Təhsil Nazirliyi: Artıq vakant müəllim yerlərini gizlətmək mümkün olmayacaq

Təhsil Nazirliyi: Artıq vakant müəllim yerlərini gizlətmək mümkün olmayacaq
11:37 18 May 2015
400 Digər
Ölkə mətbuatı
A- A+

[ 18 May 2015 11:32 ]


Bakı. Könül Kamilqızı – APA. "Təhsil Nazirliyinin apardığı monitorinqlər zamanı əksər rayonlarda müxtəlif vaxtlarda təhsil şöbələri tərəfindən müəllim vakansiyalarının gizlədilməsi halları müşahidə olunur".

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev APA-ya açıqlamasında deyib ki, vakant yerin gizlədilməsi həmin vakant yerin elan edilməməsi deməkdir. Onun sözlərinə görə, artıq Azərbaycanda rayon təhsil şöbələri tərəfindən müəllim vakansiyalarını gizlətmək mümkün olmayacaq: “Bu gün nazirlikdə hansı rayonda müəllimlərin nə qədər dərs yükünə malik olması barədə məlumatlar var. Rayonlar üzrə vakant yerlər nazirliyə təqdim olunarkən onlar demir ki, məsələn “Fizika” fənni üzrə 6 saat vakant yer var. Onlar bizə həmin fənn üzrə ümumi dərs yükü, mövcud müəllimlərin sayı, məktəbdəki mövcud dərs yükü barədə məlumat verir. Bunun nəticəsi olaraq nə qədər vakant yerin olmasını sistem özü hesablayır. Biz həm də ona baxırıq ki, rayon məktəblərindən təqdim olunan vakansiya mövcud məktəb müəllimləri arasında bölünə bilər ya yox”.

 

İ.Nağıyev əlavə edib ki, bəzən bir dərs yükünün bir və yaxud başqa müəllimin üzərində saxlanması, sonradan bölünməsi halları olur. Onun sözlərinə görə, artıq bu gün respublika üzrə müəllimlərlə bağlı bütün məlumatlar toplanıb və bazaya yerləşdirilib: "Vakansiyalar bitəndən sonra həmin yerlər üzrə təhlillər aparılacaq ki, hansısa məktəblərdə əlavə dərs yükü olsa da onlar vakansiyaya təqdim edilməyib. Qaydalarda da var ki, məlumatların düzgünlüyünə görə yerli idarəetmə orqanları məsuliyyət daşıyır. Yəni, hər hansı bir vakansiyanı gizlədib sonradan elan edən adam birbaşa məsuliyyət daşıyır. Onsuz da müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir. Təhsil şöbələri hətta hər hansı bir saatları göstərməsə belə il ərzində ora müvəqqəti müqavilə ilə hansısa müəllimi cəlb edə bilər”.

 

Nazirlik rəsmisi qeyd edib ki, digər yeniliyə əsasən, bu ildən bütün hallarla (uzunmüddətli, müqavilə ilə işə cəlb etmə, rayondaxili yerləşmə) bağlı bütün məlumatlar elektron sistemə işlənməlidir. Artıq bütün məlumatların elektron sistemdə əks olunacağını deyən İ.Nağlyev vurğulayıb ki, nəticədə vakant yerlərin gizlədilməsi halları mümkün olmayacaq: “Bu gün Azərbaycanda 160 mindən çox müəllim fəaliyyət göstərir. Amma onların hər biri maraqlanmaq və dərs yükünün azlığı-çoxluğu ilə bağlı işlər rayon təhsil şöbələrinin birbaşa işidir. Nazirlik bunu tənzimləyir və nəzarətdə saxlayır ki, hər şey qaydasında olsun”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR