Rusiyalı siyasi ekspert: “Bu il Ermənistanda vəziyyət pisləşməyə başlayacaq” - FOTO

Rusiyalı siyasi ekspert: “Bu il Ermənistanda vəziyyət pisləşməyə başlayacaq” - FOTO
18:22 12 Yanvar 2015
221 Dünya
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 18:17 ]

Moskva. Fərid Əkbərov - APA. "Rusiyanı zəiflətmək üçün Qərb qonşu ölkələrdə dövlət çevrilişləri seriyası planlaşdırır. 2015-ci ildə yeni “narıncı” inqilabları gözləmək olar".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu rusiyalı politoloq, "Geopolitika" jurnalının baş redaktoru Leonid Savin Moskvada “Svobodnaya pressa” internet dərgisinin beynəlxalq vəziyyətə dair təşkil etdiyi dəyirmi masada deyib. Onun sözlərinə görə, Qərbin bütün dövlət çevrilişləri texnologiyaları köhnədir: "Burada heç bir yenilik yoxdur. Yalnız metodika modernləşdirilib. Bu, kimin hakimiyyətdə olmasından, əhalinin ona verdiyi dəstəkdən və hansı rıçaqlara sahib olmasından asılıdır. Biz tez-tez təkrar ssenariləri görə bilərik".

 

Politoloq həmçinin bu il ərzində vəziyyətin pisləşəcəyi post sovet ölkələrinin də adını açıqlayıb. Onun proqnozuna görə, bu il Ermənistanda vəziyyət pisləşməyə başlayacaq.

Həmçinin Tacikistan və Qazaxıstan üçün də çətinliklər gözlənilir.

 

Politoloq rəsmi qurumları diplomatik missiyanın, xüsusilə də ABŞ səfirliyinin işinə diqqət yetirməyə çağırıb.

 

O, ATƏT-in humanitar qanadını da cəmiyyətdə gərginliyi artırmaq missiyası daşımaqda ittiham edib: "Başqa beynəlxalq qeyri-hökumət təşkilatları da vəziyyətin gərginləşməsinə "töhfə" verə bilər. Ona görə də onlar üzərində də nəzarət lazımdır. Mümkün konfliktlərin qarşısının alınması üçün vətəndaş cəmiyyətinin hakimiyyət orqanları ilə konsolidasiyası vacibdir".

 

Geosiyasi problemlər Akademiyasının vitse-prezidenti Konstantin Sokolov da Qərbin əsas hədəfinin Rusiya olduğunu hesab edir: "Əsas zərbə çox güman ki, qonşu ölkələrə deyil, Rusiyaya istiqamətlənib. 2014-cü il geosiyasətdə mərkəzi rolu olan Rusiyaya zərbə ilə başladı. Biz Rusiyada nələrin baş verdiyini görürük. Hamıya məlumdur ki, indiki maliyyə böhranı süni yaradılıb".

 

K. Sokolovun fikrincə, 2015-ci ildə Mərkəzi Asiya respublikalarında vəziyyət qeyri-stabil ola bilər: "Lakin bu, ancaq qeyri-sabitlik dalğasının Rusiyaya gəlib çatması üçün lazımdır. Özü-özlüyündə bu əsas məqsəd deyil".

 

Politoloq hökuməti sosial gərginliyi azaltmaq istiqamətində addımlar atmağa da çağırıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR