"Eynşteyn nə qədər yəhudidirsə, bir o qədər də azərbaycanlıdır" - Baş Redaktora elə cavablar verildi ki...

Metbuat.az-da "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

"Ordu.az" saytının baş redaktoru Şahin Qocayevin suallarını jurnalist Nərgiz Əzizova cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.

- !Salam!"

İnsan görüşdükdə mütləq bu ifadəni səsləndirməlidirmi?

- Sözsüz ki, mütləq deyil. "Salam", "Xoş gördük" kimi ifadələri əslində ehtiramımızı bildirmək, münasibətimizi göstərmək üçün işlədirik. Bu ifadələr olmasa, cəmiyyət daşa dönər, sayğısız olar. Kiçik görünsələr də münasibətlər zəncirinin önəmli detallarıdırlar.


- İnsan yaradılışının qüsursuz olduğunu nə ilə əlaqələndirirsiniz?

- Sizcə insanın yaradılışı qüsursuzdurmu? Qüsursuz insan sıxıcıdır. Bütün əskiklərimizlə insan oluruq. Məsələyə dini tərəfdən baxası olsaq, onda bu, müzakirəyə çevrilər. Amma fiziki tərəfdən baxanda, qulaqlarımız zamanla zəifləyir, boğazımız bizi boğa bilir, yaşımız artdıqca dərimiz zədələnir. Necə də sadə görünür...


- Kamillik dərəcəsinə çatmaq nədən keçir?

- Kiminə görə kitabdan, oxumaqdan, öyrənmək və öyrətməkdən, kiminə görə, sadəcə dindən.


- Nəsimi, yoxsa Eynşteyn daha kamil idi?

- Kamillik daha çox mənəvidir. İnsan mənən kamilləşir. Eynşteyn dahidir, amma kamildirmi? Bu, sual altındadır. Eynşteyn bəşəriyyəti min addım irəli atmış adamdır. Məsələn, Eynşteyn nə qədər yəhudidirsə, bir o qədər də azərbaycanlıdır.

- Fərd şəxsiyyətin ucqar sərhədlərində qoruyucu kimi çıxış edə bilərmi?


-Şəxsiyyət nə qədər müstəqil inkişaf etsə də, hələ də yaşadığı cəmiyyətin bir hissəsidir. Onun inkişaf tendensiyaları və səyləri bəlkə də sabah həll edəcəyi ideyalar və dəyərlərdən təsirlənir. Şəxsiyyət cəmiyyətin münasibətindən deyil, müstəqil mövcudluğundan asılıdır. Cəmiyyətdə yox olan fərdin əksinə, şəxsiyyət cəmiyyət təsirlənsə belə müstəqilliyini qoruya bilir. Böyük bir tarixin varisi olaraq, güclənmək istəyən cəmiyyətin mənəvi dəyərlərə hakim olan ideal şəxsiyyətlərə ehtiyacı var. Yaxşını pisdən ayırmaq qabiliyyəti inkişaf edən vicdanlı şəxsiyyətlər qazanmaq üçün fərdlərə hər zaman ehtiyac var. Fərd bəlkə də sadəcə, yaradıcıdır.


Tural İsmayılov/ Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI