"Səfərdəki top fərqini aradan qaldırmaq çox çətin idi. "Baltsan"ın necə vaxt apardığını özünüz gördünüz. Evdə də belə oynamışdılar".
Publika.az apasport.az-a istinadən xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçi səlahiyyətlərini yerinə yetirən Zaur İsmayılov deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Baltsan"a səfərdə böyük hesabla yenilən (1:4) paytaxt təmsilçisi cavab görüşündə 2:1 hesablı qələbə qazansa da, mübarizəni dayandırıb.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında İsmayılov bu sözləri deyib: "Müdafiədə oturan komandaya qarşı oynamaq çətindi. Şanslarımız çox oldu, amma alınmadı. Təəssüf ki, uduzduq. "Baltsan"ı təbrik edirəm".
- Vaqif Cavadovla Fuad Bayramov niyə ehtiyatda qaldı? Həqiqətən də, problem var?
- Oyunun gedişində hücumameylli oyunçular buraxdıq. Açığı, fikirləşirdik. Amma belə qərar verdik.
- Məmməd Quliyevin kobud səhvi oyunun qırılma anı sayıla bilər?
- Məmməd girəndən sonra qol vurduq. Texniki səhv oldu. Daha öncə də belə səhv etdi. Bəli, o epizod qırılma anı oldu. 2-3 dəqiqəyə nəsə etmək olardı. Amma bu, futboldu.
- Baş hakimdən razı qaldınız? Oyun zamanı futbolçuları sakitləşdirirdiniz. Hakimlərə etiraz etmirdiniz...
- Dördüncü və yan xətt hakiminə etirazlar edirdim. Qapıçı ilk saniyədən vaxtı uzadırdı. Hakim etirazlar zamanı bizim lehimizə qərar vermirdi.
- Zaur Axundov matçdan sonra paltardəyişmə otağında futbolçulara nə dedi?
- Hamıya təşəkkür etdi. Gördü ki, şanslarımız oldu. Bildirdi ki, ilk oyunda səhvlərdən 4 qol buraxdıq.
- Vaqif Cavadovla Fuad Bayramov "Keşlə"də qalacaqlar?
- Bəli, onlar komandada qalacaqlar.
- "Keşlə"də qalacaqsınız?
- Fikirləşirdim ki, mərhələ keçsək, şans qazanaram. Təəssüf ki, qalib gəlmədik. Heç nə bilmirəm.