Azərbaycanın Şanxay Əməkdaşlığı Təşkilatı (ŞƏT) ilə gələcək inteqrasiyasının səviyyəsi Bakının qəbul edəcəyi qərarlardan asılıdır.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidentinin ŞƏT işləri üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean əməkdaşlığı departamentinin direktoru Bəxtiyar Həkimov deyib.

Rusiya Azərbaycanı ŞƏT-də görmək istəyir (FOTO, VİDEO)
Bəxtiyar Həkimov - Rusiya prezidentinin ŞƏT işləri üzrə xüsusi nümayəndəsi

“Vestnik Kavkaza” portalında dərc olunan məqalədə bildirilir ki, o, deyib: "Rusiya çox istərdi ki, Azərbaycan Şanxay Əməkdaşlığı Təşkilatı ilə dialoq üzrə tərəfdaş statusu alsın. Dialoq üzrə tərəfdaşlıq praktiki əməkdaşlığı qurmağa imkan verir. Bu isə müşahidə aparmaqdan daha faydalıdır.”

Bəxtiyar Həkimov həmçinin bildirib ki "Azərbaycanın potensialı bəllidir. İqtisadiyyat, siyasət və mədəniyyət baxımından Azərbaycan dialoq üzrə tərəfdaş olan digər ölkələr kimi əhəmiyyətli töhfə verə bilər. Çünki ŞƏT mədəniyyətləri, etnosları və dinləri özündə cəmləşdirən unikal təşkilatdır. Yeni tərəfdaşların, dövlətlərin gəlişi yalnız alqışlanır."

Rusiya Azərbaycanı ŞƏT-də görmək istəyir (FOTO, VİDEO)
Bakı şəhərinin mənzərəsi

B.Hakimov təşkilatın genişlənilməsi haqqında danışıb, sammitdə Belarusa müşahidəçi, Azərbaycan, Ermənistan, Kamboca və Nepala isə tərəfdaş statusunun veriləcəyini bildirib.

Ümumiyyətlə, ŞƏT-in sammitində Hindistanın və Pakistanın bu təşkilata qəbulunun prosedurunun başlanğıcı haqqında sənədlər imzalanıb. Bəzi ekspertlər hesab edirlər ki, onların qəbulu ilə ŞƏT-də Hindistan-Pakistan münaqişəsi və onun nizama salması bu təşkilatın daxili işi olacaq, nə ABŞ-ın, nə də NATO-nun bu ölkələrin işlərinə qarışmaq imkanı bağlanacaq. Məhz bu səbəbə görə ŞƏT-ə üzvlük üçün Əfqanıstan da cəhd göstərir.

İyulun 9-10-da Başqırdıstanın paytaxtı Ufada keçirilən Şanxay Əməkdaşlığı Təşkilatının sammiti ciddi nəticələrlə yadda qalıb. Belə ki, mötəbər sənəd kimi ŞƏT-in 2025-ci ilə qədər İnkişaf Strategiyası təsdiqlənib. Qəbul olunan Ufa Bəyannaməsində beynəlxalq, regional və ŞƏT çərçivəsində baş verən proseslərə diqqət yetirilib, qarşılıqlı tərəfdaşlıq haqqında sənəd imzalanıb, üç il ərzində terrorizmlə, ekstremizmlə və separatizmlə mübarizə üzrə birgə əməkdaşlıq proqramı qəbul olunub.

Sammit çərçivəsində üzv ölkələrin dövlət başçılarının təkbətək və geniştərkibdə görüşləri baş tutub.

Rusiya Azərbaycanı ŞƏT-də görmək istəyir (FOTO, VİDEO)
ŞƏT-in iyulun 9-10-da Ufa Sammiti