Noyabr ayında balıq alarkən diqqətli olmaq tövsiyə edilir. Bəzi balıq növləri mövsümi xüsusiyyətlərinə görə bu dövrdə əvvəlki dadını itirir, digərlərinin isə ovlanmasına qadağa tətbiq olunur.
Metbuat.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, noyabr ayında xüsusilə sardina, qılınc balığı, mavi üzgəcli duna və alabalıq alarkən diqqətli olmaq lazımdır. Bu balıqlardan bəzilərinin ovlanması qadağan edildiyi halda, digərləri mövsümə görə əvvəlki keyfiyyətini qoruyub saxlamır.
Belə ki, sardina yay aylarında daha yağlı və dadlı olur. Noyabrda isə onun yağlılığı və dadı yay mövsümündəki səviyyədə olmaya bilər. Bununla belə, sardinanın bu ayda yeyilməsinin sağlamlıq baxımından zərərli olduğu bildirilmir.
Qılınc balığının ovlanması Türkiyədə oktyabrın 1-dən noyabrın 30-dək qadağandır. Mavi üzgəcli tunanın ovlanmasına isə oktyabrın 15-dən iyunun 15-dək məhdudiyyət tətbiq edilir.
Təbii alabalığın ovlanması da oktyabrın 1-dən fevralın 28-dək qadağandır. Bu səbəbdən istehlakçılara balıq alarkən məhsulun mənşəyinə və qanuni yollarla əldə edilməsinə diqqət yetirmək tövsiyə olunur.
Mütəxəssislər mövsümə uyğun balıq istehlakının həm məhsulun keyfiyyəti, həm də dəniz və su hövzələrində balıq ehtiyatlarının qorunması baxımından əhəmiyyətli olduğunu vurğulayırlar.