“Bu saytlarla bağlı hüquqi çərçivədə addımlar atılmalıdır” - Baş redaktor

“Bu saytlarla bağlı hüquqi çərçivədə addımlar atılmalıdır” - Baş redaktor
22:23 12 İyul 2018
50 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün internet mediasında pərakəndəlik var. Bu məsələ uzun illərdir müzakirə edilir. Lakin bir nəfərdən ibarət çoxsaylı saytlar var. Ölkədə əhəmiyyətli kritik məqamlar olanda, hər hansı hadisə baş verəndə bu saytların yaratdığı çoxsaylı problemlərlə üzləşirik".

Bu sözləri Publika.az-a açıqlamasında “Kaspi”qəzetinin baş redaktoru İlham Quliyev son günlər bəzi mənbələrdən maliyyələşən bir sıra saytların etnik və dini ayrıseçkilik yaratmaq məqsədilə məlumatlar yaymasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu cür saytlar məlumatları ilə ictimai rəyi çaşdırmağa çalışır:

“Son hadisələrlə bağlı da bu hal müşahidə edildi. Bu saytları idarə edənlər peşə etikası qaydalarına əməl etmirlər, təxribat xarakterli, təsdiqlənməmiş məlumatlar yayırlar. Bununla da ictimaiyyəti çaşdırırlar. Bir neçə gün əvvəl Baş Prokurorluq bəzi sayt rəhbərləri ilə bağlı da xəbərdarlıq yaydı. Təkcə ölkə xaricindən deyil, eləcə də ölkə daxilindən maliyyələşən saytların da bu cür məlumatlar yaydıqlarını müşahidə etdik. Həmin saytların yaydığı məlumatların ictimai rəyə təsir imkanları böyük deyil. Adi günlərdə onların yaydığı məlumatlar oxucuların marağına səbəb olmur. Lakin ölkə əhəmiyyətli və təhlükəsizliyimizlə bağlı məsələlərdə, cəbhə xəttində gərginlik olanda bu cür saytların məlumatı diqqət çəkir”.

İ.Quliyev bildirib ki, hazırda bu sahənin tənzimlənməsinə ehtiyac var:

"Bu məsələlər müxtəlif səviyyələrdə müzakirə edilsə də, hələ ki, hüquqi həll yolu müəyyən edilməyib. Dövlət bəzi saytların ölkə ərazisində açılmasına məhdudiyyət qoyub. Lakin bu da tam istədiyimiz kimi effekt vermir. Çünki bu zaman həmin saytın sahibi başqa bir adla yeni sayt yaradır və əvvəlki saytın bazasını yeni sayta yerləşdirib, fəaliyyətini davam etdirir. Peşəkar mühitdə bununla bağlı müzakirə aparılıb, çərçivə sənədi hazırlana, hüquqi xətlər cızıla bilər. Ölkə əhəmiyyətli hadisələr və təhlükəsizliklə bağlı bu cür hallara yol verən saytların rəhbərləri ilə bağlı hüquqi çərçivədə addımlar atılmalı, məsuliyyətə cəlb edilməlidirlər. Bu insanlar yaydıqları xəbərə görə məsuliyyət daşıdıqlarının fərqində olmalıdırlar. Bunun söz azadlığı, plüralizmə qarşı mübarizə kimi qiymətləndiriləcəyi düşünülür. Lakin ölkənin təhlükəsizliyi ilə bağlı məqamlarda digər məsələlər arxa plana keçir. Gəncə hadisələr zamanı bunu əyani şəkildə gördük. Həmin saytlar açıq şəkildə aksiyaya çağırış etdilər, terroru törədən şəxslə bağlı qeyri-dəqiq məlumatlar yaydılar, təxribatı hazırlayanlar üçün vasitə oldular”.

İ.Quliyev bu cür saytlara qarşı mübarizə aparmağın Azərbaycan mediasının imkanı xaricində olduğunu bildirib.

“Təcrübəmizdə populyar mətbuat orqanlarının adına oxşar saytlar yaradıb reketçilik fəaliyyəti göstərən saytlar olub. Həmin saytlar onlara qarşı mübarizə aparmağa çalışsalar da, effekti olmayıb. Ona görə də həmin saytlar mübarizəni dayandırıblar. Media bu məsələdə məqalələr yaymaqla ictimai rəy yaratmağa çalışır. Amma təəssüf ki, bunlar əhəmiyyətli rol oynaya bilmir. Dövlət səviyyəsində addımlar atılmalıdır. Hətta bu zaman belə onların fəaliyyətini məhdudlaşdıra bilmirik. Bu saytların rəhbərləri Avropa ölkələrində fəaliyyət göstərirlər. Hüquq-mühafizə orqanlarının onlarla mübarizə imkanları da bu zaman məhdudlaşmış olur. Lakin hazırkı durumda ciddi addımlar atılmazsa, gələcəkdə daha ciddi problemlərlə üzləşə bilərik. Hüquq-mühafizə orqanları, Mətbuat Şurası, media rəhbərləri bu məsələdə ən uyğun yol tapmağa çalışmalıdırlar”.

Gülxar


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/247185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR