"Dinamo Kiyev"in yarımmüdafiəçisi Andrey Yarmolenko klubu ilə müqaviləsi yeniləyib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, tərəflər 2020-ci ilin oktyabrına kimi razılığa gəliblər. Yarmolenkonun əvvəlki müqaviləsi mövsümün sonunda başa çatırdı.
"Əvvəlki kimi, top-çempionatda çıxış etmək istəyirəm. "Dinamo"ya əlverişli təklif gəlsə, klub rəhbərliyi ilə ortaq fikrə gələ bilərik. İstəyirəm ki, klub transferimdən sanballı pul götürsün. Bir az gözləyib pulsuz da "Dinamo"dan gedə bilərdim. Amma bu, ölkəmə qarşı düzgün hərəkət olmazdı. Özümü peşəkar hesab edirəm.
Buna görə işimi, müqaviləmin şərtlərini yerinə gətirmək üçün tam gücümlə çalışacam. Əvvəlki kimi motivasiyam yerindədir. "Dinamo" həm daxili, həm də beynəlxalq arenada qarşısına ciddi məqsədlər qoyub. Hesab edirəm ki, birlikdə böyük işlər görürük. Bəzən uğursuzluqla da üzləşirik. Amma bunun öhdəsindən gəlmək imkanımız daxilindədir" - ukraynalı hücumçu deyib.
Qeyd edək ki, onun adı "Barselona" və "Arsenal" kimi klublarla hallanırdı. Kiyev təmsilçisi ötən yay Yarmolenko üçün "Stok Siti" və "Borussiya Dortmund"dan gələn təklifləri rədd etmişdi.
Milli.Az