Bu günlərdə dünyanın diqqətini çəkən, daha doğrusu, bütün vicdan sahiblərinin qəlbini parçalayan bir foto son illərdə özünü müsəlman adlandıran ölkərdə yaşanan fəlakətlərin ən bariz görüntüsüdür.
3 yaşında, anasının qoynunda doğma yurddan didərgin düşən bir körpə. Avropa xəyalları ilə son yolçuluğa çıxanda anası onu geyindirərkən, ola bilsin ki, "ana, indi hara gedirik?" soruşmuşdu o məsum körpə. Ana da daha gözəl ölkələrdən, geniş evlərdən, böyük oyuncaqlardan, çoxlu-çoxlu yeməklərin, tortların paylandığı ölkələrdən bəhs etmişdi. O da sevincək halda anasının boynunu qucaqlamış və xəyallar qurmaqda davam etmişdi. Amma o yolçuluq son yolçuluq oldu. Mindikləri rezin qayıq batdıqdan iki gün sonra o məsum körpənin cansız cəsədini dalğalar Bodrum (Türkiyə) sahillərinə vurdu. Dünyanın məşhur istirahət mərkəzlərindən hesab olunan Bodrum sahillərində suriyalı qaçqın bir körpənin cansız cəsədi böyük bir ibrət tablosunu xatırlatdı. Bodrum dünyanın müxtəlif güşələrindən gəlmiş turistlərin pulu su kimi xərclədiyi, gecələrin səhərə qədər barların, kazinoların dolub-daşdığı, əxlaqsızlığın hər cür görüntüsünə asanlıqla rast gəlindiyi bir ünvan olduğu halda birdən-birə dalğaların sahilə vurduğu 3 yaşlı körpənin cansız bədəni kimlər üçünsə arzuolunmaz bir mənzərə, kimlər üçünsə çox-çox yuxarılardan gələn bir xəbərdarlıq nişanəsidir. Mübarək dinimiz İslam buyurur ki, haqsız yerə bir cana qıymaq bütün bəşəriyyəti qətl etmək kimidir. O körpənin cansız cəsədi əslində neçə-neçə zalımın zülmünün ən bariz görüntüsüdür. Heç diqqət eləmisinizmi, dünyanın hansısa bir ölkəsində dalğalar bir delfin ölüsünü sahilə atanda yaşıllar, təbiəti qoruyanlar, heyvan haqları dərnəkləri yumruq kim səfərbər olub ayağa qalxırlar. Burda isə insan var, insan. Həm də üç yaşlı bir məsum. Son bir ilin statistikası göstərir ki, 4 minə qədər insanın Avropaya qaçmaq xəyalları Aralıq dənizinin dalğaları arasına gömülüb gedib. Təsəvvür edirsinizmi, 4 min insan həyatından söhbət gedir. Üstəlik də bu adamların əksəriyyəti gənclər və uşaqlardır. Suriyada Bəşər adlı bir zalımın zülmü ilə başlayan bu axın ondan daha zalım İŞİD adlı bir qruplaşmanın meydana çıxması ilə daha da sürətləndi. Zülm başa çıxanda xalq ayaqlar altında əzilir. Dəhşətə baxın ki, İslam övladları yad qapılarda sığınacaq axtarırlar. Avropa qapılarını bağlayır. İnsanlar sərhəddən-sərhədə keçə bilmək üçün hər cür təhlükəni göz altına alırlar. Bir neçə gün əvvəl Lamanş boğazının altından Fransanı İngiltərəyə bağlayan metro stansiyasında bir neçə suriyalı qaçqının görünməsi bu marşrutda hərəkətin bir neçə saat müddətinə dayanmasına səbəb olub. Suriyalıların stansiyadan çıxarılmasından sonra hər şey əvvəlki axarına düşüb.
Anqolada islam dini rəsmən qadağan olundu və o ölkədə məscidlərin bağlanılması prosesi başlayacaq.
Bütün bu saydıqlarımızı birləşdirən tək amil odur ki, hazırda dünyada İslam əleyhinə güclü bir axın müşahidə olunmaqdadır. Ciddi səylə İslamın zülm mexanizmi olmasını sübur etmək istəyən məlum ünvanlar hər gün yeni ssenari ilə meydana çıxırlar. İslam aləmində isə bu alçaq oyunlarda yer alan cahillərin sayı yetərincədir. Halbuki, "İslam" adının ifadə etdiyi məna əmin-amanlıqdır, ədalətdir, sülhdür, qardaşlıqdır, yardımlaşmadır. Göründüyü kimi əsas məsələ İslamı əsl mahiyyətinin tam əksinə oxutmaq, dünyaya yanlış bir İslam anlayışı təqdim etmək və onun yayılmasının qarşısını almaqdır.
Quranın bizlərə çatdırdığı Allah anlayışı daha çox mərhəməti, səxavəti, yaratdığı bəndələrinə sevgisi ilə tanınır. Allah-Təala (c.c.): "Mənim mərhəmətim qəzəbimi keçmişdir" buyurmaqdadır. Bəli, biz bu qədər gözəl bir dinin mənsubları və bu qədər mərhəmətli bir Allahın bəndələri olduğumuz halda hardandır bizdə bu zülm, bu kin, bu ədavət, zalımlıq? - Təbii ki, cahilliyimizdən. Anlamırıq, oxumuruq, öyrənmək istəmirik, yaxşını yamandan, xeyiri şərdən ayırmaq üçün zəhmət çəkmirik.
Din adı altında qurulmuş müəssisələr İslamı yanlış anlatmaq, insanları kölə halına gətirmək, mövcud relimə təbe etmək üçün əllərindən gələni edirlər. Halbuki, İslam azadlıq təlimidir. tam səmimiyyətlə deyirik ki, əgər bir ölkənin vətəndaşlarının iyirmi faizi dinimizi doğru-düzgün anlayıb onu yaşamağa çalışsa, o ölkədə zülmün qarşısı alınar, Bəşər kimi bir zalım heç zaman rəhbərliyə gələ bilməz. Amma neyləyəsən ki?! Dinib-tərpənib: "başınızdakına tabe olun, ona üsyan etməyin" deyə xalqın qarşısına çıxırlar və bu söylədiklərini də Qurandan aldıqlarını iddia edirlər. Amma demərlər ki, Quran "sizdən olan rəhbərlərə" deyəndə dini doğru-düzgün yaşayan, Allahdan qorxan, günahdan çəkinən başçıları nəzərdə tutur. Quran zəlilliyi, acizliyi sevmir və insanı haqqı uğrunda mübarizəyə səsləyir.
Başqa bir nümunə. Son dönəmdə dünyanı qana çalxayan bu İŞİD "kafirləri harda görsəniz öldürün" şüarı ilə meydan sulayır. Onlar da bu iddialarını Qurana bağlamaq istəyirlər. Amma Quranın məlum surasində "kafirləri" deyil, "o kafirləri" deyilir. "O kafirlər"in kimliyini isə digər ayələrdə Allah-Təala bizlərə bildirir: Sizə düşmən olan, düşmənlərinizlə sizin əleyhinizdə ittifaq quran, sizə tələ hazırlayan, sizi yurdlarınızdan çıxaran. Quranla bəşəriyyətə insanlıq dərsi keçmiş, bəşər tarixinin ən böyük müəllimi olan həzrət Muhammədin (s.ə.s.) həyatı başdan-başa insana sevginin, qardaşlığın, yardımlaşmanın, mərhəmətin nümunələridir. Məkkəlilər ona olmazın işgəncələr verdilər, illər boyunca müsəlmanları təqib etdilər, döydülər, söydülər, üç il blokada şəraitində saxladılar, hər cür məhrumiyyətə, aclığığa, susuzluğa məhkum etdilər, mal-mülk adına olan hər şeylərini əllərindən aldılar... Müsəlmanlar gecə ikən Məkkədən Mədinəyə qaçanda da təqib etdilər, yolda tutub ölüdrmək istədilər. Amma təsəvvür edin ki, Məkkənin fəthi zamanı sevimli Peyğəmbərimiz (s.ə.s.) hər kəsi əfv elədi, qisasçılıq güdməyəcəyini elan etdi.
Həzrət Həmzə kimi uca bir şəxsiyyəti şəhid edən, şəhid etməklə də kifayətlənməyən, bədən üzvlərini kəsən, sinəsini yaran, ürəyini, ciyərini çıxaran Vəhşini belə bağışladı, qisas güdmədi. Həmzə o adam idi ki, sevimli Peyğəmbərimizin ən ağır günlərində sinəsini ona sipər eləmişdi, uşaqlıq yoldaşı, süd qardaşı, doğmaca əmisi idi. Yəni hər şeyini İslam yoluna, peyğəmbərin davasına qurban etmişdi. Belə bir insana əl qaldıran, mübarək cənazəsini təhqir edən insanı bağışlamağın nə qədər böyük ürək istədiyini təsəvvür edirsinizmi? Amma Rəsulullah o çətini bacardı. Bir də ki, ondan daha böyük, daha mərhəmətli bir insan oğlunu kim görüb, kim tanıyır?
Dinimizin təbliğ etdiyi mərhəmətin, insana sevginin, düşmənçiliyin şəxsi mənfəət üçün deyil, həqiqət üşün olduğunu dünyaya nümayiş etdirən başqa bir nümunə göstərmək istəyirik sizlərə...
Bir döyüşdə Həzrət Əli (ə.s.) kafir düşməni yerə sərir və öldürmək istəyəndə kafir onun üzünə tüpürür. Həzrət Əli əl saxlayır. Düşmənindən mərhəmət gözləməyən kafir: "Mənə yazığın gəldimi, sənin mərhəmətinə ehtiyacım yoxdur", - deyə səsini qaldırdı. Həzrət Əlidən öz işini tamamlamasını istədi. Həzrət Əli onun əlindən tutub qaldırmaq istəyəndə kafir: "öldür dəə, niyə məni öldürmürsən?"- deyərək israrını davam etdirəndə eşitdiyi cavab özünü də, min il sonra gələcək bütün vicdan əhlini də heyrata düşürdü: "Bir az öncə mən səni Allahın düşməni olduğun üçün öldürəcəkdim. Sən üzümə tüpürüncə içimdə bir qəzəb kükrədiyini hiss elədim və əl saxladım. Çünki o halımla səni öldürsəydim, əvvəlki niyyətimə qəzəbimin də qarışacağından qorxdum. Mən öz düşmənlərimlə deyil, Allaha düşmən olanlarla savaşmaq üçün buradayam." Düşmən də olsa, kafir də olsa adamın könlü varmış, könlünün bir küncündə vicdan adlı bir güc gizlənibmiş, bu möhtəşəm ədalət qarşısında təslim olur və kəlmeyi-şəhadət gətirib müsəlman olur.
Bəli, həqiqəti bilməmək, ən dəşətlisi isə bilmək istəməmək və ya bu istiqamətdə addım belə atmamaq yaşadığımız fəlakətlərin ilkin səbəbidir.
"Zaman Azərbaycan"