Azərbaycanda məktəbli geyimi ətrafında müzakirələri dini qarşıdurmaya çevirməyə çalışan bəzi dairələrin əsl niyyəti tədricən üzə çıxır. Doğrudanmı, söhbət hicabdan, məktəb formasından və ya dini azadlıqlardan gedir? Yoxsa məsələ Azərbaycanın dünyəvi dövlətçilik modelinə qarşı ideoloji təzyiq göstərmək, cəmiyyətdə narazılıq yaratmaq və Türkiyə ilə Azərbaycan arasına nifaq toxumu səpmək cəhdidir?
Azərbaycan dünyəvi dövlətdir. Bu, nə dinə düşmənçilikdir, nə də dindar vətəndaşların hüquqlarına hörmətsizlik. Bu, Azərbaycan xalqının seçimidir.
Dövlətin vəzifəsi dini inanclara hörmət etməklə yanaşı, təhsil sisteminin qaydalarını və ictimai nizamı qanunlar əsasında müəyyən etməkdir. Məktəblərdə vahid geyim qaydası da bu çərçivədə müzakirə olunmalıdır. Hər qərarı dinə qarşı hücum kimi təqdim etmək isə məsələnin mahiyyətini təhrif edir.
Təəssüf ki, Türkiyədəki bəzi nurçu çevrələrin və dini-siyasi qrupların Azərbaycanla bağlı mövqeləri bəzən məhz bu cür emosional ritorikanı gücləndirir. Dini həssaslıqların siyasiləşdirilməsi, məktəbli geyiminin siyasi mübarizə alətinə çevrilməsi və Azərbaycan dövlətinin qərarlarının hədəfə alınması təsadüfi ola bilməz. Konkret təşkilatların fəaliyyətinə dair ittihamlar, əlbəttə, faktlarla sübuta yetirilməlidir. Ancaq əsas sual hələ də öz aktuallığını qoruyur: Azərbaycanın daxili siyasəti niyə kənar ideoloji çevrələrin mübarizə meydanına çevrilməlidir?
Ölkəmizin bu məsələlərdə öz təcrübəsi var. Xüsusilə 2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdindən sonra FETO ilə əlaqəli şəbəkələrin dövlət institutlarına nüfuzu regionun əsas təhlükəsizlik mövzularından birinə çevrildi. Azərbaycanda da həmin şəbəkələrlə əlaqəli hesab edilən bəzi qurumlara qarşı tədbirlər görüldü. Türkiyədə isə bu təşkilatın əvvəlki illərdə dövlət və siyasi strukturlarda necə möhkəmlənməsi barədə mübahisələr bu gün də davam edir.
Bu tarixi faktlar Türkiyədəki bütün nurçu qrupları FETO ilə eyniləşdirməyə və ya AKP-ni bütövlükdə FETO-yə rəğbətdə ittiham etməyə əsas vermir. Lakin bir həqiqət var: dini şəbəkələrin siyasi təsir imkanları və dövlət institutlarına nüfuzu məsələsi diqqətdən kənarda qala bilməz. Türkiyənin öz daxilindəki problemlərin Azərbaycan əleyhinə kampaniyaların alətinə çevrilməsi isə qəbuledilməzdir.
Azərbaycan Türkiyənin qardaşıdır, strateji müttəfiqidir. Ancaq qardaşlıq bir dövlətin digərinə öz ideoloji modelini qəbul etdirməsi demək deyil. Azərbaycan nə Türkiyənin daxili siyasi mübarizəsinin davamı, nə də hansısa dini şəbəkənin təsir meydanıdır.
Hicab başqa şeydir, hicabdan siyasi məqsədlərlə istifadə etmək başqa. Dindar olmaq başqa şeydir, dini kimlik üzərindən cəmiyyəti parçalamağa çalışmaq başqa. Azərbaycanlıların dini inanclarına hörmət edilməlidir. Rəsmi Bakı bunu edir. Lakin bu həssaslıqların siyasi manipulyasiya vasitəsinə çevrilməsinə göz yummaq olmaz.
Bakını hədəfə alanlar bir şeyi unudurlar: Azərbaycanın dövlətçilik modeli barədə son sözü nə Türkiyədəki siyasi dairələr, nə də dini şəbəkələr deyir. Bu qərar Azərbaycan xalqının və müstəqil dövlətinin suveren hüququdur.
Nazim Hüseynzadə / Metbuat.az