“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.

Metbuat.az xəbər verir ki, bu bardə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, 28 sentyabr 2025-ci ildən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə iki dəfə reyslər həyata keçiriləcək.

Qrafikə əsasən:

- Səhər reysi saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevirə çatacaq, 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edəcək. Qatar 08:26-da Gəncəyə, 09:48-də isə Ağstafaya çatacaq.

- Günün ikinci reysi saat 16:00-da Ağstafadan başlayacaq, 17:19-da Gəncəyə, 18:36-da Mingəçevirə çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncəyə yetişəcək.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.

Biletlər və xidmətlər:

- Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN olacaq.

- Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təqdim ediləcək.

-Sərnişinlərə ödənişsiz “Wi-Fi” xidməti göstəriləcək.

-Biletləri 25 sentyabrdan etibarən ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

ADY Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri aparıb, Mingəçevir şəhər stansiyasını isə yeniləyib. Yeni marşrut nəticəsində illik 100 minə yaxın sərnişinin daşınacağı gözlənilir.