Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri
Parisdə görüşəcək.
Publika.az xəbər verir ki, həmsədrlərin iştirakı ilə
keçiriləcək görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli,
xüsusilə liderlərin gələcək görüşü ətrafında müzakirələr
aparacaq.
Paris görüşü 2019-cu ildə tərəflər arasında ilk təmas baxımından
xüsusi diqqət çəkir, həmçinin, bu, gələcək danışıqların xəritəsini
də müəyyənləşdirməyə imkan verəcək. Lakin diqqətçəkən məqamlardan
biri görüşdən bir neçə gün öncə Azərbaycanın işğal edilmiş
ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimin
“xarici işlər naziri” Masis Mailyanın İrəvana gəlişi və işğalçı
ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşməsi
oldu.
Qapalı keçirilən görüşdə nələrin müzakirə edildiyi bəlli olmasa da,
sonrakı proseslər müəyyən ehtimallara yol açır.

Mailyan işğal altındakı Xankəndinə qayıdandan sonra mətbuat
konfransı keçirdi və bildirdi ki, separatçı rejimin “qırmızı xətti”
Vyana və Sankt-Peterburq görüşlərində təmas xəttində sabitliyin
qorunması ilə bağlı nail olunmuş razılığın davamlılığıdır.
Erməni tərəfi Vyana görüşündə irəli sürülən “atəşkəsə nəzarət
mexanizmi” haqqında danışır, hansı ki, bu, artıq sıradan çıxmış
məsələdir. Sadəcə olaraq, İrəvan bununla danışıqlarda mövqeyini
gücləndirmək gedişləri edir.
Separatçı nazir daha sonra qeyd etdi ki, “danışıqların effektivliyi
üçün Qarabağ masada tərəf kimi əyləşməlidir, Ermənistanın bu
mövqeyi qətidir”.
Əslində Ermənistanın danışıqlar masasına “atəşkəsə nəzarət
mexanizmi” və “Qarabağın tərəf olması” məsələsini gətirəcəyi
gözləniləndir. Lakin Paris görüşündən öncə İrəvanda separatçıların
naziri ilə Mnatsakanyanın görüşü Məmmədyarovun önündə irəli
sürüləcək şərtləri gücləndirmək məqsədi daşıyır. Bununla yanaşı,
Paşinyan hakimiyyətə gələndən sonra separatçı rejimlə İrəvan
arasında qarşıdurma yaranıb, görünür, Ermənistan bu görüşlə daxili
qarşıdurmanın xarici sferaya təsir etməsini istəmir, yaxud təsir
etmədiyini göstərməyə çalışır.
Asif