Ombudsman Elmira Süleymanova Fransadakı terror aktı ilə bağlı bəyanatla çıxış edib

18:17 12 Yanvar 2015
146 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:15 ]


Bakı. Fərid Mirzəyev-APA. Fransanın İnsan Hüquqları üzrə Müvəkkili Jak Tubon Azərbaycanın Ombudsmanı Elmira Süleymanovaya Fransada çap olunan satirik “Chalie Hebdo” jurnalının redaksiyasına edilən terror hücumu ilə əlaqədar məktubla müraciət edib.

 

Bu barədə APA-ya Ombudsman Aparatından məlumat verilib.

 

J.Tubonun müraciətində törədilmiş terror aktının Fransa xalqında böyük kədər doğurduğu, bu qanunsuz, ədalətsiz aktın pislənməsinə çağırış, həmrəyliyin nümayiş etdirilməsi öz əksini tapıb. Müraciətlə bağlı Ombudsman E.Süleymanova bəyanatla çıxış edıb. Bəyanatda deyilir:

 

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, Parisdə törədilmiş terror aktlarını qətiyyətlə pisləyir, insan hüquq və azadlıqlarının kobud pozulması ilə nəticələnən bu beynəlxalq cinayətə qarşı dünya dövlətlərinin, habelə milli insan hüquqları təsisatlarının səylərinin birləşdirməsini zəruri hesab edirəm. 

 

Son vaxtlar dindən siyasi spekulyasiyalar, o cümlədən terrorizmi əsaslandırmaq məqsədilə istifadə edilir. Təəssüfləndirici haldır ki, bəzən bunu İslam dini ilə əlaqələndirirlər. Lakin unudulmamalıdır ki, islam sülh dinidir, terrorizmin və zorakılığın əleyhinədir. Bu, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə də öz əksini tapmışdır. Digər səmavi dinlər kimi İslam da dözümlülük və bütün insanlara bərabər yanaşmanı təbliğ edir. Terrorizmin hər hansı dini əqidə ilə bağlanması əsassız və yolverilməzdir. Birmənalıdır ki, terror aktı törədənlərin milliyyəti, vətəni olmadığı kimi, dini mənsubiyyəti də yoxdur.

 

Əsas insan hüquq və azadlıqlarını tanımaqla insan həyatını müqəddəs və toxunulmaz elan edən, insanın öldürülməsini qadağan edən İslam, dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin yaşamaq hüququna böyük önəm verir.

 

Bu gün bəzi Avropa ölkələrində müsəlmanların öldürülməsinə edilən çağırışlar olduqca təhlükəli və əsassızdır, kütləvi qırğınlara təhrik edən belə cəhdlərin qarşısı dərhal alınmalıdır.

 

İstər xristianlığın, istərsə də islamın təbliğ etdiyi xeyirxahlıq, insanpərvərlik, azadlıq, dözümlülük, bağışlama və müdriklik prinsipləri sülh mədəniyyətinin təşəkkülünə səbəb olan prinsiplərdir. Milli insan hüquqları təsisatlarının fəaliyyəti də məhz bu prinsiplərin təbliğinə və bərabərlik hüququnun təmin edilməsinə yönəldilməlidir.

 

Biz azərbaycanlılar bu hadisələrlə bağlı fransızların ağrı-acısını asanlıqla anlayırıq, çünki Azərbaycan terrordan ən çox əziyyət çəkən ölkələrdəndir.

 

Azərbaycan ərazilərinin işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə erməni separatçıları hərbi əməliyyatların getdiyi ərazilərdən kənarda da, dinc əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan, o cümlədən ahıllar, əlillər, qadınlar, uşaqlar həlak olmuş və bu hüquqazidd əməllər hələ də davam etməkdədir. Ümidvaram ki, 25 ildən çox davam edən erməni işğalı və terroruna da dünya birliyi ədalətlə, beynəlxalq hüququn ümumtanınmış normalarına uyğun olaraq obyektiv siyasi-hüquqi qiymət verərək bu əməlləri pisləyəcək və bu münaqişənin sülh yolu ilə həll olunmasına dəstək verəcək.   

 

Terrorçuluq əməli nəticəsində ilk növbədə ən vacib hüquq olan və fundamental beynəlxalq-hüquqi aktlarda, BMT-nin sənədlərində, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda, Avropa İnsan Hüquqları Konvensiyasında təsbit olunmuş yaşamaq hüququ kütləvi şəkildə pozulmuş olur.  Məhz buna görə, beynəlxalq birlik terrorizmlə mübarizə aparmaq üçün öz səylərini birləşdirməlidir. Yalnız bu yolla insan hüquq və azadlıqlarının kobud pozulmasına səbəb olan belə beynəlxalq cinayətlərə qarşı səmərəli mübarizə aparmaq və qarşısını almaq olar. Odur ki, hamımız ayıq-sayıq olmalı, ümumbəşəri dəyərlər olan sülhün, inkişafın, qanunçuluğun və insan hüquqlarının müdafiəsində birgə, əlaqəli və məqsədyönlü fəaliyyət göstərməliyik”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR