Bakıda 15 min manata kirayə bağ evi - REPORTAJ

Bakıda 15 min manata kirayə bağ evi - REPORTAJ
12:49 16 İyul 2018
70 Digər
Ölkə mətbuatı
A- A+

Yayın qızmar aylarından birini yaşayırıq. Kimi ölkə hüdudlarından kənarda, kimi bağda, kimi dağda istirahət edir. Hər kəs istirahətini cibinə uyğun olaraq planlaşdırır. Təbii ki, istirahətə imkanı olmayanlar da az deyil.

 

Amma yayı dəniz kənarında xudmani bir evdə keçirmək yəqin ki, hamının ürəyindən olar. Düzdür, əvvəllər bağ evlərində dincəlmək istirahət üçün xaricə getməkdən daha ucuz başa gəlirdisə, indi vəziyyət dəyişib. Bağ evlərinin ceyran belinə çıxan həm kirayə, həm də satış qiymətləri çox az adama bu fürsətdən yararlanmaq imkanı verir. Bəs qiymətlər necədir?

 

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının dediyinə görə, bağ evlərinin kirayə qiymətləri evin yerləşdiyi əraziyə və şəraitinə görə dəyişir. İnsanlar ilk növbədə bağın dənizə yaxın olmasına can atırlar. Bundan başqa, infrastruktur da bilavasitə kirayənin qiymətinə təsir edir: “Ümumiyyətlə, bağ evlərinin kirayəsi kifayət qədər qısa bir dövrdə tələb və təklifin çox ciddi dəyişməsi ilə yadda qalır. Bu, yay mövsümünün başlanması ilə may ayının sonlarından avqust ayının sonuna qədəri əhatə edir. Bu üç aylıq müddətdə xüsusilə məzuniyyətə çıxmaq imkanı olmayan, rayonlara və digər xarici ölkələrə getmək üçün imkanları məhdud olan insanlar daha çox bağ evlərinə üstünlük verməyə çalışırlar. Onlar həm istirahət edir, həm də işə gəlib-gedirlər. Elə insanlar var ki, onlar özəl sahələrdə çalışırlar, işi qoyub getmək mümkün olmadığından, gündüz işdə olmaq, gecə bağda dincəlmək istəyirlər. Elə buna görə də bağ evlərinə olan tələbat xeyli dərəcədə artır. Bu tələbin artımı bağ evlərində bəzi hallarda iki-üç qat qiymət artımına səbəb olur. Bu il də ötən illərdə olduğu kimi, bazar üçün xarakterik dövr yaşanır".

 

Ekspert deyir ki, hazırda bağ evlərinin kirayəsində qiymətlərin kəskin artımı müşahidə olunur: "Bu gün paytaxtdan kənarda, xüsusilə dənizə yaxın və infrastrukturu yaxşı olan, inzibati mərkəzlərə, ictimai obyektlərə yaxın olan, ictimai nəqliyyatla təmin olunması geniş olan ərazilərdəki bağ evlərinin qiyməti kəskin şəkildə artıb. Hətta bəzi ərazilərdə 8-10 min manat arasında bazara təklif olunan bağ evləri var. Düzdür, həmin bağ evləri kifayət qədər böyük ölçülü, funksional evlərdir, bir evdə bir ailə yox, bir neçə ailə dincələ bilər. Yəni yaxın iki-üç ailənin bu evləri kirayələməsi bəzən insanlar üçün əlverişli sayılır. Bunu təbii qəbul etmək lazımdır. Çünki tələbdən asılı olaraq qiymət dəyişir. Kirayəsi 8-10 min manat olan bağ evlərinin bazarda satış qiyməti 3-5 milyon arasında dəyişir. Bu, qısa müddətli dövrü əhatə edən bir prosesdir".

 

Ramil Osmanılı deyir ki, Türkan və Bilgəhdə bağ massivlərində qiymətlər daha bahadır. Mərdəkanın inzibati mərkəz olması və infrastrukturun yaxşı olması qiymətlərə təsirsiz ötüşmür. Əgər bağ evi bütün yay mövsümü üçün, yəni 3 ay müddətinə kirayə götürülürsə, bəzən qiymətlərdə 20 faizə qədər endirim edilir: "Aparılan müşahidələr göstərir ki, hər il təklif portfelinin həcmi artır. Yeni tikililər meydana gəlir, şəhərkənarı ərazilərə doğru axın artır. Əgər 10 il əvvəl kifayət qədər boş yer vardısa, bu gün artıq bağ sahələrində boş yer tapmaq çox ciddi problemə çevrilib. Torpaq sahəsi məhduddur. Torpaq regenerasiya olunmayan əmlak növü olduğundan, onun həcmini artırmaq mümkün deyil. İqtisadi şərait, insanların istirahətlə bağlı fikirlərinin dəyişməsi tədricən vəziyyəti dəyişir. Əgər bir ailə bir aylıq bağ evi üçün 3000 manat ödəyirsə, bu pulla xarici ölkədə 3-4 gecə iki ulduzlu hoteldə orta səviyyədə dincələ bilər, ya dincələ bilməz. Azərbaycanın rayonları ilə də müqayisə etsək, görərik ki, həmin xərc bəlkə də daha artıq bölgələrdə xərclənir. Xüsusilə turizm bölgələrində ortadan aşağı səviyyədə kommunal şəraiti olan iki otaqlı fərdi yaşayış evinin bir günlük kirayəsi 50 manatdan yuxarıdır".

 

Əgər nəzərə alsaq ki, bir aylıq kirayə haqqı 3000 manat olan bağ evinin qiymətinə Gürcüstanda ailə üzvləri ilə normal dənizkənarı istirahət etmək mümkündür, onda təbii ki, insanların çoxu istirahət üçün Bakıətrafı bağlara yox, qonşu ölkələrə üz tuturlar: "Türkiyə və Ukrayna ilə müqayisədə Gürcüstanda daha ucuzdur. Amma nəzərə alaq ki, elə qrup insanlar var, onların bu şəhərdən kənarda istirahəti alınmır, məsələn, dövlət məmurları, hərbçilər və sair, onda həmin ailələr üz tutur bağlara. Ona görə də ildən-ilə qiymətdə bahalaşma  davam edir".

 

Daşınmaz əmlak kirayəsi ilə məşğul olan saytların çoxunda kirayə verilən bağ evi və villaların qiyməti göz qamaşdırır. Məsələn, Bilgəhdə dənizdən 500 metr aralıda 3 mərtəbəli bağ evini aylıq 5 min manata kirayə verirlər. Villada 4 yataq otağı, 3 hovuz, sauna, təndir, manqal var. Dənizin bir addımlığında süni şəlaləsi, bostanı olan villa 8 min manata kirayə verilir.

 

Bilgəhdə, Nardaranda, Mərdəkan, Şüvəlan, Pirşağı qəsəbələrində kirayə verilən bağ evləri və villaların kirayəsi çox bahadır. Alqı-satqı vasitəçiləri isə bunu həmin qəsəbələrin dəniz kənarında yerləşməsi ilə əlaqələndirirlər. Ən ucuzu 1000 manatdan başlayan belə evlərin ən bahalıları isə 15 min manata kirayə verilir.

 

Novxanıda həm dənizə, həm də istirahət mərkəzlərinə yaxın yerləşən bağ evlərinin qiyməti 2600 manatdan başlayır. Məsələn, magistral yoldan 50 metr kənarda 2 mərtəbəli, 7 otaqlı, 2 mətbəx, 2 hamamı olan bağ evini 2700 manata kirayələmək olar. Şüvəlanda 9500 manata kirayə verilən bağ evi də var.

 

Çəkiliş qrupumuzla Pirşağı bağlarında olarkən hava küləkli olduğundan, dəniz çirkli idi. Buna baxmayaraq, bir-birindən gözəl göz oxşayan cərgə ilə durna qatarı kimi düzülmüş villaların heç biri boş deyildi. Öyrəndik ki, son bir ildə villasını kirayə verənlərin sayı artıb. Çünki bu villaları saxlamaq baha başa gəlir, kirayə ilə heç olmasa kommunal xərcləri çıxarmağa çalışırlar. Ölkəyə turist axını və bölgələrdə yerlərin dolu olması isə qiymət artımına səbəb olur.

 

Dəniz kənarında dincələn paytaxt sakinləri müsahibə vermək istəməsələr də, dincəlmək üçün şəhərdən gəldiklərini dedilər və əlavə etdilər ki, bir illik məvaciblərini toplasalar belə, bağda bircə ay da kirayə qala bilməzlər.

 

"Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar" deyimini xatırlayaraq Bakı bağlarından uzaqlaşdıq.

 

Bağınıza yaxşı baxın ki, dincələnlər də sizdən razı qalsın!


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/305878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR