Göygöl, 22 sentyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə sentyabrın 21-də Göygöl rayonundakı Heydər Əliyev parkında respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə rayon ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, regionlarda gənc nəslin görkəmli sənət adamlarının yaradıcılıqları ilə yaxından tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədilə keçirilən görüşdə tanınmış incəsənət ustaları, respublikanın xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Simarə İmanova, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Solmaz Kosayeva və başqaları gündən-günə gözəlləşən Göygölün füsunkar mənzərəsinə heyran qaldıqlarını söyləyiblər, maraqlı musiqi nömrələri təqdim ediblər. Görüşdə vətənimizin gözəlliklərini və müasir inkişafını tərənnüm edən şerlər də səsləndirilib.
Görüşün sonunda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək rayon sakinlərinə bəxş etdikləri xoş anlar üçün Mədəniyyət və Turizm Nazirliyinə, tanınmış incəsənət ustalarına minnətdarlığını bildirib.
Tanınmış mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüş Göygöl sakinlərinə xoş anlar yaşadıb