"Gəl, ay müştəri, qızıldandır dişləri" - FOTO

"Gəl, ay müştəri, qızıldandır dişləri" - FOTO
17:37 12 Yanvar 2015
340 Sosial
Ölkə mətbuatı
A- A+

Yeni il endirimləri gəncləri hədəf aldı
Yeni ilin gəlişi ilə mağazalarda “Şok endirim kampaniyaları” davam edir. Geyim mağazalarının reklamlarına görə, mallar öz qiymətlərinin yarısı qədər endirimlə verilir. Hətta bunların içərisində 70 faizədək endirimlərə belə rast gəlmək mümkündür. Bundan əlavə, mağazaların vitrinlərini “brend mallara 50-70 faiz endirimlər”, “qış endirimləri başladı”, “nə alırsan al, yarı qiymətinə” kimi elanlar bəzəyir. Üstəlik, bu elanlar insanların telefonlarına da sms şəklində göndərilir. Mağazalar bu ərəfələrdə bir-biriləri ilə endirim yarışına girirlər. Bu endirimlərdən yararlananlar isə əsasən gənc təbəqədir. Alış-veriş etməkdən zövq alan gənclər, xüsusilə də xanımlar üçün endirim mövsümü çox önəmlidir. Biz də endirimlərlə maraqlanmaq, reklam kampaniyalarının həqiqəti nə dərcədə əks etdirdiyini müşahidə etmək üçün "28 may" metrosu yaxınlığında yerləşən “28 mall” ticarət mərkəzinə yollandıq.

“İynə atsan yerə düşməz”

İş saatı olmasına baxmayaraq, ticarət mərkəzinin girişində müştərilərin çoxluğu diqqətimizdən yayınmır. Mağazalarda isə kassaların önündə yaranan növbəni gördükdə təəccüblənməmək mümkünsüzdür. Növbənin ucu-bucağı görünmür. Satıcılarla söhbətimiz zamanı məlum olur ki, həftə sonu mağazalarda iynə atsan yerə düşməz. Endirim ərəfəsində, ticarət mərkəzində tərpənmək mümkün deyil.

Kassada növbəsini gözləyən Günel deyir ki, brend mağazaların geyimlərə endirim etməsi çox yaxşıdır. Həmsöhbətimizin sözlərinə görə, o, belə endirimlərdən tez-tez yararlanır: “Brend paltarlar almağa imkanımız çatmır. Amma fəsil dəyişəndə, bayram günlərində edilən endirimlərdən yararlanıram. Məsələn, bu pencək (əlindəki pencəyi göstərir- A.Ə) üzərində də yazıldığı kimi, əvvəl 85 manat olub, indi isə 40 manata aldım. Yay paltarlarına yarı qiymətinə qədər endirim edilir”.
Ticarət mərkəzində müşahidələrimiz zamanı məlum olur ki, 70 faiz endirimlər əsasən yay paltarlarına şamil edilir. Yeni sezon geyimlərinə isə endirim olunsa belə, yaxın getmək mümkün deyil. Endirimli yeni kolleksiyaların da öz qiymətləri ilə endirimli qiymətlər arasında 4-5 manat fərq var.
Baş çəkdiyimiz “New Yorker” mağazasında satıcı xanım endirimlərin yeni kolleksiyaların hamısına şamil edilmədiyini dedi. O, həmçinin, endirim kampaniyası zamanı müştərilərin digər günlərdən daha çox olduğunu və alıcıların mağazadan əli boş çıxmadığını bildirdi.

Bütün mallar satılıb

Ticarət mərkəzində brend uşaq paltarlarının endirimli qiymətləri 20-25 manatdan başlayır. Nəvələrinə paltar alan Rəsmiyyə xala deyir ki, endirim olunsa belə, mallara yaxın getmək mümkün deyil: “Qızım, balaca uşaq köynəyi nədir ki, onu 25 manata verirlər. Mənə maraqlıdır, bu köynək endirimdən öncə neçəyə olub? Belə şişirdilmiş qiymətlərlə insanları aldatmaq düzgün deyil”.

Amma 2 uşaq anası Təranə deyir ki, övladlarına endirim olduğundan cibinə uyğun qiymətlərlə xeyli bazarlıq edib: “Bəzi uşaq geyimləri mağazalarındakı endirimlərdən çox razı qaldım. Əvvəlki qiymətlərə nisbıtdı ikiqat endirimlə istədiyim geyimləri ala bildim”.

Müştəriləri özlərinə cəlb edən mağazalara əsasən ikinci mərtəbədə yerləşir. Mağazalarda kişi geyimlərinə endirimlər olsa da, daha çox gənc xanımlar diqqətimizi çəkir. Onlar ya həyat yoldaşları ilə, ya da rəfiqələri ilə alış-veriş edirlər. Belə müştərilərdən biri də Səbinədir. Həmsöhbətimiz mağazaya öz qrup yoldaşları ilə gəlib. Lakin bəyəndiyi paltarların ölçülərini tapa bilmədiyi üçün məyus olub: “Gərək endirim elanı verilən kimi mağazaya gələsən. 1-2 gün gecikdikdə bütün paltarlar alınır. Yerdə qalanların ölçüləri də elə olur ki, nə arığa gedir, nə də kökə”.

“Nə alırsan al, yarı qiymətinə”

"28 Mall" ticarət mərkəzində endirimlər digər mağazalara nisbətən həqiqəti əks etdirsə də, 28 may metrosu ərazisində yerləşən bir çox mağazalarda yalançı endirimlərin şahidi oluruq. Mağazalardan birinin yanından keçərkən “Nə alırsan al, yarı qiymətinə” səs yazısı diqqətimizi çəkir. Bu mağaza artıq vitrinə yazmaqla kifayətlənməyib, səsli şəkildə də insanları özünə cəlb edir. Mallarla maraqlanmaq üçün mağazaya daxil oluruq. Məlum olur ki, buradakı endirimlər real deyil. Mağazaya alıcı çox daxil olsa da, hamısı narazı ifadə ilə həmin məkandan uzaqlaşırlar.

Aynurə deyir ki, hər dəfə mağazanın yanından keçəndə, az qalırlar müştərini məcbur içəri salsınlar: “Bu qədər reklamdan sonra mağazaya daxil oluruq. Amma görürük ki, buradakı malları 100 faiz bahalaşdırıb 50 faiz endirirlər. Satılan geyimlər əvvəlki qiymətindən daha baha başa gəlir. Reklamda elə deyilir ki, guya birini alsaq, birini hədiyyə verəcək. Amma elə ikisinin pulunu, bəlkə də artığını birinin üstünə qoyurlar”.

Yalançı endirimlər

Qeyd edək ki, mağaza sahibləri alıcının diqqətini cəlb etmək və malların tez bir zamanda satılması üçün bu üsula əl atırlar. Çünki istənilən alıcı “mağazalarda bütün mallara 70 faiz endirim” lövhələrini gördükdən sonra 100 manatlıq malı 30 manata alacağını düşünərək buraya daxil olur. Bu elanın məqsədi müştərini mağazaya cəlb etmək, cəlb etdikdən sonra isə onları qiymətləri “od tutub yanan” yeni kolleksiyalarla tanış etməkdir.

Yoldaşını alış-veriş etməyə gətirən Seymur deyir ki,endirim adıyla mağazaya gəlib. Lakin hələ 3 koftaya 100 manat pul xərcləyib: “Qadınların alış-veriş həvəsini başa düşə bilmirəm. Mağazalar bilirlər nə edirlər. Bizim xanımlar anlamır ki, endirimlər sadəcə vitrində qalır. Yeni kolleksiyalara endirim olunmur. Köhnə kolleksiyanın isə bayramla əlaqəsi yoxdur. O, onsuzda mövsümü keçən kimi hər vaxt endirimdə olur”.

Gecə paltarlarının çoxluq təşkil etdiyi “Party 21” də isə digər mağazalarda olduğu kimi, yeni kolleksiyalara endirim şamil edilmir. Endirimdə olan məhsullarla maraqlanmaq üçün satıcıya yaxınlaşdıq. Satıcı bizimlə söhbətində endirimin yalnız köhnə kolleksiyalara aid olduğunu bildirdi. Yeni kolleksiya isə öz qiymətləri ilə satışa çıxarılır.

Kaspi.az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR