“Oxucu bu gün saytdan çox sosial şəbəkələrə inanır” – Günay Arda ilə MÜSAHİBƏ - FOTOLAR

Metbuat.az-da “Medianın üzü” adlı layihəmizin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. “Medianın üzü” layihəmizdə məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihəmizin budəfəki qonağı Femida.az saytının redaktoru Günay Ardadır.

- Günay, əvvəlcə ondan başlayaq ki, niyə jurnalistikanı seçmisən?

- Jurnalistikaya 2004-cü ildən başlamışam, amma bu seçim deyildi. Orta məktəbdə oxuyandan yazılarım çap olunurdu. Yəni, heç seçim eləmək imkanım olmadı. Elə situasiyalar olub ki, məni bu sahəyə istiqamətləndirib. Məktəbimizin direktoru tanınmış şair olub. İkinci sinifdə oxuyurdum, bir şeir yazmışdım, apardım direktora, o da baxıb dedi ki, “sən mütləq çap olunmalısan”. Heç başa düşmürdüm çap olunmalısan nə deməkdir. Artıq 14 ildir jurnalistikadayam.

- İndi femida.az saytının redaktorusan. Bəs, əvvəllər harda çalışmısan?

- O vaxt saytlar yox idi, qəzetlər fəaliyyət göstərirdi. Mənim formalaşdığım yer “Milli Yol” qəzeti olub. Azərbaycanda bir çox tanınmış, əli qələm tuta bilən, kifayət qədər açıq fikirləri olan adamlar həmin qəzetdə formalaşıb. Məsələn, Aqşin Yenisey, Murad Köhnəqala, Seymur Baycan, Sevinc Elsevər, Aqil Ələsgər və s.

- Bəs, femida.az-a gəlişin necə oldu?

- Femida.az yarandığı gündən oranın ilk əməkdaşı olmuşam. Artıq saytımızın 3 ili tamam olub. Bizdə spesifik saytdı, hüquq yüklü portaldır. İndiyə qədər çalışmışıq ki, heç vaxt şouya qaçmayaq. Heç kim deyə bilməz ki, bizdə yalan xəbər və ya tərəfli xəbər gedib. Azərbaycanda özünə güvənən nə qədər sayt varsa, onların əksəriyyətinin önünə keçmişik. Çünki biz heç vaxt tərəfli xəbər qoymamışıq. Ən çox qoyduğumuz xəbərlər maddi vəziyyəti çətin olan və hüquqi yardım almaq imkanı olmayan insanların hüquqlarının təmin olunması ilə bağlı olub. Çox adam var ki, bizim müdaxiləmiz nəticəsində onların hüquqları bərpa olunub. Elə olur ki, hansısa şəxs hüquqlarını bilmir, bu da ona çox böyük problemlər yaradır. Həmin xəbəri operativ verməyimiz nəticəsində o problem kökündən həll olunub. Azərbaycanda belə bir düşüncə var ki, əgər hansısa şirkətin, hansısa oliqarxın xəbərlərini qoymursansa, hansısa konkret olaraq şirkətlərarası mübarizəni, hüquq davalarını qoymursansa, demək sən müxalifət saytısan. Əgər konkret vətəndaşların hüquqlarının müdafiəsilə məşğulsansa, bu anlayış artıq dəyişməlidir. Mən elə bir müxalifət saytı tanımıram ki, hansısa hüquqi prosesdə tərəfsiz olaraq iştirak eləsin, dost-tanış sifarişi olmadan hüquqi prosesdə tərəfsiz olaraq həmin vətəndaşın hüquqlarını müdafiə eləsin. Femida bunu həyata keçirir.

Biz faktiki olaraq bir çox hüquq müdafiəçisindən daha çox iş görürük. Redaktoru olduğum saytda kimsə deyə bilməz ki, siz tərəfli, kiminsə hüquqlarını qabardıb, digərini alçaltmaqla və yaxud hansısa şəxsi təhqir edəcək yazı vermisiz. Bildiyiniz kimi, Azərbaycanda hazırda kifayət qədər şou proqramlar, tolk-şoular, ailə məsələlərinin müzakirəsi tipli proqramlar var. O cür proqramlarda iştirak edən hüquqşünaslar belə orada biabırçılıq səviyyəsində iştirak edirlər. Hüquq heç kimə ittiham eləmək haqqı vermir. Çünki biz nə müstəntiqik, nə də hakim. Amma Azərbaycanda media, televiziya çox zaman prokuror rolunda çıxış edir. Bir də baxırsan ki, hüquqşünas qadın qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirən qadını qabağına qoyub danlayır ki, sən niyə belə iş tutmusan. Halbuki proses atalıq haqqının müyyən olunması, daha sonra da alimentin alınmasından ibarətdir. Hüquqşünas bu işlə məşğul olmaq yerinə, yol göstərmək əvəzinə vətəndaşı qarşısına qoyub danlayır, alçaldır.

Azərbaycan mətbuatında uzun illərdir kriminal sahədən yazan jurnalist hələ də saxlanılmış şəxsi cinayətkar kimi təqdim edir. Həmin adamın vaxtı və hüquqi savadı olsa, həmin media qurumunu məhkəməyə verər. Amma təəssüf ki, bu hələ ki, bizdə tənzimlənmir, boşluqlar var. Bu şeylər müzakirə olunmalıdır, gün işığına çıxarılıb danışılmalıdır ki, siz hazırladığınız proqramla və ya yazdığınız xəbərlə cinayət məsuliyyəti daşıyırsız. Bir insanın alçaldılması, şərəf və ləyaqətinin təhqiri, ona qarşı ittihamlar, dəqiqləşdirilməmiş faktın verilməyi və s. Saxlanılan şəxsin cəmiyyətə cinayətkar kimi təqdim olunması rəzillikdir. Demirəm ki, bununla konkret qurumlar məşğul olmalıdır, bununla elə biz jurnalistlər məşğul olmalıyıq. Biz hamımız dostluq-qardaşlıq müstəvisində yanaşırıq ki, bu dostumdu, heç nə deməyim, bu tanışımdı, heç nə deməyim.

Düşünürəm ki, bir cəmiyyətin necə olmağını öyrənmək üçün onun hansı xəbəri oxumağını bilmək kifayət edir. Demirəm ki, şou-biznes xəbəri olmasın, tutaq ki, mənim maraq dairəmdə deyil, elə insanlar var ki, onların maraq dairəsindədir. Biri var spesifik sayt, biri də hamı üçün olan. Azərbaycanda kifayət qədər sayt var ki, hamı üçündür. Femida.az-ın da daxil olduğu Azvision.az-ı oxuyan kəsim məlumdur. Çünki Azvision.az Azərbaycanın hazırki xarici və daxili siyasətində baş verən proseslər, hərbi məsələlərlə bağlı vəziyyət, siyasət, daha çox da xarici siyasət, hərbi məsələlər, Qarabağ məsələsilə yüklü saytdır. Yəni, kimləri ki, bu məsələlər maraqlandırır, o, Azvision.az-ı açıb oxuyur. İndiyə qədər də hamı bilir ki, Azvision qrupu, bura daxil olan saytlarda, həmçinin bizdə heç vaxt şou olmayıb. Femida yeni açılanda mənə də, baş redaktor Vüsal Məmmədova da hamı deyirdi ki, “sizi heç kim oxumayacaq, çünki sizdə şou yoxdur, şişirdilmiş başlıqlar yoxdur”. Biz sübut elədik ki, bu, mümkündür. Şou xəbəri vermədən də oxucu kütləsi toplaya bilərsən. Qoy sənin saytını 5 nəfər oxusun. Əgər səndə konkret biznes layihə deyilsə, pul qazanmağa hesablanmayıbsa, 5 nəfər oxucun olsun. Belə baxanda heç bir televiziyanın, mətbuatın elə bir öhdəliyi yoxdur ki, maarrifçiliklə məşğul olsun. Məsələn, mənim işlədiyim yerdə elə bir öhdəliyim yoxdur ki, Qarabağla bağlı, İrəvanla bağlı hər hansı bir layihə işləyim. Amma bizim saytda konkret erməni cinayətlərilə bağlı bölüm var. Bu cür yanaşanda, media konkret ideologiya ilə işləyəndə bu özbaşnalıqlar olmaz, hərə bir internetdə sayt adı alıb “hər şeyi edə bilərəm ki, məni tanısınlar deməz”. Hər şeyi kənara qoyub öz-özünə soruşmaq lazımdır – mən razıyammı uşağım həmin saytı oxusun?

Bizdə Azvision qrupun bir layihəsi var, indi 3-cü hissəsi hazırlanır, “Danışan Ruhlar” layihəsi. Bu layihədə azərbaycanlı əsirlərlə bağlı film işləmişik. Filmin müəllifi mənəm, artıq iki hissəsi yayımlanıb, üçüncü hissəsi də yayımlanacaq. Biz demirik ki, böyük iş görmüşük. Söhbət ondan gedir ki, ümumi ideologiyaya baxanda belə olmalıdır. Düşünürəm ki, Azərbaycan mediasında ən böyük problem və ən böyük çatışmazlıq ümumi ideologiyaya xidmət etməməkdir. Məsələn, cəbhədə bir hadisə baş verir və ya ölkədə hər hansı fövqəladə hadisə baş verir. Media qurumlarının hərəsi bir ağızdan çıxış edir. Əslində necə olmalıdır? İdeologiya olsa, redaktor bilməlidir ki, bu mövzuya ancaq bu cür münasibət göstərə bilərsən. Çünki burada sənin dövlət maraqların var. Dünyada artıq milli maraqlarla dövlət maraqları anlayışı arasında olan sərhəd götürülüb. Dövlət mənimdir anlayışı var, çünki vətəndaşamsa, dövlət mənimdir.

Elə var ki, vətəndaş kimi mövqeyi, ideologiyası yoxdur. Bu adamın həyatla bağlı belə ideologiyası yoxdur. Onun yeganə məqsədi odur ki, “3-5 İP ilə reklam tutum, irəli düşüm”. Beləsinə demək lazımdır ki, get şou xəbərlərlə məşğul ol, yaz. Çünki bunların ölkəmizin taleyinə, gələcəyinə heç bir təsiri yoxdur. Amma dövlət əhəmiyyətli məsələlərə qarışma. Ona görə də fikirləşirəm ki, bu spesifik saytların olmağı çox şeyi təmizləyir. Tutaq ki, hüquq-mühafizə orqanları bilir ki, bu sahəylə işləyən konkret sayt var və biz açıqlamanı bunlara versək, bu sayt bizim sözümüzü doğru verəcək. Yaxud xarici işlərlə bağlı, Azərbaycanın xarici siyasətilə bağlı konkret sayt var. Onlar da bilir ki, məlumatları həmin sayta versələr, həmin sayt oyun çıxarmayacaq, dövlət marağından çıxış edəcək. Spesifiklik bataqlığı aydınlaşdırmağa xidmət edir.Bütün sahələrdə spesiflik olmalıdır. Kimsə deyirsə ki, mənim oxucum hamıdır, o başqa məsələ.

- Dedin ki, saytınızda hüquqi məsləhətlər verirsiniz. Kimdir o hüquqi məsləhətləri verən?

- Bizim mütəmadi hüquqi açıqlamalar aldığımız hüquqşünaslar var. Bu da kifayət qədər onların reklamına hesablanmış şeydir. Çünki femida.az-da açıqlamaları gedir, ad olaraq, sima olaraq tanınır. Bir hüquqşünasın bizdə açıqlamasının getməsi onun üçün referansdır. Bildiyiniz kimi, hüquqşünasların reklamı olmaz. Hüquqşünaslar belə bir köməklik göstərirlər, bizə hüquqi yardımla bağlı müraciət edən vətəndaş olanda biz onlara istiqamətləndiririk, onlar da həmin vətəndaşlara pulsuz və kifayət qədər yaxşı xidmət göstərirlər.

- Dedin ki, saytlar spesifikləşməli, ixtisaslaşmalıdır. Bəlkə ciddi bir xəbər saytı şounu da vermək məcburiyyətindədir ki, özü-özünü maliyyələşdirən saytdır və reklam cəlb etməlidir. Ona görə bu cür məlumatlar verməyə məcburdur?

- Məcbur deyil, elə et ki, oxusunlar. Mən ona görə o adamları ittiham edirəm ki, o adamlar fikirləşir ki, biz hamımız savadsızıq, bizim səviyyəmiz elə odur. Bu, oxucuya, vətəndaşa qarşı hörmətsizlikdir. Fikirləşir ki, ancaq səviyyəsiz xəbərlərlə oxucu cəlb edə bilərəm.

- O zaman deyirsən ki, Azərbaycanda ciddi xəbərləri oxuya, baxa biləcək kifayət qədər oxucu da var, tamaşaçı da eləmi?

- Əlbəttə, oxucu da var, tamaşaçı da var. Azərbaycan xalqından ağıllı xalq yoxdur və yaxşı bilir ki, kim kimdir. Çox çətindir ki, bunu danışmağa qorxurlar. Dostluq-qardaşlıq çərçivəsində bu cür məsələləri həll eləmək mümkün deyil. Dostuqsa, gedib oturub yemək yeyə bilərik, amma professional məsələləri bu cür müzakirə etmək olmaz. Bir şey əgər konkret olaraq dövlət maraqlarına, milli maraqlara ziddirsə, mən buna göz yuma bilmərəm.

- İkimiz də qadın jurnalistlərik. Səncə, qadınlarımızın jurnalistikadakı rolu necədir?

- Jurnalistikada qadın və kişilər arasında ayrıseçkilik görmürəm. Ən azından özüm üçün görməmişəm. Əksinə ən problemli yerlərə öz istəyimlə də getmişəm, göndəriblər də. Getmişəm, heç bir problem yaşamamışam, əksinə bəlkə qadın olmağım mənə kömək edib. Elə yerlər olub ki, oğlanlar gedib döyülüb qayıdıb, amma mən gedib sağ-salamat qayıtmışam. Jurnalistikadan danışırıqsa, müxbirlik, redaktoruluq, baş redaktorluq, bu məsələlərdə kişi və ya qadın olmağın önəmi yoxdur. Əli qələm tutan, sözü keçərli olan kifayət qədər qadın jurnalistlərimiz var.

Günay, səncə, jurnalistikamızda başqa hansı problemlər var ki, mediamızın daha çox inkişaf eləməyiminə mane olur?

- Bu əgər bizdən asılıdırsa, biz danışmaqdan qorxuruq. Azərbaycanda uşaqlı-böyüklü kimin nə problemi varsa, deyir qorxursunuz, yazmırsız. Amma bizim öz içimizdə elə problemimiz var ki, onu yazmağa qorxuruq, çünki fikirləşirik ki, kolleqayıq. Amma mən elə adamları özümə kolleqa saymıram. Oxucunu axmaq yerinə qoyan, ona yalançı xəbərlər verən adamları mən sektorun qırıntıları adlandırıram, onlar pul qazanmaq istəyən kiçik biznesmenlərdir. Onları özümə kolleqa saymıram, onlar jurnalist deyil. Jurnalistin maarifləndirmə, problem həll eləmək kimi vəzifəsi yoxdur. Jurnalistin öhdəliyi oxucuya xəbər çatdırmaqdır.

- Günay, “Danışan Ruhlar” layihəsini ürək ağrısı ilə izlədik. Necə oldu bu layihənin yaranması?

- Bu layihə Azvision media qrupun istehsalıdır və müəllifi mənəm, üç hissəli sənədli filmdir. Müxtəlif bölgələrdə əsirlikdə olan 30-dan çox azərbaycanlıdan bəhs edir. Bu adamlar arasında indiyə qədər heç danışmayanları da var. Bu filmin indiyə qədər olan layihələrdən fərqi ondadır ki, bu adamlar əvvəllər cavan idi, başlarına gətirilən zülmləri danışmağa utanırdılar. Məsələn, 25-30 yaşında cavan adam, qadın və ya kişi olmasından asılı olmayaraq, necə deyə bilərdi ki, məni erməni zorlayıb, dırnağımı çıxarıb, şüşə qırıqlarının üstündə gəzdirib, əzalarımı qapının arasına qoyub sıxıb. Bütün bunlar həmin adamın heysiyyatına, qüruruna toxunurdu. Gənc yaşında insanda eqo daha artıq olur axı. Amma indi xeyli vaxt keçib, həmin adamlar yaşlanıb. Buna görə də indi daha rahat danışırlar. İllərdir onların içlərini yeyən, ürəklərində qalan məsələləri çox rahat, açıq, heç nəyi gizlətmədən danışdılar. Elə adamlar da var idi ki, mənə deyirdilər ki, bizim qürurumuz inciyir, ermənilər başımıza bunu gətirib necə danışaq? 25 ildir deyirik ki, ermənilər bizə zülm edib, o filmə baxıb mənə zəng vururdular ki, gör ermənilər bizə nələr edibmiş.

O filmi hazırlayan vaxt ağlamamışdım. Çünki professional olaraq bu işə ziddir. Sosiologiyada da belə bir şey var ki, əgər hansısa işin təsirinə düşürsənsə, o, qeyri-professional hesab olunur. Həm də bu mənim üçün yad məsələ deyil ki, məni şoka salsın. Mütəmadi oxuyuruq da, yazırıq da, bilirik ki, ermənilər nələr ediblər. Elə adam var ki, deyir ki, baxdım dəli oldum, ağladım. Ağla, pis ol, bax gör ki, ermənilər azərbaycanlıların başına nə işlər gətiriblər. Azərbaycanlılar öz dərdləri haqqında danışmağa da qorxur. Deyirlər ki, biz bunu danışmayaq, ayıbdır, biabır olarıq. Niyə ermənilər uzun illərdir olmayan yalançı "erməni soyqırımı" ilə bağlı olmayan məsələləri bütün dünyaya danışır? Dünya da inanır ki, həqiqətən belə şeylər olub.

Bu filmdə məni ən çox düşündərən bir şey oldu, təkcə azərbaycanlı kimi yox, ümumiyyətlə bir insan kimi. Bir insanın şüuru hansı həddə iyrənc olmalıdır ki, bu cür düşünülmüş şəkildə zorakılıqla məşğul olasan. İnsan bu cür qəddarlığı necə törədə bilər? Elə işgəncələr olub ki, heç o işgəncələrə oxşayan dəhşətli filmləri Hollivud belə çəkməyib. Bir insan nə qədər vəhşi olmalıdır ki, o cür işgəncələr düşünə bilsin. Həyatında ilk dəfə gördüyün adamın dilini kəsmək, dişini tutub vəhşicəsinə çıxarmaq, 5 yaşında uşağın iliyini çıxarmaq insana necə zövq verə bilər? Bunlar bəşəriyyətin görmədiyi vəhşiliklərdir. Azərbaycanlıların erməni tərəfindən gördüyü vəhşiliyi bəşəriyyət görməyib. Bəzən elə olur ki, bizə olan zorakılığı Holokostla müqayisə edirlər. O hadisə ilə bizim başımıza gətirilənlər arasında uzun müddət vaxt keçib. Bizim başımıza gətirilənlər müasir dövrdə olub, üstündən çox vaxt keçməyib. Bu bizim tariximizdir, bizə qarşı izahıolmayan, səbəbsiz zorakılığın tarixidir, bunu bilməliyik, öyrənməliyik. Təsəvvür edin, Ağdamın bir kəndində doğulub böyüyən 13-14 yaşlı uşağı Ağdamın başqa bir yerində olan erməni zabiti tikə-tikə doğrayıb. Onlar həyatları boyunca bir-birlərini görməyib, aralarında bir problem olmayıb. Amma erməni əsgəri bunu etməkdən zövq alır. Bütün dünya bilməlidir ki, dünyada bir insanlıq anlayışı var, bir də erməni var.

Biz deyirik ki, sadə erməni xalqı ilə heç bir problemimiz yoxdur. Əlbəttə elədir, çünki Azərbaycan əsgəri heç vaxt əli silahsız adama, heç bir uşağa, körpəyə güllə atmayıb. Azərbaycan əsgəri müharibə dövründə də, müharibədən sonra da heç bir erməni uşağını, əli silahsız adam öldürməyib.


Biz bilirik ki, orada əsir saxlanılan Şahbazla Dilqəm nə vəziyyətdədir, işgəncələr görürlər, amma heç dəqiq, səhih məlumatımız da yoxdur. Biz ermənilərlə müqayisəolunmaz xalqıq. Onlar bizi uşaq, yaşlı, cavan demədən, heç nə soruşmadan, sırf azərbaycanlı olduğumuz görə qırıblar, məhv ediblər.

Bilirsiz ki, Ağdamı necə yandırıblar, nə vəziyyətə qoyublar. Ağdamı məhv ediblər, ora “Ruhlar şəhəri” deyilir. Ermənilər hər yerdə deyir ki, biz məscidlərə toxunmuruq. Dünya tarixində başqa elə bir yer yoxdur ki, orada 18 məscid olsun, amma İrəvanda 18 məscid var idi. İndi isə İrəvanda cəmi bircə məscid saxlayıblar, onu da İranın hesabına. Bəs, digər 17 məscid haradadır? İrəvanın qurulub yaradılmasında, formalaşmağında bir erməninin belə imzası yoxdur. Ermənistanda Tumanyan adında bir arxitektur var. Arxitekturun düz şəhərin ortasında heykəli var. Arxitektorun işi olmalıdır, amma həmin arxitektorun tiktiyi bir bina, bir tikili yoxdur.

Həmin arxitektora şəhərin ortasında ona görə heykəl qoyulub ki, o dövrdə Sisiyan ərazisində nə qədər azərbaycanlı öldürülübsə, hamısında onun əli olub. Onun işi ancaq həmin yerlərdəki körpüləri yandırıb, azərbaycanlıları pis vəziyyətdə qoyaraq onların məhv olması üçün çalışmaq olub. Təsəvvür edin, bu cür adamın İrəvanın mərkəzində heykəli var. Bütün Qafqazda ilk teatr harada qurulub, İrəvanda, kim qurub, azərbaycanlılar, kitabxananı kim qurub, azərbaycanlılar. İrəvanda nə qədər mədəni, elmi, siyasi qurum varsa, hamısının altında azərbaycanlı imzası çıxır, bu danılmaz faktdır.

- Sonda istəyərdim, həm də ana olmağından danışaq. İki övladın var, kifayət qədər zaman ayıra bilirsənmi onlara?

- Digər sahələrdən fərqimiz odur ki, onlarda konkret iş saatı var. Amma biz gecə saat 3-də də xəbər yaza bilərik. Ya da harasa səfər çıxır, bir neçə günlük getməli olursan. Hərənin bir həyat tərzi var. Uşaqlar artıq böyüyüblər deyə buna öyrəşiblər, təbii ki, onlara zaman ayırıram. Elə böyük müəsissə idarə edən qadınlar var ki, iş başqa, amma analığa heç nə mane olmur.

Günay Elşadqızı / METBUAT.AZ

“Bəziləri yazmışdı ki, qalstkunuzun rəngi ilə köynəyinizin rəngi uyğun gəlmir” – Rəşad Məcidlə müsahibə

“Deyirlər, söz azadlığı olsun, amma fikrini azad deyəni öldürməyə hazırdılar” - Vüsal Məmmədovla müsahibə

“Mediada təsadüfi adamlar çoxdur” – Emin Musəvi ilə MÜSAHİBƏ/ FOTOLAR

"Jurnalistlərə meydan vermək lazımdır ki, özlərini göstərsinlər" – Bəhruz Quliyevlə müsahibə/ FOTOLAR

“Heydər Əliyevin mənə verdiyi həmin qəzeti...” – Aydın Quliyevlə müsahibə

““İki sahil” qəzetini təsis edəndə təzyiqlərlə üzləşmişik” - Vüqar Rəhimzadə ilə müsahibə - FOTOLAR


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI