“Qarabağ”ın qrupdakı hansı rəqibi daha güclüdür? - FOTO

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək “Qarabağ”ın rəqibləri müəyyənləşib. H qrupunda yer alan Ağdam təmsilçisi Almaniya “Bayer”i, İsveç “Hakken”i və Norveç “Molde”si ilə münasibətlərə aydınlıq gətirəcək.

Metbuat.az xəbər verir ki, “Qafqazinfo” bu məqamda Qurban Qurbanovun komandasının rəqibləri haqqında maraqlı məlumatları təqdim edib.

Sözsüz ki, “Qarabağ”ın qrupunda yer alan ən adlı-sanlı klub Leverkuzen “Bayer”idir. Komanda 1904-cü ildə yaradılıb.

Almaniya təmsilçisi ev oyunlarını 30200 azarkeş tutumuna malik “Bay-Arena”da keçirir. Komandanın baş məşqçisi İspaniya millisinin sabiq ulduz futbolçusu Xabi Alonsodur. Leverkuzen təmsilçisi ötən mövsümü 50 xalla 6-cı pillədə başa vurub.

Klubun dəyəri 446 milyon avro dəyərləndirilir. “Bayer”in heyətində 15 milli komanda üzvü var. Almaniya təmsilçisi bir transfer üçün 10-12 milyon avro xərcləyə bilir ki, bu da “Qarabağ”ın illik büdcəsinə bərabərdir.

“Qarabağ”ın qrupunda yer alan “Hakken” isə 1940-cı ildə yaradılıb. Höteborq şəhərini təmsil edən komanda ilk ölkə çempionluğuna ötən il nail olub.

İsveç təmsilçisi Çempionlar Liqasının təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubuna məğlub olduğu üçün mübarizəni Avropa Liqasında davam etdirib. “Hakken” qruplara qatılmaq üçün Litvanın “Zalqris”, Şotlandiyanın “Aberdin” klublarını mübarizədən kənarlaşdırıb.

Komanda ev oyunlarını “Rambergsvallen” stadionunda keçirir. Klubun baş məşqçisi Lennart Karlssondur.

Norveç “Molde”si isə Çempionlar Liqasının pley-off mərhələsində Türkiyənin “Qalatasaray” klubuna uduzduğu üçün mübarizəni Avroliqada davam etdirir.

Klub 1911-ci ildə yaradılıb. Komanda ev oyunlarını 11 249 azarkeş tutumuna malik, süni örtüklü “Aker Stadion”da keçirir. “Molde” tarixində 5 dəfə ölkə çempionu olub. Komandanın baş məşqçisi Erlinq Moeidir.

“Molde”nin ən böyük uğurları Ole Qunnar Sulşerin adı ilə bağlıdır. Onun başçılığı ilə komanda 2011-ci ildə ilk çempionluğuna sahib çıxıb. 2018-ci ildə Sulşerin “Mançester Yunayted”ə gedişindən sonra kluba Erlinq Moe gətirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR