Serbiya mətbuatı erməni girovluğunda olan həmvətənlərimizdən yazdı

Serbiya mətbuatı erməni girovluğunda olan həmvətənlərimizdən yazdı
16:17 23 İyul 2018
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin məzarlarını ziyarət etmiş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsinin, Həsən Həsənovun isə qətlə yetirilməsinin 4-cü ildönümü ilə əlaqədar Serbiyanın nüfuzlu KİV-lərindən olan "Danas" qəzetində "Azərbaycan Əsgərov və Quliyev üçün azadlıq axtarışında" və geniş oxucu kütləsinə malik "BALKANİN" informasiya saytında "Azərbaycan mülki şəxsləri dörd il sonra" başlıqlı məqalələr dərc edilib.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumatına görə, məqalələrdə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz qurumun uydurduğu cinayət işi əsasında D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 illik azadlıqdan məhrum edilməsi, həmçinin Azərbaycan vətəndaşlarını həbs etmiş, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan qondarma rejimin Ermənistan tərəfindən "Dağlıq Qarabağ Respublikası" adlandırıldığı qeyd edilərək, bu qurumun Ermənistanın göstərişi və nəzarəti altında olduğu bildirilir.

Məqalələrdə vurğulanır ki, D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntüləri onların erməni girovluğunda qeyri-insani rəftara məruz qaldığını açıq şəkildə sübut edir. Daha sonra girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyalarının müddəalarına zidd olaraq, Ermənistan tərəfinin beynəlxalq səviyyədə götürdüyü bu öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyi bildirilərək, Azərbaycanın humanitar hüquq normalarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair çağırışlarına məhəl qoymadığı ifadə edilir.

Ermənistanın bu qeyri-humanist və qeyri-konstruktiv mövqeyinin münaqişənin sülh və danışıqlar yolu ilə həllini daha da çətinləşdirdiyi, D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılmasının Ermənistanın təcavüzünün və Azərbaycan torpaqlarının işğalının nəticələrini möhkəmləndirməyə hədəflənmiş məqsədyönlü, hamıya məlum etnik təmizləmə, yüz minlərlə azərbaycanlının güclə qovulduqları evlərinə qayıtmaq hüququnun, eləcə də yaşamaq, azadlıq və təhlükəsizlik hüququnun qarşısının alınması siyasətində bir daha açıq şəkildə öz təsdiqini tapdığı vurğulanır.

Məqalələrdə, həmçinin, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə geniş məlumat verilib və beynəlxalq ictimaiyyətin çağırışlarına, beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı bildirilir.

Azərbaycanın digər tarixi ərazilərini işğal altında saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan verməməklə Ermənistanın sülh proseslərinə maneə törətdiyinin qeyd edildiyi məqalələrdə, Ermənistanın reallığı nə qədər tez dərk edib beynəlxalq hüquqa uyğun davranacağı təqdirdə, münaqişənin bir o qədər tez şəkildə öz həllini tapacağı, regionda yerləşən ölkələr və xalqların əməkdaşlıq və iqtisadi inkişaf perspektivlərindən faydalanacağı qeyd olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/670340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR