Bu ayın əvvəlində dünya bazarlarında xam neftin qiymətləri yenidən bədbin proqnozlara səbəb olacaq şəkildə dəyişdi. Belə ki, Brent markalı neftin qiyməti 4 gün ərzində 64,93 dollardan 62,72 dollaradək ucuzlaşdı.
Yeni qiymətlərin formalaşmasında ABŞ və Səudiyyə Ərəbistanı uğrunda neft qiymətləri uğrunda mübarizə, habelə 1979-cu ildən bəri sanksiyalara məruz qalmış İranın neft-qaz sektorunun "don"unun tədricən açılmasıdır.
Sanksiyalar ləğv olunarsa İran, təbii ki, dünya bazarına daha çox xam neft və təbii qaz çıxaracaq. Bu isə İranın bölgədəki strateji, amansız rəqibi Səudiyyə Ərəbistanının mövqelərini zəiflədir, Tehranla Ər-Riyad arasındakı münasibətləri gərginləşdirir.
2012-ci ildə sanksiyaların ağırlaşmasından və sərtləşməsindən bəri mövcud olan status-kvo İranı əsla təmin etmir. Tehran OPEK-ə üz tutaraq sutkalıq hasilatın 1,5 milyon barelədək endirilməsini istəyir.
OPEK-in iyunun 5-də Vyanada keçirdiyi toplantı da heç bir nəticə vermədi. Çünki Səudiyyə Əərbistanının rəhbərliyi "OPEK-də sutkalıq hasilat kvotası 31,21 milyon barel səviyyəsində qalacaq. Kvota isə 30 milyon bareldir" bəyanatı ilə çıxış etdi.
Beləliklə, kartel kvotaların dəyişdirilməsi ilə bağlı qərarını ən azı yarım il müddətinə təxirə salıb. Birləşmiş Ərəb Əmirliklərinin neft naziri Süheyl bin Məhəmməd əl Məzruinin dediyinə görə, OPEK-in ötən ilin noyabrında qəbul etdiyi qərar dürüstdü. Yəni nazir bazarın vaxt keçdikcə müstəqil şəkildə tənzimlənəcəyinə inanır.
Sadəlövhlərə hesablanmış açıqlama, vəd və əslində, dilətutmadır.
Küveytin neft naziri Əli Saleh əl Ömeyr bildirib ki, kvotaların artırılmasını bir ölkə təklif edib.
Hansı ölkə - ad çəkilmir. Daha doğrusu, küveytli nazir Səudiyyə Ərəbistanından çəkinir. OPEK-də oyun qaydalarını səudilərin müəyynələşdirməyə çalışdıqlarını nəzərə alsaq, həmin "anonim" ölkənin adı şübhə doğurmur.
Səbr kasası dolmuş İran artıq hücuma keçib. İranın neft naziri Bijan Zəngane sutkanın hasilat səviyyəsinin indiki 3 milyon bareldən 4 milyon barelədək artırılacağını bildirib. Üstəlik, hasilatın artırılmasına Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvindən cəmi 6-7 ay sonra başlanacaq.
"İrandakı layihələrə qatılmaq istəyən şirkətləri dəstəkləyirik. Üstəlik, sanksiyalar ləğv ediləndən sonra neftimiz üçün bazarlar da tapılacaq", - Zəngane deyib.
İranlı nazirin Çini nəzərdə tutduğu bəllidir. Enerjidaşıyıcılarına olan tələbatı sürəkli artan Çin neftin ən böyük alıcılarından biri qismində çoxdan kölgədən çıxıb.
Dəniz neft daşımaları ilə yanaşı, Pakistan ərazisindən keçəcək marşrutları reallaşdıra biləcək Çin yeni layihələrə onlarla, yüzlərlə milyard dollar pul yatıra bilər. Özü də asanlıqla.
Çinə neft satan ölkələr arasında Səudiyyə Ərəbistanı lider mövqe tutduğundan, Bijan Zənganenin kimə meydan oxuduğu, Tehranın yeni geoiqtisadi təşəbbüslərinin hansı istiqamətə yönəldiyi əyan olur.
Yəməndəki vətəndaş müharibəsi Səudiyyə Ərəbistanının manevr imkanlarını əhəmiyyətli dərəcədə daraldıb. Husilər hələ də Bab əl Məndəb boğazına nəzarət imkanlarını itirmədiklərindən, onların uğura nail olacaqları təqdirdə Səudiyyə Ərəbistanı Misirdən asılı olacaq, neft daşımalarını Süveyş kanalı vasitəsilə reallaşdırmaq məcburiyyətində qalacaq.
Üstəlik, OPEK İranla münasibətləri normallaşdırmaq niyyətində deyil. Tam əksinə, Səudiyyə Ərəbistanının neft naziri özündən razı halda deyib: "Bazardakı indiki vəziyyət bizi 100 faiz təmin edir".
Və bundan sonra İran sutkalıq hasilat kvotaları ilə bağlı dəyişiklərdə nə qədər israrlı olarsa, Fars Körfəzindəki monarxiyalar bir o qədər aqressiv davranacaqlar.
OPEK hələ də anlamır ki, bu minvalla İranı ABŞ və Rusiyanın oyunlarına alət etməkdədir.
Karteli içdən dağıda biləcək əsas məsələ xam neftin qiyməti ilə bağlı mübahisələrdir. Məsələn, İran hesab edir ki, 1 barel üçün 75 dollar minimal ədalətli qiymətdir. Anqola isə bu hədd qismində 80 dolları görür. Paradoks həm də ondadır ki, dünya bazarlarında xam neftin qiymətləri yalnız alıcı və satıcılardan yox, həm də ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) monetar siyasətindən asılıdır. FES təkrar maliyyələşdirilmənin stavkasının artımını iyun ayı üçün nəzərdə tutsa da, bir neçə gün əvvəl xüsusi bəyanat yayaraq qərarını 2016-cı ilin əvvəlinədək təxirə saldığını bildirib.
Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kroistin Laqard bu addımı sərt tənqid edərək 2015-ci ilin ilk rübündə ABŞ iqtisadiyyatının, onsuz da, 0,7 faiz gerilədiyini xatırladıb. Belə mövqe "qara qızıl"ın qiymətlərini daha da aşağı sala bilər, çünki "baha pullar" maliyyə vəsaiti və likvidliyin Asiya bazarlarından "vətən"ə axınına səbəb olacaq.
ABŞ Yaxın Şərqdəki regional siyasətini aktivləşdirmək üçün İranı fəallaşdırmaq, bölgədə gücləndirmək niyyətindədir. Ona görə də İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan yekun sənəd artıq iyunun 30-da imzalana bilər.
Birləşmiş Ştatlar 2011-ci ildən bəri neft bazarına tam nəzarət etməyə çalışır. Bu planı yerinə yetirmək üçün Yaxın Şərqdə və Şimali Afrikada bir sıra dövlətlərdə çevrilişlər, üsyanlar, inqilablar və qiyamlar baş verdi, bölgədə xaos gücləndi.
Amerikalılar məqsədlərinə çatanadək sakitləşməyəcəklərini deyirlər.
Vəziyyət, deyəsən, lap gərginləşir.
Elçin Alıoğlu
Milli.Az