Rusiya xüsusi xidmət orqanları uzun müddət istintaqdan qaçan 42 yaşlı oliqarxı Sergey Polonskini ələ keçirib.

ANS PRESS-in məlumatına görə, o, bir neçə gün əvvəl Kamboçada şəxsi yaxtasında istrahət edən vaxt yaxalanıb.

Vətənində Polonski “Rublyovskaya rivyera” və “Kutuzovskaya milya” yaşayış komplekslərinin tikintisi zamanı geniş miqyasda pulun mənimsənilməsi və fırıldaqçılıqda günahlandırılır.

Polonski 2004-2011-ci illərdə nəhəng “Miraks qrup” əmlak şirkətinin sahibi və idarəçisi olub. 2008-ci ildə beynəlxalq maliyyə böhranına kimi Polonski Rusiyanın ən varlı adamları sırasında olub. Hazırda “Potok” holdinqə birləşdirilmiş bir sıra maliyyə strukturlarının aksioneri və sərmayədarıdır.

2012-ci ildən bu günə kimi Polonski Kamboçada öz adasında yaşayırdı.

2013-cü ilin iyun ayından etibarən Rusiyada fırıldaqçılıq və vətəndaşların pullarının mənimsənilməsi yönündə Polonski barədə cinayət işi açılıb. Məhkəmə onun şərti həbsi barədə qərar qəbul etmişdi. 17 may tarixində isə Polonski Komboçadan Rusiyaya deportasiya edilib.

Polonski hazırda istintaq təcridxanasındadır.

Qeyd edək ki, 2011-ci ildə "Forbes" jurnalı Polonskini ilin ən avara həyat tərzi sürən və spesiftik xarakterə malik biznesmeni elan etmişdi.


Mənbə
ANS PRESS