci növbədə 3, 4, 9, 10, 11-ci siniflər, ikinci növbədə 5, 6, 7 və 8-ci siniflər. Şagirdlər elə həmin binanın sakinləri – məcburi köçkünlərdir. Kifayət müəllimə tək şagirdlərin davamiyyətindən deyil, həm də binanın sakinlərindən razılıq edir. Binada məktəbin yerləşdiyini nəzərə alan qonşular  deyir ki, dərs vaxtı televizorun, radionun səsini qısır, sinif otaqları yerləşən otaqların üstündə uşaqlarına nadinclik etməsinlər deyə təpinirlər. Təki övladları yaxşı təhsil ala bilsinlər. Əvvəllər digər yerlərdən gələn şagirdlərin qəbuluna icazə verilsə də, hazırda ancaq məcburi köçkün uşaqlar bu məktəbdə oxuya bilər.

Kifayət müəllimə məktəbin bu yaxınlarda təmir olunacağını da deməyi unutmur. Məktəbin köçürülməsinə gəlincə, onun da bu barədə hələlik məlumatı yoxdu. Məktəbin köçürülməsi yataqxanadan asılıdır. Müəllimlər və şagirdlər sakinlərlə ortaq ayaqyolunu işlədirlər. Şagirdlərin elə bina sakini olduğunu nəzərə alsaq, bu elə də təəccüblü olmaz.

Direktor müavinin səhhətində problem olduğundan onu yormaq istəmirik. Müəllimə otağın qapısını açıb zəngi vuranda, biz söhbətimizi yekunlaşdırırdıq. Qapıdan çıxanda “gərək gözləyərdim zəng içəri vurulsun, sonra çıxardıq” deməyimə gərək qalmır. Koridorda nə itələşən uşaqlar var, nə də bufetə tələsən qızlar. Sadəcə bir qadın görünür. Qoltuğunda da körpə uşaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR