Play Store

Şeir peşmanlığın ən yaxın dostudur - POEZİYA

Sevgi ibadəti

Yuxudan təcili oyanıb əzab çəkdim
Unutmaq üçün.
Qaçmaq üçün
Və ağlamamaq üçün
Sığındığımız yuxuların ərşidir sevgi.

Boz paltomu götürdüm
Sənin lağ etdiyin o cibi sökük parçanı
Titrəməmək üçün
Amma üşüdürdü sənsizlik
Bir qarış tənhalıq geyməkdir də sevgi.

Boz-bulanıq fəsillərin qolunu burdum
Axtardım səni
Birgə yazdığımız şeirlərdə
İşarələdiyimiz misralarda
Sevişdiyimiz Musabəyov parkında
Sən olar hər şeydə sənsizlikdir sevgi.

Rəssamın fırçasından qəddardır ayrılığın rəngləri
Çəkə bilən olsaydı üsyan edərdi
Asardı özünü hisslərin kəndirindən
İntihar cana qəsddirsə
Yaşayaraq ölmənin Allahıdır sevgi.

Bilirsən, adam necə qəddar olur sevəndə?
Başındakı yaylıqdan
İlk bahar çiçəyinə qədər
Səni xatırladan hər şeydir
Güldüyümüz üçün peşman olduğumuz səcdədir sevgi.

Qəlbinin içərisində bir yer də yox
Yer verdin, üz çevirdim
Can verdin, görmədim
Sən var idin, vecimə almadım.
Amma indi anladım ki
Bir yerə yox, bir dünyaya
Bir cana yox, bir insanlığa
Bir sənə yox, bütöv varlığına
Bağlanmaqdır, dirilməkdir,
Mövcudluqdur sevgi.

Sən getdiyin gün daha gümrah idim
Ruhumu sənziklik xərçəngi qucaqlamışdı
Və sən getdin...
Sən getdin...
Anam getdi
Dədəm getdi
Bacım getdi
Qadınım getdi.
Tam olmaq sona yetdi.

Sən 13 mayda doğuldun qəlbimdə
O şirin piroqun meyvəsini
Universitet kafesində yeyirdin
Mənsə sənə axırdım
Sakitcə əndamına baxırdım.
Yediyin piroqu belə xatırlamaqdır sevgi.

Şeir peşmanlığın ən yaxın dostudur
Deyə bilmədiklərimizin anasıdır sətirlər
Yanımızda olanda qorumadıqlarımızı
Gedəndə dəyərləndirməkdir
Şeirlərlə qardaşlaşmaq səbəbidir sevgi.

Bir oğlumuz olaydı
Mənim kimi qaraşın
Sənin kimi əndamlı
Sən dərs oxudaydın
Mən sevdiyi qızı soruşaydım
Oğlumuzun xəyalını qurmaqdır sevgi.

Bir də sarışın qızımız olaydı
Saçları buruq, mənim kimi
Burnu kiçik, səninki kimi
Sən saçlarını darayaydın
Mən “qızım” deyəydim
Sənə bənzəyən qız övladın həsrətidir sevgi.

Adamın öz ürəyini sökməyi gələndə
Qəlbi sızıldamaqdan heç kəs qorumur
Bir qadının adı hər şeyə həkk olunanda
Min qadın da gəlsə o ad pozulmur
Yazıldısa, silinməyən alın yazısı kimidir
Həm də müdaxilə edilə bilməyən taledir sevgi.

Yazılar yazırıq, savaşlar bitsin
Bütün gün bağırırıq, nifrət itsin
Və bəşər sülhə qovuşsun
Sevgiylə toqquşsun
Lakin bir qadını sevə bilmirik
Sevəndə də gec sevirik
Bütün saxtakar şairlərin birləşdiricisidir sevgi.

Səni rəqəmlər kimi özləyirəm
Bir sən
Bir mən
Bərabərdir yenə bir.
Yoxluqda riyazi qanunları pozub
Təkliyi ədədlərlə unutmaqdır sevgi
İçinə nöqtə qoymaqdır həm də sevgi.

Tural İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR