Riqa, 19 avqust, AZƏRTAC
Latviyalı məşhur bəstəkar Raymond Pauls özünün 80 illik yubileyini Moskvada yaradıcılıq gecəsi ilə qeyd etməyi planlaşdırır.
Yubiley gecəsinin gələn il fevral ayında “Krokus Siti Holl” konsert salonunda keçirilə biləcəyini vurğulayan bəstəkar deyib: “Hələlik yalnız bir konsert planlaşdırılıb. Başqa konsertlər barədə təkliflərdən imtina etmişəm. Xatirələr gecəsi təşkil etmək üçün Rusiya estradasının bütün “dinozavrlarını” - Alla Puqaçova, Layma Vaykule, Valeri Leontev və başqa artistləri bir yerə toplamaq istəyirəm. Biz müasir repertuara aid nə isə təqdim edə bilmərik. Buna görə də vaxtilə ifa etdiyimiz köhnə mahnılar səalənəcək”.
Raymond Pauls 1936-cı il yanvarın 12-də Riqada anadan olub. Musiqi təhsilini Latviya Dövlət Konservatoriyasında alıb. O, çoxsaylı estrada hitlərinin, kinofilmlərə melodiyaların müəllifidir. Onun mahnılarını Alla Puqaçova, Valeri Leontev, Sofiya Rotaru, Layma Vaykule, Larisa Dolina, Edita Pyexa, Kristina Orbakayte, Anne Veski ifa edib. Bəstəkar özünün ən məşhur mahnılarını İlya Reznik, Robert Rojdestvenski və Yanis Petersin sözlərinə yazıb. Pauls həm də gənc populyar musiqi ifaçılarının “Yurmala” Ümumittifaq Müsabiqəsinin, daha sonra “Novaya Volna” Beynəlxalq Festivalının təsisçilərindən biridir.
Bəstəkar siyasi həyatda da fəal iştirak edib. 1988-1991-ci illərdə o, Latviya SSR-in mədəniyyət naziri, 1991-1993-cü illərdə Latviyanın mədəniyyət naziri və eyni zamanda Latviya parlamentinin deputatı olub. 1999-cu ildə maestronun Latviya prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb, lakin o, öz namizədliyini geri götürüb. 2010-cu ildə Pauls siyasətdən uzaqlaşdığını bəyan edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa