Peyğəmbərdən nə istəyirlər?

Peyğəmbərdən nə istəyirlər?
17:51 12 Yanvar 2015
196 Sosial
Ölkə mətbuatı
A- A+

Fransanın "Charlie Hebdo" jurnalının ətrafında baş vermiş terror dəhşəti sərhədsiz söz azadlığının nəticəsidir.

ANS PRESS-in müraciət etdiyi əksər fikir adamları düşünür ki, həm yanvarın 7-9-da baş vermiş qanlı hadisələr, həm də yanvarın 11-də “Terrora yox” şüarı altında keçirilən yürüş Fransada, elə də dünyada dinlərarası münasibətləri gərginləşdirəcək.

Çünki indiyə kimi dünyada baş vermiş heç bir terror hadisəsinə görə bu cür dünya səviyyəli marş təşkil edilməyib. Dünya mediası demək olar ki, hər gün Parkistanda, Əfqanıstanda, Suriyada, İraqda, Nigeriyada, Livanda, Türkiyədə və Yəməndə müsəlmanlara qarşı təşkil edilən terror hadisələrindən xəbər verir. Hər terror hücumu onlarla insanın həyatına son qoyur. Amma bu barədə heç kim heç bir beynəlxalq marş təşkil etmir.

Azərbaycan da terror qurbanları vermiş ölkədir, amma beynəlxalq müstəvidə ölkənin haqlı səsinə səs verənlər çox azdır. 1990-cı illərdə yenicə müstəqilliyini elan etmiş ölkə bu işdə çox böyük təcrübəsi olan erməni terrorçularının hədəfinə çevrildi. Bakı metrosuna, şəhərlər arası sərnişin nəqliyyatına edilən terror hücumları nəticəsində onlarla insan həyatını itirdi, amma özünü demokratiyanın beşiyi sayan ölkələrin heç biri bununla bağlı nəinki beynəlxalq marş, heç etiraz aksiyası belə keçirmək istəmədi. Hətta Amerikada məşhur əkiz qüllələrə qarşı edilmiş və minlərlə insanın ölümünə səbəb olmuş 11 sentyabr terror hücumuna görə belə iri miqyaslı beynəlxalq tədbir təşkil edilməmişdi.

Nə baş verir? Qərbin hakim dairələrinin söz azadlığını bəhanə edərək yanan tonqala yağ tökməsinin arxasında nə durur? İlk görünən budur ki, söz azadlığına dəstək adı altında keçirilmiş 11 yanvar yürüşü həm İslam peyğəmbərini, həmçinin digər dinlərin müqəddəslərini təhqir edənlərin əl qolunu açıb. “Charlie Hebdo” jurnalı növbəti sayında İslam peyğəmbərinin yeni karikaturasını dərc edəcək. Əvvəllər digər dinlərin də müqəddəslərini - Müqəddəs Məryəm və Məsih İsanı, Həzrəti Musanı da öz karikaturaları ilə təhqir etmiş curnal öz fəaliyyətini daha da dərinləşdirəcək.

Bakıdakı “Müqəddəs Məryəm” katolik kilsəsinin keşişi Vladimir ata bütün problemlərin Fransada hər şeydən üstün tutulan söz azadlığının sərhədsiz olmasından qaynaqlandığını deyir. Onun sözlərinə görə, fransız inqilabından sonra dininin dövlətdən aralı olması ilə Fransa özünü Volterin varisi sayır. “Volterin bir ifadəsi var: “Mən sizin fikri bölüşmürəm, amma son nəfəsimə qədər mübarizə aparacam ki, siz öz fikrinizi izah edə biləsiniz”. Fransa sanki bir növ özünü Volterin varisi sayır və çalışır ki, insanlar fikirlərini tam azad izah edə bilsinlər. Bu ideya gözəl səslənir. Amma kimsə öz fikrini izah edirək, müəyyən mənada başqasını incidirsə, onun şəxsi həyatına müdaxilə edirsə, bu zaman söz azadlığı başqa adamın hüququ ilə toqquşur. Burda insanı çaşdıra bilən çox nazik bir sərhəd var. Kilsə öyrədir ki, bizim hüququmuz və vicdan azadlığımız var. Amma əgər mənim sözlərim sevginin əleyhinədirsə, mən sözlərimlə kimisə incitmişəmsə, mən öz sözlərimi məhdudlaşdırmlayım. Yəni sərhədsiz söz azadlığı artıq kimisə incitməyə başlayır. Yəni mən öz sözlərimi balanslaşdırmalıyam",- deyə Vladimir ata ANS PRESS-ə bildirib.

Lakin bununla belə din xadimi düşünür ki, həmin səhvi etmiş jurnalistin üzərinə silahla getmək düzgün olmaz. “Onlar həmin jurnalistləri məhkəməyə verə bilərdilər. Burada iki səhv var: bir tərəfdən jurnalistlər səhv edibllər və dindarların heysiyyətini həddindən kəskin tənqid ediblər, onları radikallığa sövq ediblər. O biri tərəfdən, bu hücum edənlər təmkinli olmalı idilər. Əgər səni incidiblərsə, səndə məntiqin gücü və dözüm olmalıdır".

Vladimir atanın sözlərini Azərbaycan politoloqları da dəstəkləyir. Politoloq Tofiq Abbasov "Charlie Hebdo" jurnalının atdığı addımı təxribat sayır: "İnanclı insanları, dünyəvi dinləri, peyğəmbərləri lağa qoymaqla özlərinə məşhurluq qazandılar. Bu jurnala dəstək olan bağlı texnologiya mərkəzləri, kəşfiyyat idarələri də bu işdə yaxından iştirak edirdilər",- deyə Tofiq Abbasov ANS PRESS-ə bildirib.

Politoloqun fikrincə, belə təxribatların arxasında uzunmüddətli, genişmiqyaslı planlar durur: "Belə hadisələrin arxasında böyük dövlətlərin antiterror əməliyyatı adı altında dünyanın müxtəlif yerlərində həyata keçirmək istədiyi məkrli planlar və maddi maraqlar durur. Bununla qərb koalisiyası xüsusilə müsəlmanlar yaşayan yerlərdə özlərini dayaq nöqtələrini yaradırlar".

"Bununla bildirirlər ki, istənilən vaxt “biz sizi İslam terrorizmi ilə əlbir olmaqda ittiham edə bilərik". Dünyaya sahib çıxmaq istəyən qüvvələr artıq təxribatlar yolu ilə hegemonluğu saxlamaq üçün inkişafda olan xalqları qorxuda saxlayırlar və hədələyirlər",- deyə politolq bildirir.

Politoloq Rasim Ağayev isə dindarları dözümlü olmağa çağırır. Onun fikrincə, müxtəlif dinlərə mənsub insanlar arasında olan sivilizasiya fərqləri bəzən ziddiyyətə gətirir. "Ekstremizm, radikallıq bu cür xoşagəlməz hadisələr baş verir. Əgər biz demokratiya, söz, fikir azadlığından danışırıqsa, dözümlülük nümayiş etdirməliyik",- deyə politoloq ANS PRESS-ə bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR