Amerikalı milyarder İlon Maskın süni intellekt vasitəsilə hazırlatdığı “Odisseya” ekran işi gözlənilən marağı doğurmayıb.
Metbuat.az xəbər verir ki, homer dastanının süni intellektlə ekranlaşdırılmış versiyası həm texniki, həm də bədii baxımdan tənqid edilib.
Mask daha əvvəl Kristofer Nolanın “Odisseya” filmini tarixi baxımdan qeyri-dəqiq aktyor seçiminə görə tənqid etmiş və ilin sonunadək əsərin öz versiyasını təqdim edəcəyini bildirmişdi.
Lakin Maskın təqdim etdiyi ekran işi tammetrajlı film deyil, cəmi yeddi dəqiqəlik ilk seriyadan ibarət layihə olub. Növbəti seriyaların nə vaxt yayımlanacağı isə açıqlanmayıb.
Süjet Odisseyin Troya müharibəsindən yayınmaq üçün özünü dəli kimi göstərməsi ilə başlayır. Ancaq qısa müddətdə hadisələr arasında məntiqi əlaqənin zəifliyi, sürətli montaj və personajların süni səsləri diqqət çəkib.
Tənqidçilər ekran işində süni intellektin yaratdığı vizual uyğunsuzluqları da qabardıblar. Qədim yunan döyüşçülərinin təsvirində vikinqlər dövrünə aid gəmilərə, orta əsr geyimlərinə və XIX əsri xatırladan işıqlandırma vasitələrinə rast gəlinməsi tarixi dəqiqlik iddiasını şübhə altına alıb.
Qeyd edək ki, Mask Kristofer Nolanın “Odisseya” filmini aktyor heyətində qaradərili aktrisa Lupita Nyong'onun və Elliot Peycin yer almasına görə də tənqid etmişdi. Onun öz layihəsi isə tənqidçilərin fikrincə, keyfiyyətli kino üçün vacib olan ardıcıl süjet, dramaturji inkişaf və tamaşaçı ilə emosional əlaqə baxımından ciddi problemlərlə üzləşib.