Bakı, 5 iyun, Nihat Budaqov, AZƏRTAC
Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) yığıncağı keçirilir. Ötən ilin iyunundan neftin qiymətinin kəskin aşağı düşməsindən sonra bu gün keçirilən ikinci yığıncaqda təşkilatın istehsal kvotası, düşən neft qiymətləri qarşısındakı tutumu, İranın vəziyyəti və ABŞ-da artan neft istehsalı məsələləri müzakirə olunur.
AZƏRTAC xəbər verir ki, keçən ilin noyabrındakı yığıncaqda istehsalı azaltmamaq qərarı alan OPEC 6 aylıq dövr üçün gündəlik təxminən 30 milyon barrel istehsal kvotası təyin etmişdi. Ancaq Səudiyyə Ərəbistanı və İraqın neft istehsalını artırması ilə təşkilatın müəyyən etdiyi kvota aşıldı və son dövrdə istehsal gündəlik təxminən 31 milyon barreldən çox oldu.
OPEC-in 12 üzv ölkəsindən 7-si istehsal miqdarının aşağıya salınmasını gözləyir. Səudiyyə Ərəbistanının da aralarında olduğu 4 ölkə isə təşkilatın istehsal kvotasının aşağıya salınmasını istəmir.
Gəlirlərinin əsas hissəsi neft ixracı ilə bağlı olan və apreldə gündəlik orta hesabla 2,7 milyon barrel xam neft istehsal edən Venesuela isə təşkilatın neft istehsalında azaltma getməsini tələb edir. Anqola, Əlcəzair və Nigeriya martda keçirdikləri yığıncaqda düşən neft qiymətlərinə qarşı ortaq bir strategiyanı inkişaf etdirmək istədiklərini bildiriblər. Bu ölkələr kimi Liviya və Ekvador da təşkilatın istehsalda azaltmaya gedərək qiymətlərin yüksəlməsini gözləyir. Bu 5 ölkə apreldə gündəlik orta hesabla 5,7 milyon barrel xam neft istehsal edib.
Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər isə OPEC-in neft istehsalını azaltmasını istəmir. Bu vəziyyətdə ABŞ və Rusiyaya qarşı bazar paylarını itirəcəklərini iddia edən həmin ölkələr, təşkilat içindəki ən böyük xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanının müttəfiqləri olmağa davam edir. Bu 3 ölkədə apreldə gündəlik orta hesabla 6,4 milyon barrel xam neft çıxarılıb.