"Bitcoin"in kəskin ucuzlaşması təkcə kriptovalyuta bazarına deyil, digər maliyyə bazarlarına da ciddi zərbə vura bilər.
Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən "XPS Group"un baş investisiya direktoru Simeon Villis "Bitcoin"in əvvəlki qədər gəlir gətirmədiyini bildirib. O, kriptovalyutanı “tək funksiyalı aktiv” adlandırıb.
Ekspertin sözlərinə görə, "Bitcoin" gündəlik istifadə olunan valyutaya çevrilə bilməsə, sürətlə dəyər itirə bilər. O hesab edir ki, "Bitcoin" bazarından təxminən 1 trilyon funt sterlinqin silinməsi investorların səhmləri satmasına və daha təhlükəsiz aktivlərə yönəlməsinə səbəb ola bilər.
Villis bildirib ki, belə bir vəziyyət insanların sərvətinin azalmasına, xərclərin zəifləməsinə və nəticədə Böyük Britaniyanın iqtisadi artımına mənfi təsir göstərə bilər.
Məlumata görə, "Bitcoin" son 5 ildə 72% bahalaşıb. Eyni dövrdə qlobal səhmlərin dəyəri 75% artıb. Ekspertin fikrincə, kriptovalyutanın gələcəyi onun daha geniş istifadə olunub-olunmayacağından asılıdır.