- Köməkçilərin işləri daha çox olur. Çətin deyil ki?- Hər bir sahədə çətinlik var. Bu çətinlikləri aşmaq üçün işini sevməlisən. Çalışdığın yerdə özünü xoşbəxt hiss etmək, işini sevmək çox önəmlidir. İşini sevirsənsə, heç bir çətinlik gözünə görünmür. Mən işimdən zövq alıram. Təsəvvür edin, işə qəbul olunursan, hazırlıq mərhələsindən keçirsən və setə gedirsən. Reklamı efirdə görəndə, bütün əziyyətin yadından çıxır. Prosedur əvvəlindən sonuna qədər çox maraqlıdır.- Yəqin ki, dünya şöhrətli insanlarla işləmək fərqli hissdir...- Hər biri ayrı təcrübədir. Məsələn, biz Ceyda Düvənci və Mərt Fıratla tez-tez reklamlar çəkirik. Bunların hər biri maraqlı xatirədir. Kaprizli olmurlar və aktyorlar da iş sistemində bir reklamın yaxşı alınması üçün əllərindən gələni edirlər. "Recep İvedik" və "Çarlinin mələkləri"ndə də prosedur çox maraqlı idi. Məsələn, biz Kristen Stüartı məktəb vaxtlarından "Alacaqaranlıq" kinosundan Bella olaraq tanıyırıq. Yatsam da yuxuma girməzdi ki, mən Bella ilə bir yerdə işləyəcəyəm. Elizabet Banqs illərin aktrisasıdır. 10 gün səhərdən axşama qədər bu insanlarla birlikdə olursan. Set bitəndə Kristenin təşəkkür etməsi, şəkil çəkdirməsi belə, çox gözəldir. İllər keçsə də, yaddaşımda qalacaq xatirələrdəndir. Keçən il qardaşımın qızı olanda mən işdə idim. Zəng gəldi, sevindim və çəkiliş meydançasına gəldim. Ceyda Düvənci bibi olduğumu eşitdi və mənə gözaydınlığı verdi. Bir il sonra yenə Ceyda Düvənci ilə işləyəndə onun, məndən qardaşım qızını soruşması qəribə gəldi. Unutmamışdı. Adətən, deyirlər ki, məşhur aktrisalar, aktyorlar çox kaprizli olurlar. Televiziyada mələk kimi görünsələr də, həyatda fərqlidirlər. Mən hələ kaprizli aktyor görməmişəm. Mərt Fırat 13 saat bizlə işlədi və heç bir kaprizi olmadı. Əksinə, bizə kömək etməyə çalışırdı. Məsələn, dedilər ki, Hülya Avşar çox karpizli olur. Burak Özçivit haqqında "kobuddur" fikirləri var idi. Onlarla işlədikdən sonra bütün stereotipləri qırdım. Elizabet Banqs mənim düşüncəmdə sadəcə, gözəl qadın idi. Amma onunla həmsöhbət oldum. Məsələn, Elizabetin önəmli xüsusiyyəti, işlədiyi insanların adını əzbərləmək və onlara adları ilə müraciət etməkdir.- Maraqlıdır, hansı aktyor və rejissorla işləmək sizi daha çox həyəcanlandırıb?-"Çarlinin mələkləri"ndə olan hər kəs fərqli millətlərdən, amma hər biri də işinin peşəkarı idi. Görüntü rejissoru Bill Pope idi. O, "Matrix" filminin görüntü rejissoru idi. Təsəvvür edin, setdə əsas ulduzlardan biri də Bill Popedir. Əsas aktyorları hazırlayıb setə təhvil verəndən sonra Bill Popu izləmə şansım olurdu. Bu, böyük təcrübə idi. Hamı öz sahəsində çox peşəkar idi. Onları müşahidə edib, hərəsindən bir şey götürmək çox yaxşı təcrübə idi. İşləmək, hazırlıq prosesini görmək istədiyim çox rejissor və aktyorlar var. Patrik Stüartı çəkiliş meydançasında qarşılayanda həyəcandan əlim əsirdi. Belə olacağını heç bilməzdim.
- Gələcək planlarınız nədir?- Hələ öyrənəcək çox şey var. Türkiyə elə bir ölkədir ki, dünyanın çox yerindən reklam və film çəkmək üçün gəlirlər. Reklam sektoru orada inkişaf etdiyi üçün hələ ki, burada qalmaq istəyirəm. Gələcəkdə ölkəmizdə çəkilən proyektlərdə yer almaq istəyərdim. Məsələn, Asif Kapadianın Azərbaycanda "Əli və Nino"nu çəkdiyini eşidəndə həyəcanlandım. O an orada olmaq üçün hər şey edərdim.Milli.Az