"Prezident İlham Əliyev fəaliyyəti və düşüncəsi ilə həmişə olduğu kimi xalqın tərəfindədir"

"Prezident İlham Əliyev fəaliyyəti və düşüncəsi ilə həmişə olduğu kimi xalqın tərəfindədir"
15:37 14 Yanvar 2015
164 Digər
Ölkə mətbuatı
A- A+

“Bu, bir daha göstərdi ki, ölkə başçısı cəmiyyətdə gedən prosesləri daim diqqətlə izləyir. Ümumən fəaliyyəti və düşüncəsi ilə həmişə olduğu kimi xalqın tərəfindədir”.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.

“Tarif Şurası benzinin qiymətini kiçik məbləğdə qaldırmaqla vaxtilə ləğv edilmiş yol vergisini, sadəcə olaraq, yanacağın üstünə gəlmişdi. Ancaq bəzi işbazlar bundan sui istifadə edərək qiymətlərin süni şəkildə qaldırılmasına çalışdılar. Bundan siyasi məqsədlər üçün istifadə etmək istəyənlər də tapılacaqdı. Cənab Prezident Tarif Şurasının qərarına yenidən baxılması ilə bağlı tövsif verdi və qərar aradan qaldırıldı”, - o əlavə edib.

Mirzəzadə hesab edir ki, yol vergisinin ləğv edilməsi ilə bağlı olan boşluğu isə yəqin ki, hökumət başqa bir mənbədən taparaq məsələni həll edə biləcək.

“Bu, bir daha göstərir ki, Azərbaycan dövləti özünün iqtisadi inkişafını qiymət artımı və yaxud yükü əhalinin üzərinə qoymaqla deyil, düzgün və səmərəli iqtisadi siyasət aparmaqla həll edə bilər. Baxmayaraq ki, dünyada iqtisadi böhran gedir və bir çox iqtisadi cəhətdən güclü olan ölkələrin milli valyutaları qiymətdən düşməkdədir. Azərbaycan bu gün dünyada ən stabil milli valyutaya malik olan ölkələrdən biridir. Buna baxmayaraq, ötən il Azərbaycanın valyuta ehtiyatı xeyli dərəcədə artıb”, - millət vəkili vurğulayıb.

“Mən cənab Prezidentin qərarını düzgün sayıram və hesab edirəm ki, bu tip məsələlərdə cəmiyyətin əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Hökumətin özünün həll edə biləcəyi məsələləri digər mənbələr axtarmaqla həll etmək daha düzgün olardı. Ümumən götürdükdə, hər bir məsələyə cənab Prezidentin reaksiya verməsi, həmin məsələnin daha düzgün həlli üçün yollar göstərməsi Azərbaycanda həm dövlətçiliyin, həm də iqtisadi inkişafın düzgün istiqamətdə getdiyini göstərir”, - o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Tarif Şurasının qərarını ləğv edib.

Tarif Şurasından bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.

Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR