İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin güc tətbiq etmək əvəzinə dialoq yolunu seçməsinin daha doğru olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, Pezeşkian bu fikirləri İrəvanda BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının 17-ci Tərəflər Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə səsləndirib. İran Prezidenti ABŞ-nin təkcə ölkəsi üçün deyil, bütün dünya üçün problemlər yaratdığını vurğulayıb. O, Vaşinqtonun mövcud siyasətini davam etdirməsinin qlobal vəziyyəti daha da pisləşdirə biləcəyini qeyd edib. Pezeşkian İranın qonşu ölkələrlə koordinasiya şəraitində dünya ilə əlaqələrini davam etdirəcəyini bildirib. İran-Ermənistan münasibətlərinə də toxunan Pezeşkian Tehranla İrəvan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Nikol Paşinyan isə iki ölkə arasında tarixi və mədəni əlaqələrin əhəmiyyətini qeyd edərək, regionda sülh və sabitliyin təmin olunmasını istədiklərini bildirib. Ermənistanın Baş naziri ölkəsinin qonşu dövlətlərlə münasibətləri inkişaf etdirməyə çalışdığını da diqqətə çatdırıb.