Xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni, hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi, təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb.
Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə verdiyi müsahibəsində belə deyib.
Onun sözlərinə görə, uzun illərdən bəri Ermənistan ilə Azərbaycan arasında apaılan danışıqların formatı dəyişməyəcək. Bundan başqa, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir.

İ.Əliyev Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını çox müsbət dəyərləndirdiyini vurğulayıb.
Beləliklə, Azərbaycan və Ermənistanın liderlərinin Vyana görüşünün gerçək mahiyyəti, məzmunu bəlli oldu.
Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq.
"Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar, çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur", - Azərbaycanın dövlət başçısı vurğulayıb.
Xeyli müddətdən sonra ilk dəfə idi ki, rəsmi qaydada Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş təşkil olundu. Bu, onu deməyə əsas verir və bir daha da təsbit edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi məhz Azərbaycan və Ermənistan arasında aparılır. Xatırlatmaq istərdik ki, hələ bu ilin 9 mart tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar formatının dəyişdirilməsinin qəbuledilməzliyi məqamını xüsusilə vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən bu kimi iddialar var, Azərbaycan isə qəti şəkildə buna etirazını bildirib".

Bugünkü danışıqlar prosesi də bir daha göstərdi ki, münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həlli istiqamətində daha aktiv və ən başlıcası, realist, soyuqqanlı danışıqlar aparılmaqdadır.
İlham Əliyevlə Nikol Paşinyan arasında 2 saatdan artıq təkbətək görüş oldu, danışıqlar aparıldı. Sonra isə həmsədrlərin və iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar davam etdirildi. Danışıqlar ümumilikdə üç saatdan artıq bir müddətdə aparılıb.
Bu formatda danışıqların aparılması, ümumiyyətlə, münaqişənin həlli ilə əlaqədar olan prosesə yeni bir impuls verib:
Nəticə etibarilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən, yəni "3+2" formatında birgə bəyanatla çıxış edildi və bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur. Həmçinin sülh prosesinin irəli aparılması üçün münasib və münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır, danışıqlar prosesində konkret və nəticə yönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd olunur.
Bəyanatda da bildirildiyi kimi, dövlətimizin başçısı ilə Ermənistanın baş naziri arasında aparılmış müzakirələr nəticəsində belə bir ortaq fikir də olmuşdur ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində yenidən görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun.
Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şərhi də maraqlıdır.
"İiki ölkənin liderləri səviyyəsində olan bu görüşdən əvvəl Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 4 dəfə görüşü olub və sonuncu görüş Parisdə 2019-cu ilin əvvəlində baş tutub. Həmçinin burada atəşkəslə bağlı məsələlər qeyd olunur. Ümumiyyətlə, onu nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi prosesi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətdir, biri digərini tamamlamalıdır. Bir daha qeyd etmək istərdim ki, Vyanada aparılmış danışıqlar normal və konstruktiv ab-havada keçdi. Ən vacibi isə danışıqlar prosesinin formatı dəyişməz olaraq qalır və Ermənistan tərəfinin də bu prosesdə iştirakı açıq şəkildə formatın dəyişməzliyini bir daha təsbit etmiş olur", - H.Hacıyev deyib.

Xatırladaq ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız Yerevanın adından danışmağa hazır olduğunu bildirib. Bu barədə Nikol Paşinyan Dağlıq Qarabağa səfəri zamanı xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında danışmışdı.
Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir.
Nikol Paşinyanın sözlərinə görə, əgər tərəflər problemi, həqiqətən, həll etmək niyyətindədirlərsə, nəzərə almalıdırlar ki, "məsələnin həllinin başlıca komponenti danışıqların düzgün formatda aparılmasıdır".
"Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər vardır, ən ciddisi ondadır ki, mən Azərbaycan prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, Artsax (Dağlıq Qarabağı ermənilər belə adlandırır - E.A.) adından isə danışıqları respublika prezidenti simasında Artsax hakimiyyəti aparmalıdır", - Paşinyan söyləmişdi.
Əvvəla, dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Bu mənada "Ermənistan və Dağlıq Qarabağı təmin edə biləcək sülh danışıqları" anlayışı tamamilə xəyal məhsuludur. Əgər Nikol indiyə qədərki danışıqlar prosesindən nəticə çıxarsaydı, onda ağlına gələni danışmazdı. İkincisi, Paşinyan işğalçı bir dövlətə rəhbərlik etdiyini unudur. İşğalçı dövləti qane edəcək sülh anlayışı nə deməkdir? Bu, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki imperializmin müstəmləkə siyasətinə bənzəyir. Avropa və beynəlxalq təşkilatların Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini irəli sürməsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktının əyani sübutudur. Artıq Soyuq müharibə dönəmi arxada qalıb və dünya beynəlxalq hüquq qanunları ilə işləyir. Bu qanunlarda işğalçı üçün ciddi məhdudlaşdırıcı addımlar nəzərdə tutulur
Sadə və sıravi ermənilər artıq anlayırlar ki, Qarabağ heç zaman onların olmayıb, olmayacaq, Azərbaycan bütün məsələlərdə və sahələrdə güclü, qüdrətli, nüfuzlu, sözü, çəkisi ilə hesablaşılan bir ölkə olaraq, nə erməni siyasətbazlarına, nə avantürist Ermənistan liderlərinə, nə Ermənistanın havadarlarına, nə də "odlu-alovlu" bəyanatları ilə bir müddət erməni xalqının rəğbətini qazanan, ancaq gündən-günə nüfuzunu, mövqelərini itirən Paşinyan və onun komandasına bu sevinci daddırmayacaq, onların arzularının çin olmasına imkan verməyəcək.
Aydındır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İrəvanın faktiki olaraq onların etimadı ilə oynamasından və demək olar ki, vaxtı qalmayan Ermənistanın vaxt udmağa çalışmasından yorulub. Söhbət Qarabağ probleminin sülh yolu ilə həlli üçün vaxtdan gedir. Bütün maraqlı tərəflərin artıq çoxdandır ki, ən azından bufer zonadakı işğal olunmuş rayonların qaytarılmasını gözləməsi sirr deyil, ancaq bu baş vermədi.
Onlar Qarabağı ən yaxşı halda ancaq və ancaq yuxularında, xəyallarında görəcəklər.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanda köpüklü vətənpərvərlik və şovinizm isteriyası nə qədər güclü olsa da, Nikol Paşinyan bu isteriyadan nə qədər bəhrələnməyə çalışsa da, İrəvanın bütün aqressiv planları ölü doğulur.
Səbəb sadədir: Azərbaycan nə mövcud status-kvo ilə razılaşan deyil, nə də münaqişənin həllinə yönəlmiş danışıqlara qarabağlı ermənilərin "tərəf" qismində qatılmasına imkan verməyəcək.
Ermənilər isə Qarabağ üçün artıq ölmək istəmirlər.
Elçin Alıoğlu
Milli.Az