Tədqiqatçılar süni intellektlə bağlı maraqlı araşdırma aparıb.

Metbuat.az xəbər verir ki, süni intellekt agentləri virtual adada 30 saat tək buraxılıb. “Eco” adlı təcrübədə tədqiqatçılar onların ətrafı araşdırdığını, özlərinə yeni məqsədlər seçdiyini və müxtəlif oyunlar yaratdığını müşahidə ediblər. Araşdırmada “Claude Opus 4.7” modelinin nüsxələri “Roblox”a bənzər virtual mühitə yerləşdirilib. Agentlər adanın ən yüksək nöqtəsinə qalxmağa çalışıb, əşyaları sınaqdan keçirib və yeni imkanlar kəşf ediblər. Onlardan biri daşları yerə ataraq yeni bloklar yaratmağın mümkün olduğunu müəyyənləşdirib, daha sonra həmin bloklarla ürək, piramida və öz adını formalaşdırıb. Tədqiqatçıların diqqətini çəkən əsas məqam isə süni intellektin yalnız verilən tapşırıqları yerinə yetirməməsi, həm də öz fəaliyyət istiqamətlərini müəyyənləşdirməsi olub.

“MIT Technology Review” nəşrinin məlumatına görə, virtual mühiti əvvəlcədən araşdıran agentlər sonradan verilən konkret tapşırıqları həmin təcrübəni yaşamayan eyni modelin nüsxələrindən daha uğurla yerinə yetiriblər. Agentlərin topladıqları təcrübələri yaddaş fayllarında saxladıqları, bu məlumatların bir hissəsi silindikdə isə nəticələrinin zəiflədiyi müəyyən edilib. Alimlər bu davranışların süni intellektdə şüur, maraq və ya daxili motivasiyanın mövcudluğunu sübut etmədiyini vurğulayırlar. Üstəlik, təcrübə tamamilə sərbəst şəraitdə aparılmayıb. Məlumata görə, agentlərə araşdırma aparmağa təşviq edən ilkin təlimatlar verilib.