Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatıb. Azərbaycan parlamentinin üzvləri Milli.Az-a Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdikləri qətnamə ilə bağlı münasibətini bildirib.
Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, növbəti dəfə Avropa Parlamentinin bir qrup üzvü Azərbaycana qarayaxma kampaniyasında iştirak edir: "Bu qətnamə ümumilikdə nə Avropa Parlamentinin, nə də Avropa ictimaiyyətinin mövqeyini əks etdirmir. Bu, Azərbaycana qarşı mənfi mövqedə olan Avropanın müəyyən siyasi dairələrinin cəhdidir və məqsəd Azərbaycanın müstəqil siyasətinə kölgə salmaqdır. Azərbaycanın istər daxili və xarici siyasəti Avropada müəyyən dairələrin vaxtaşırı qıcığına səbəb olub. Daxili işlərimizə qarışmaqla, əslində, onlar özlərini Azərbaycanın üzərində bir məhkəmə funksiyası götürməyə çalışırlar. Azərbaycanın demokratiyanın inkişafı, insan haqlarının qorunması istiqamətində gördüyü işlərə onlar göz yumurlar. Onlar Azərbaycanda iqtisadi problemlərin həll edildiyi, neftdən gələn gəlirlərin insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldiyi istiqamətdə görülən işləri görməməyə çalışır. Əvəzində isə Azərbaycanda bir neçə nəfər həbs olunmuş şəxsin müdafiəsinə qalxırlar və Azərbaycana siyasi təzyiq göstərməyə çalışırlar. Həmin şəxslərinsə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa və qeyri-qanuni sahibkarlığa görə həbs edilməsi faktını isə nəzərə almamağa çalışırlar. Birinci dəfə deyil ki, Avropa Parlamentinin bir qrup üzvü Azərbaycana qarşı anti-Azərbaycan bəyannaməsi qəbul edir. Birinci Avropa Oyunları ərəfəsində də onlar Avropa Parlamentinin binasını bir siyasi şou səhnəsinə çevirmişdilər. Hal-hazırda isə bu bəyanatlar qarşıdan gələn parlament seçkilərini pozmaq, həmin parlament seçkiləri haqqında dünya ictimaiyyətində yanlış təsəvvür yaratmaq cəhdidir. Ancaq bu cəhdlər yolverilməzdir. Azərbaycan ictimaiyyəti bu cür bəyənatları qəbul etmir və hesab edirik ki, bu bəyanatlar Avropada müəyyən dairələrin fikridir. Bu, ümumilikdə Avropanın fikri hesab edilə bilməz. Bu cür cəhdlərlə Azərbaycanla və Avropa Birliyi arasında möhkəm əlaqələr qurmaq mümkün deyil.
Millət vəkili Asim Mollazadənin sözlərinə görə, Avropa Parlamenti bu gün Azərbaycana qarşı olan bir ideoloji müharibənin tərkib hissəsinə çevrilib: "Təəssüf doğurur ki, Avropa Parlamenti bu gün bir sıra məsələlərə göz yumur, onlara reaksiya vermir. Amma Azərbaycanı bir hədəf kimi seçib, Azərbaycan Avropa münasibətlərinə belə bir sənədlərlə, belə bir qərarlarla xələl gətirir".
Millət vəkili Zahid Orucun sözlərinə görə, Avropa Parlamentinin qərarı, əlbəttə ki, bütün hallarda siyasi bir sənəddir və onun Azərbaycan üzərində xüsusi bir hüququ, gücü yoxdur. Lakin bununla bərabər orada Avropa Birliyinə konkret çağırışlar olduğuna, həmçinin bu siyasi sənədlərin beynəlxalq mediyada avtomatik olaraq işıqlandırdığına görə ölkə içərisindəki qüvvələr həmin beynəlxalq sənədlərdən öz maraqları üçün faydalanmağa çalışdıqları naminə bu məsləyə bizlərin də real münasibəti var. Əks halda bu sənədin üzərindən qətiyyətlə deyirəm sükutla keçmək olardı. Çünki faktiki olaraq Avropa Parlamenti hazırkı dövrü, siyasi gündəliyini qərb regionu üçün çox mühüm əhəmiyyətli məsələlərə deyil, məhz buna yönəltməsi öz-özlüyündə deməyə əsas verir ki, Azərbyacan cəmiyyətinin enerjisini, siyasi gücünü, varlığını bu məsələlərə yönəltməyə də bir ehtiyac yoxdur".
Z.Oruc bildirib ki, hələ ki, kobud səhv saydığımız bir neçə məqamı ayrıca vurğulamağa dəyər. Qeyd olunur ki, jurnalist Rasim Əliyev sosial mediyada ardıcıl olaraq Prezidenti təhqir etdiyinə görə, qəddarlıqla döyülüb və sonda həyatını itirib. Halbuki, Azərbaycanda hər kəs məlumatlıdır ki, söhbət operator Rasim Əliyevdən gedir və bir idman yarışı hadisəsi üzərindən bir futbolçu ilə münaqişəsinin inkişafı və nəticədə döyülməsi və həyatını itirməsi məsələsindən danışılır. Əksinə, ölkə rəhbərliyinin bu məsələlərə heç bir aidiyyəti yoxdur. Ən sonda isə bu hadisə ilə bağlı ehtimal olunan günahkarların dərhal istintaqa cəlb olunması və qanuni ədalətli araşdırmanın aparılması üçün məhz dövlət başçısı addımlar atıb. Belə olan təqdirdə həmin müddəa o qətnaməyə necə yol tapıb?"
"İkinci, başqa bir mühüm məsələ Avropa Birliyinin Azərbaycan üçün müəyyənləşdirdiyi 13 qrantın 11-i verilə bilməmişdir. Çünki həmin şəxslər həbsdədir kimi bir müddəadır. Sual oluna bilər, doğrudanmı bunlar öz vəsaitlərini donor mənbə kimi yalnız adlı olaraq hansısa konkret quruma yönəldəcəyini əvvəlcədən söyləyirlər. Əgər belədirsə, siyasi korrupsiya nümunəsidir. Necə ola bilər? Vəsaitlər ümumən elan olunmalıdır. Hansısa bir layihələr irəliyə sürüləndən sonra seçim komitələrindən keçib onlar qazanılmalıdır. Belə deyilsə, onda nə cür vəsait müəyyənləşdirilib? Yoxsa öncədən, sanki, bunu müştərək bir şəbəkə kimi həyata keçirməyə əvvəlcədən razılaşdırırlar və Avropa Parlamentinin içərisində də lobbi qrupları yer alıb? Deməli, bu da absurd bir məsələdir".
Aynurə Məmmədova
Milli.Az