Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Samux şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə respublikanın tanınmış incəsənət ustalarının kənd əhalisi ilə yaradıcılıq görüşləri keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, gənclərdə mədəniyyətimizin müxtəlif sahələrinə marağının artırılması, gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olmasıdır.
Konsert proqramında iştirak edən Xalq artistləri Canəli Əkbərov, Simarə İmanova, Cəmilə Bayramova, Zabit Nəbizadə, əməkdar artistlər Gülüstan Əliyeva, Zakir Əliyev, Azad Şükürov, aktrisa Zülfiyyə İsmayılova, gənc estrada müğənnisi Vüsalə Əsgərova, musiqiçilər Altay Niftəliyev və Araz Ağaverdiyev tamaşaçılara rəngarəng musiqi nömrələri təqdim ediblər.
Yaradıcılıq görüşlərində Azərbaycanı tərənnüm edən mahnılar, şerlər səsləndirilib, ölkəmizin uğurlu inkişafında Prezident İlham Əliyevin misilsiz xidmətləri xüsusi vurğulanıb.
Tədbirdə çıxış edənlər bu cür layihələrin reallaşdırılmasını bölgələrin mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib, Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər.

