Avropada yunan şoku: Azərbaycan xilaskar ola bilər - FOTO

Avropada yunan şoku: Azərbaycan xilaskar ola bilər - FOTO
11:12 26 Yanvar 2015
146 Digər
Ölkə mətbuatı
A- A+

Yunanıstanda növbədənkənar parlament seçkiləri başa çatıb. Bu səhərə olan nəticələrə görə, solçu radikal siyasi qüvvələri birləşdirən SİRİZA bloku seçkilərin qalibidir.
 
Milli.Az "Agence France-Presse"ə istinadən bildirir ki, blok səslərin 39,5 faizini toplayıb.
Baş nazir Antonis Samarasın liderlik etdiyi sağ-mərkəzçi "Yeni demokratiya" Partiyası səslərin 27 faizini yığıb.
SİRİZA-nın lideri 40 yaşlı Aleksis Sipras Yunanıstan tarixində ən gənc baş nazir olacaq.
 
Yunanıstanda növbədənkənar parlament seçkiləri ölkənin ali qanunverici strukturunun prezidenti seçə bilməməsi və Konstitusiyaya uyğun olaraq buraxılmasından sonra keçirilib.


SİRİZA sol qüvvələr koalisiyası ölkədə büdcə xərclərinin sərt qənaəti proqramına qarşı çıxır və ölkənin milyardlarla dollarlıq borcunun əksər hissəsinin silinməsi üçün kreditorlara müraciət etməyi düşünür.
 
Avropa Birliyinin rəhbərliyi, habelə Almaniya və Fransa liderləri bildirmişdilər ki, Yunanıstanda SİRİZA qalib gələrsə, ölkə avrozonadan çıxarılacaq.
Solçular nazirlər kabinetini müstəqil şəkildə və ya koalisiya formasında yarada bilməsələr, ölkədə yeni parlament seçkiləri keçirilməlidir.
Afinadakı ANA agentliyi bildirir ki, hökuməti formalaşdırmaq və parlamentdəki yerlərin əksəriyyətini tutmaq üçün SİRİZA 300 deputat mandatından 151-nə yiyələnməlidir. Hazırda isə SİRİZA sadəcə, 149 mandata yiyələnib.
 
Növbədənkənar parlament seçkilərinin nəticələri belədir:
 
1. SİRİZA - 39,5 faiz səs, 149 mandat.
2. "Yeni demokratiya" - 27 faiz, 76 mandat
3. Ultra-sağçı "Xrisi Avqi" (Qızıl sübh) - 6,3 faiz, 17 mandat
4. Mərkəzçi "Potami" (Çay) - 6,04 faiz, 17 mandat
5. Yunanıstan Kommunist Partiyası - 5,49 faiz, 15 mandat
6. Sağ-mərkəzçi "Müstəqil Yunanlar" Partiyası (ANEL) - 4,7 faiz, 13 mandat
7. Ümumyunan Sosialist Hərəkatı (PASOK) - 4,8 faiz, 13 mandat.
 
Yunanıstanın sabiq baş naziri Georgios Papandreunun yaratdığı Demokrat-Sosialistlər Hərəkatı (KİDİSO) 3 faizlik barajı aşa bilmədiyi üçün parlamentə düşməyəcək.
 
SİRİZA bəyan edib ki, Yunanıstana yeni kreditlərin verilməsi müqabilində sərt qənaət proqramı ilə bağıl kreditorlarla yeni anlaşmalar imzalamış "Yeni Demokratiya" və PASOK partiyaları yeni hökumətə daxil edilməyəcəklər.
 
SİRİZA-nın lideri Aleksis Sipras həmin anlaşmaları ən yaxın vaxtlarda ləğv edəcəyini bildirib.
 
Bundan başqa, hökumətin və sol partiyaların neonasist saydıqları "Xrisi Avqi" ilə hər hansı formada əməkdaşlıq etmək niyyətləri yoxdur.
Bu səhər seçkilərin ilkin rəsmi nəticələri açıqlanandan sonra SİRİZA-ın qərargahında bildiriblər ki, solçular Yunanıstanda tarixi qələbəyə nail olublar: "Seçkilərin nəticələri sakinlərinin tam əksəriyyəti hökumətin yürütdüyü sərt qənaət proqramlarına qarşı çıxan Yunanıstan üçün, yunan xalqı üçün tarixi qələbədir. Bu nəticələr Avropaya siqnaldır və bütün Avropa Birliyində dəyişikliklərin tramplini olacaq".
 
SİRİZA-nın iqtisadi siyasət proqramının müəllifi Yannis Miliosun dediyinə görə, Yunanıstanın maliyyə naziri Qikas Harduvelisin Avropa Birliyinin komissarları ilə razılaşdırdığı proqram artıq qüvvədən düşmüş sayıla bilər.
 
Bu gün Avropa Birliyinin xüsusi qrupunun toplantısında nə deyəcəyi ilə bağlı sualı cavablandıranda Milios deyib: "Ümid edirəm ki, Harduvelis texniki xarakterli bütün işləri dayandıracaq. Onun Samarasın təmsilçisi qismində Avropa Birliyinin nümayəndələri ilə razılaşdırdığı proqrama gəldikdə isə, həmin proqram artıq ölü sayıla bilər".


 
SİRİZA-nın lideri A.Sipras bu gün bəyan edib ki, Yunanıstanın Avropaya meyllənmiş kursunu şübhə altına almır, amma Avropa yunanlarla bağlı sərt qənaət siyasətini mütləq şəkildə dəyişməlidir: "Texniki metodlar vasitəsilə ölkəmizin borclarının əksər hissəsinin nominal dəyərinin silinməsinə nail olmaq fikrimiz var. Bu proses sivil şəkildə, Avropanın kollektiv mexanizmlərini işə salmaqla reallaşdırılacaq".
 
Yunanıstana kreditlər vermiş ölkələr və beynəlxalq təşkilatlar isə yunanların borclarını silmək niyyətində olmadıqlarını bildiriblər. O da vurğulanır ki, SİRİZA inad edərsə, Yunanıstan avrozona ilə vidalaşmalı olacaq.
 
Belə olarsa, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun 2010-cu ilin mayından bəri Yunanıstan iqtisadiyyatına yatırdıqları 320 milyard avronun taleyi bilinmir. Çünki bu pulların müqabilində yunanlardan sərt qənaət rejimi tələb olunmuşdu.
 
Almaniyanın kansleri Angela Merkel yunanların avrozonadan çıxarılması ideyasını bəyənmir. Merkelin dediyinə görə, rəsmi Afina Avrokomissiya, Avropa Birliyinin Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu qarşısındakı öhdəlikləri həmişə, vaxtlı-vaxtında yerinə yetirib.
SİRİZA-nın qələbəsi Azərbaycanın Avropa Birliyində reallaşdırdığı və bundan sonra həyata keçirməyə çalışdığı layihələrə də təsir edəcək.
SİRİZA-nın lideri Aleksis Sipras ölkənin borclarını ödəməkdən, əslində, boyun qaçırmır. Fəqət o, ödənişlərin yalnız "yunan iqtisadiyyatı normaya düşəndən sonra" gerçəkləşməyə başlayacağını" vurğulayıb.
 
Yunanıstandakı olaylar Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki qədim Ellada Azərbaycanın təbii qazının Avropa Birliyinə nəqli üçün yeni marşrutun aralıq mərhələsi, tranzit məkandır.
 
"Cənub qaz dəhlizi" Azərbaycanın təbii qazını məhz Yunanıstan ərazisindən keçirərək Avropa Birliyinin digər ölkələrinə çıxarmalıdır.
Rusiya rəhbərliyi SİRİZA-nın qələbəsi ilə bağlı hələlik açıqlamalar verməyib və gözləmə mövqeyi tutub.
Rusiyanın "Qazprom" konserninin rəhbəri Aleksey Miller yunanlara yeni mesaj verərək deyib: "Rusiyanın təbii qazı Türkiyə-Yunanıstan sərhədinə çatdırılandan sonra onun taleyini artıq Avropanın özü həll etməlidir. Avropalı tərəfdaşlarımızın qarşısında duran əsas məsələ Türkiyə və Yunanıstan sərhədindən başlayaraq yeni qaz-nəqliyyat infrastrukturunun yaradılmasıdır".
 
Beləcə, Moskva sanki yunanları ələ salır, çünki bəhs olunan infrastrukturun yaradılması üçün borc bataqlığındakı yunanların pulları yoxdur.
"Qazprom" rəhbəri daha da irəli gedərək yunanlara ultimatum ünvanlayıb: "Bəhs etdiyim işlər görülməzsə, təbii qazımız başqa bazarlarda ola bilər".
Türkiyəyə gəldikdə isə, rəsmi Ankaranın Afina ilə münasibətlərində gərgin məqamlar çoxdur. Amma ortada təbii qaz məsələsi olduğundan, Kipr, şelfdəki təbii qaz yataqları, sərhəddəki sərt anlaşılmazlıqlar və s. kimi məsələlər avtomatik olaraq arxa plana keçir.


Və Azərbaycan...
 
Rəsmi Bakı yunan bazarında maraqlıdır. SOCAR bu yaxınlarda Afinada ofis açıb. Üstəlik, SOCAR Yunanıstanın dövlət təbii qaz nəqliyyatı və paylanması şirkəti olan DESFA-nın səhmlərinin 66 faizini 400 milyon avroya satın alıb.
 
Azərbaycan üçün DESFA "Şahdəniz" yatağında çıxarılan təbii qazın Türkiyə ərazisindən keçirilərək Avropanın cənubuna nəqli üçün nəzərdə tutulmuş Transadriatik boru kəməri layihəsinin reallaşdırılması istiqamətində çox önəmli məqamdır.
Rəsmi Bakının DESFA-ya ehtiyacı var. Amma ekspertlər hesab edirlər ki, SOCAR və DESFA arasındakı anlaşma Bakı ilə müqayisədə Afinanın özü üçün daha önəmlidir.
 
Səbəb bəlli, primitivdir: Yunanıstan iqtisadiyyatına sərmayə yatırmaq istəyən ölkələr və şirkətlərin sayı olduqca azdır. Üstəlik, SİRİZA-nın qələbəsindən sonra Yunanıstanın avrozonadan ümumiyyətlə, kənarlaşdırılması məsələsi gündəmə gətirildiyindən SOCAR-la anlaşma Afina üçün xüsusi əhəmiyyət kəsb edir.
Anlaşma rəsmiləşərsə, SOCAR "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi üçün gərəkli boru kəmərləri şəbəkəsinin Yunanıstan ərazisindəki moduluna, DESFA-nın strukturlarına nəzarət imkanlarına yiyələnəcək.
 
Yunanlar 400 milyon avro alacaq, üstəlik, SOCAR təki aktiv sərmayəçi ilə daha sıx əlaqələr quracaqlar.
Avropa Birliyi isə Azərbaycanla ticari-maliyyə əlaqələrini daha da intensivləşdirməklə yanaşı, bataqlığa yuvarlanan yunan iqtisadiyyatına 400 milyon avro yönəltmiş SOCAR-ın faktiki olaraq xilaskar rolunda çıxış etməsi ilə barışmalı olacaq.
 
SİRİZA-nın qələbəsi Avropanın cənubunda qüvvələr nisbətlərini dəyişməklə yanaşı, rəsmi Bakının planlarında zəruri dəyişiklikləri ehtiva edir.
Bundan sonra nələrin olacağını gözləməkdənsə, preventiv addımlar atmağın zamanı çatıb.
 
Orxan Hun
Milli.Az
 
































Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR